Burcutmayın, Arif Əliyev, cavab verin: 1,5 milyon dollar hanı?

16 Aprel 2020 11:15 (UTC+04:00)

FAKTDAN QORXANLAR

Britaniyanın “The Guardian” qəzetinin (onun zamanında Manchester Guardian adı ilə nəşr olunurdu) əfsanəvi redaktoru Çarlz Prestueç Skottun (1846-1932) ali təhsil almış və jurnalistika sahəsində çalışan az qala hər kəsə məlum olan məşhur bir sözü var: “Şərh azaddır, fakt isə müqəddəsdir”. Madam sözümə sitatla başlayıram, bizim eranın əvvəllərində yaşamış Roma imperatoru və filosofu Mark Avrelinin bir kəlamını da xatırladım. İki səbəbə görə. Birincisi, Mark Avrelinin zamanında (121-180-cı illər) da vəba baş alıb gedirdi; ikincisi isə ona görə ki, özünü Dədə Qorqud kaftanında təqdim edənlərə cavab olaraq olduqca yerinə düşür: “Müdrikliyin başlanğıcı faktları qəbul etməkdir”.

Baş redaktoru olduğum AzNews.az saytında aprel ayının 14-də redaksiya məqaləsi yayımlanıb.

https://www.aznews.az/news/editorsdesk/253117.html

“Mediadakı “qrant mafiyası”na NED-dən 1,5 milyonluq yeni trans” adlanan məqalədə çox ciddi faktlar təqdim edilib, hətta qaynaq da göstərilib. Başlıq ona görə məhz belə qoyulub ki, oxucu söhbətin həmin qrant mafiyasının 2002-2012-ci illərdə mənimsədiyi 300 milyon dolların bir qismindən getdiyini zənn etməsin. Məqalədə bildirilir ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondu (NED) 2018-ci ildə “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım” məqsədi ilə “5-ci kolon” təşkilatlarına və nümayəndələrinə 1 milyon 59 min 53 dollar vəsait ayırıb. Eyni ad altında 2019-cu ildə həmin dairələrə adıçəkilən təşkilatdan 1 milyon 75 min 517 dollar maliyyə ötürülüb. Maraqlı burasıdır ki, hər il üzrə vəsaitin böyük qismi ölkəmizdə birbaşa və ya dolayı yolla medianın inkişafı üçün nəzərdə tutulub. Belə ki, müvafiq fondun 2018-ci ildı ayırdığı vəsaitin 751.838 dolları, keçən il isə 805.527 dolları birbaşa KİV quruluşlarına, ya da KİV-də və sosial şəbəkələrdə məlumatlandırma aparılmasına yönəldilib. Başqa sözlə, NED son iki ildə Azərbaycanda KİV-in, bloqların, söz azadlığının və informasiya təminatının “güclənməsi naminə” 1 milyon 557 min 365 dollardan keçib”.

Qaynaqlar:

https://www.ned.org/region/eurasia/azerbaijan-2018/?fbclid=IwAR1lmknBVJatVlUGxRfagKH9-3v-7EFtYzgpJkmTgbMPrAc8rAsbUEx6OMc

https://www.ned.org/region/eurasia/azerbaijan-2019/?fbclid=IwAR16jUNNVyFWxmcI9hMyr6lb7EWlvvDrp0Q8ACsUJc61WWf7i_x2f2sASCU

NED PULLARI UÇAN BOŞQABLA XƏZƏRƏ SƏPƏLƏYİB?

Məqalədə həmin vəsaiti kimlərin ala biləcəyi barədə ehtimallar irəli sürülərkən adı çəkilən “Yeni Nəsil” Jurnalistlər Birliyi adlı qondarma təşkilatın və PressKlub adlanan qrantyeyənlər dərnəyinin rəhbəri Arif Əliyev dünən bir cavab yazısı yayıb. Arif Əliyevin cavab yazısından iki nəticə çıxardım.

Gəldiyim qənaətlərdən ilki bu oldu ki, ABŞ-ın nüfuzlu “Foreing Policy” jurnalının fəaliyyətinin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə çox sıx bağlı olduğunu bəyan etdiyi (prezidenti Karl Qerşman da bunu danmayıb) NED təşkilatının rəhbərliyinin başı xarab olub. Məhz başlarının xarab olması ucbatından NED nə az, nə çox, tam 2 milyon 134 min 570 dolları yadplanetlilərin idarə etdiyi “uçan boşqab”lar vasitəsi ilə Xəzər dənizinə səpələyib.

İkinci vardığım sonuc isə bu oldu ki, Arif Əliyev insanları yuxarıda söylədiyim sarsaq varianta inandırmaq istəyəcək qədər xəstə təxəyyülə malikdir. Belə ki, yazısında o qədər nağıllar uydurub, fantaziyalar ortaya qoyub ki, Amerikanın ən məşhur jurnalist komplo nəzəriyyəçisi Aleks Conun belə, qulağına çatsa, binəvanın dili-ağzı quruyar.

YALANÇI LAP QULU MƏHƏRRƏMLİDİR!

Bu mövzuda nə Arif Əliyevə, nə də onun dərnəyinə verəcəyim hesabat var, ancaq hər iki məqalənin oxucularına bütün səmimiyyətimlə bəzi xüsusları çatdırmaq istəyirəm. Şərəfli insanlar, Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovun AzNews.az analitik-informasiya portalının xəbər siyasətinə hər hansı müdaxiləsi yoxdur, hətta məsləhətləşmə səviyyəsində olsa belə, PA-dan ayrıldıqdan sonra ondan redaksiya olaraq fəaliyyətimizdə nəzərə almağımız üçün heç bir ismarıc almamışıq. PA-da çalışdığı müddətdə də sırf şəxsi ilə bağlı bir dəfə də olsun hər hansı məlumat və yazının hazırlanmasının vacibliyinə eyham vurmayıb. Redaksiyamızda heç bir əməkdaş trol fəaliyyəti göstərməyib, bunu hazırda “AzNews”-dan ayrılmış əməkdaşlar da təsdiq edə bilərlər.

Rezonans doğurmuş məqalə mənim tapşırığımla hazırlanıb, bir qədər göz gəzdirərək sayta şəxsən özüm yerləşdirmişəm. Əli Həsənovun bu barədə öncədən heç bir məlumatı olmayıb və ola da bilməzdi. Odur ki, Arif Əliyevin düzüb-qoşduğu komplo qərəzdən və cəfəngiyyatdan başqa bir şey deyil və bir daha deyirəm, xəstə təxəyyülün məhsuludur. Qısacası, - bu yazıdan Əli Həsənovun öncədən xəbəri olubsa, mənim, olmayıbsa, Arif Əliyevin payına düşsün,- yalançı (yox, nə söyüş söyəcəm, nə də qarğış edəcəm) Fətullah Gülənin Azərbaycan mediasındakı makleri, onu “xəstə dünyanın təbibi” adlandırmış Qulu Məhərrəmli olsun!

Nəhayət, nə qurum olaraq KİVDF, nə də onun sabiq rəhbəri Vüqarlı Səfərli mənim, Anadolu türkləri demiş, umurumdadır. Axı mən niyə müdafiə edirəm Səfərlini? Bəlkə KİVDF-dən yardım almışam, yaxud özümə və başçılıq elədiyim saytın əməkdaşlarına hansısa müsabiqə çərçivəsində pul mükafatı verilib? Canları çəkirsə, qəzetlərinə yardım, əməkdaşlarına KİVDF-dən pul mükafatı almaq üçün Vuqar Səfərlinin qəbulunda növbə gözləyənlər, o sıradan 2014-cü ilə qədər həmin qurumdan yetərincə pul qoparmış Elçin Şıxlı irəli dursun, mənə nə fondun büdcə xərcləri yoxlanılır, ya yox?

KİM AÇIQ, KİM GİZLİ PUL ALIR?

İndi mən keçim mətləbə, Arif Əliyev də lap başdakı sitatları xatırlasın.

Arif Əliyev, ortada çox ciddi bir fakt var. Sizin, Tağı Əhmədov demiş, burcutmağınızla əhəmiyyətini itirməyən o fakt bundan ibarətdir ki, NED son iki ildə Azərbaycanda “KİV-in, bloqların, söz azadlığının və informasiya təminatının güclənməsi naminə” 1 milyon 557 min 365 dollar vəsait ayırıb. Adım kimi əminəm ki, həmin pullar Azərbaycanda “5-ci kolon” dediyimiz cameənin ölkə xaricindəki və daxilindəki təmsilçilərinə verilib. Çox böyük ehtimalla söyləyirəm ki, o pulun bir qismini xaricdə yaşayan “QHT nümayəndələri, jurnalist, bloqqer və ekspertlər”dən Leyla Yunus, Qənimət Zahid, Sevinc Osmanqızı, Zöhrab İsmayıl, Emin Hüseynov, Meydan TV, Rauf Mirqədirov və başqaları- Azərbaycanın hakim elitasının nümayəndələrini hər gün “söyüş atəşi”nə tutanlar alıb. NED-dən 2019-cu ildə maliyyə alan şəxslərdən biri də hazırda ABŞ-da yaşayan Milli Şuranın sədri Cəmil Həsənlidir. Lakin onun aldığı vəsaitin bizim söylədiyimiz məbləğə dəxli yoxdur, NED-in başqa bir proqramı olan Reyqan-Faskel Araşdırmaları çərçivəsindədir. Bütün hallarda, ürəyindən Azərbaycan dövlətinə rəhbərlik etmək keçən bir müxalif siyasətçinin NED-dən pul alması ayıbdır, təhlükəlidir və yaradılmasında sizin də az rol oynamadığınız Milli Şura adlanan qurumun “5-ci kolon”un lokomotivi olmasının əyani sübutudur. Bu fakt həm də ona aydınlıq gətirir ki, Milli Şura Əbülfəz Elçibəyi Sevinc Osmanqızının efirindən “DTK agenti” adlandırmış Leyla Yunusu niyə hələ də öz sıralarında saxlayır. Çünki Leyla Yunusun təqdimatı NED üçün son dərəcə mühümdür, hətta zamanında NED-dən maliyyə almış bir tanışım dünən mənə açıq dedi ki, onun qəzəbinə tuş gələn kimsə həmin fonddan bir qəpik də yardım ala bilməz. O da diqqətdən yayına bilməz ki, “Kanal-5”-in qurucularından olan Rauf Mirqədirov Leyla Yunusla sıx kontaktlara malikdir, Ramiz Yunus isə Osmanqızı TV-nin daimi ekspertlərindən biridir. Başqa sözlə, NED-dən Azərbaycandan xaricdə pul alanların kimliyini təsbit etmək, çətələrini, çevrələrini çözmək o qədər çətin deyil, amma əsas sual odur ki, ölkə içində vəsait kimlərin cibinə axıb?

NED-dən DƏSTƏK ALAN BİR NEÇƏ LAYİHƏ

NED-in pul ayırdığı layihələrin qısa xülasələrinə baxdıqda məlum olur ki, “medianın inkişafı üçün” nəzərdə tutulan 1 milyon 557 min 365 dollar vəsaitin 1 milyondan çoxu, təxminən 1 milyon 200 min dolları Azərbaycana daxil olub. Məsələn, NED 117,849 dollar qrant ayırdığı bir layihə barədə deyir:

“Azərbaycanda müstəqil mediayaya dəstək

Azərbaycanda informasiya azadlığının dəstəklənməsi. Jurnalist şəbəkəsi tərəfindən ərsəyə gətirələcək məqalələr, analitik materiallar və şərhlər təşkilatın saytında və sosial şəbəkələrdə paylaşılacaq. Bu məqalələr iqtisadi problemlər, korrupsiya, insan hüquqlarının pozulması və sosial problemlər də daxil olmaqla, hökumət tərəfindən nəzarət olunan kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmayan məsələlərə həsr olunacaq”.

Bu xırdaca təqdimat bir neçə önəmli sual yaradır:

x) Sözügedən “jurnalist şəbəkəsi” haradadır və ora kimlər daxildir? O hansı təşkilatlanmış şəbəkədir ki həm də saytı var?

x) PressKlubdan başqa yada düşən bu cür təşkilat RATİ-dir ki, onun on-layn resursunda o qədər çoxdan yenilənmə aparılıb ki, çox güman, admin sisteminə giriş parolunu belə xatırlayan yoxdur.

66,700 dollar ayrılmış başqa bir layihə barədə:

“On-layn informasiya portalı

İnsan hüquqları

Azərbaycanda siyasi məhbuslar və insan hüquqlarının pozulması ilə bağlı məlumatlılığı artırılması. Veb-saytda bu məsələlər üzrə xəbərlər mütamadi yenilənəcək və yayılacaq. İnsan hüquqları və cari işlər üzrə mütəmadi məruzələr Avropa və beynəlxalq təşkilatlara bir neçə dildə təqdim olunacaq və araşdırılacaq”.

Digər bir proyekt:

Xəbər saytı

İnformasiya azadlığı

90,000 dollar

Azərbaycanda informasiya azadlığının dəstəklənməsi. Mütəmadi olaraq ölkə üzrə xəbərlər, o cümlədən internetdə siyasi, iqtisadi və sosial mövzularda reportajlar, həmçinin iştirakçı ekspertlərin əsas məsələlər üzrə tematik məqalələri dərc olunacaq. Oxucu auditoriyası həmçinin canlı məzmun və multimedia materialları ilə sosial media platformalarına cəlb olunacaq”.

Obyektiv iqtisadi informasiyaya girişin genişləndirilməsi

İnkişaf edən bazar iqtisadiyyatı

190,000 dollar

Obyektiv iqtisadi informasiyaya çıxışı yaxşılaşdırmaq və siyasəti obyektiv təhlil etmək üçün Azərbaycan gənclərinin potensialını gücləndirilməsi. Tərəfdaş iqtisadi inkişafın əsas məsələlərinin obyektiv təhlilində Azərbaycan iqtisadiyyatına dövlət müdaxiləsinə diqqət yetirməklə iqtisadi ekspertlər və gənc iqtisadçılar qrupuna dəstək verəcək və dövlətin iqtisadiyyatda həddindən artıq rolunun təsiri barədə ictimaiyyətin dəqiq iqtisadi informasiyaya çıxışını genişləndirəcək.

DİQQƏT NİYƏ BU İSİMLƏRƏ CƏMLƏNİR?

Azərbaycan jurnalistikasında NED-dən və NED kimi müəmmalı xarici təşkilatlardan qrant almağa vərdiş eləmiş bir neçə isim var- köhnə “Al-ver”çi Elçin Şıxlı, Putinə məktub yazmaqla Azərbaycan tarixinə yeni Əliheydər Qarayev kimi düşmüş Mehman Əliyev, pritça oğrusu Arif Əliyev, sadaladığım adlar arasında yeganə intellekt daşıyıcısı olan Xədicə İsmayıl. Xədicənin bank hesabları, bildiyim qədər işlək deyil, ancaq “siyasi məhbus” temasının onun monopoliyasında olması bəllidir. Qısacası, bu ölkədə kimsə siyasi məhbuslarla bağlı NED-dən qrant alıbsa, hesabın kimin adına olmasından, məbləğin hansı yollarla ölkəyə çatdırılmasından asılı olmayaraq madumazel işin içindədir. Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev də, insafən, jurnalistikadan fərqli olaraq, qrant almaqda və üstünü malalamaqda inanılmaz istedad sahibləridirlər. İkincisi, onları hər üçü Leyla Yunusun sevimli dostları, Milli Şuranın yaradılmasında canfəşanlıq eləmiş isimlərdirlər, yəni birbaşa “5-ci kolon”durlar. Bu məsələdə də burcutmaqlarına gərək yoxdur, son 7 ildə dəfələrlə leysan yağsa da, çuxurlar örtülməyib! Üçüncüsü, 2018 və 2019-cu illərdə onların hər birinin “ictimai həyatı”nda NED-in yuxarıda təqdim olunan layihələri ilə az qala tam üst-üstə düşən hadisələr baş verib:

a) PressKlub yaranıb

b) Ayna-Zerkalo on-line yayıma keçib

c) “Turan” Agentliyi Astna.biz elektron əlavəsini işə salıb.

Nə gizlədim, vallah, mən gerçəkdən çox maraq edirəm, bu qədər işi Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev “pulsuz-pənəsiz” gördüyü halda, o qurd ürəyi yeyən kimdir ki, onları tapdalayıb NED-dən milyonlarca qrant alsın və bu saf, idealist intelligentləri qəflət yuxusuna verib xımır-xımır arxasına keçsin?

ƏGƏR ARİF ƏLİYEV SƏMİMİDİRSƏ, ONA BİR TƏKLİFİM VAR!

Arif Əliyev yazır: “Biz, ümumiyyətlə, donor təşkilatları ilə əməkdaşlığa pis baxmırıq, lakin təəssüf hissi ilə bildiririk ki, Press Klub və fərd olaraq Klubun təsisçiləri NED-dən qrant-filan almayıblar”.

Düz deyir, amma səmimi demir! Bəli, PressKlubun və onun təsisçilərinin NED-dən birbaşa, öz adlarına pul alması, istəsələr belə mümkün deyil, çünki onu hesabdan çıxarılması müşkül məsələdir. Ancaq xahiş edirəm bu ifadəyə diqqət edin: “2018-2019-cu illərdə alınıb xərclənmiş, yəqin hesabatları da bağlanmış qrantları…” Deyəsən, çoxbilmişimiz burada tələyə düşür. Axı Arif Əliyev qoca qrantyeyəndir, kim bilməsə də o çox yaxşı bilir ki, NED 2-3 aylıq layihələrə pul vermir. Yəni, 2019-cu ildə pul ayrılmış layihələrin ən azı bir qismi hələ icra olunur, hesabatları ilin ikinci yarısından tez verilməyəcək. Arif Əliyev onu da çox gözəl bilir ki, Turan Agentliyinin Contact.az layihəsi məhz NED-in pulu ilə yaranıb və həmin təşkilat, adətən, eyni partnyorlarla çalışır.

Mehman Əliyev:

"Turan received support from the Soros Foundation to distribute free news and NED to create a site Contact.az open for regular readers up to 2014".

Ancaq lap xain xoflu olar məsələni xatırladacaq şəkildə, o, tez-tələsik cəmiyyətə və müvafiq dövlət qurumlarına mesaj verir ki, əşşi, alan alıb, yeyən yeyib, əziyyət çəkib bu işin dalınca düşməyin. Əks halda, bizim redaksiya məqaləmizdə heç bir dövlət orqanlarına “bu işi araşdırın” çağırışı olmadığı halda, yumşaq desək, özündən təzə söz çıxarmazdı. Hə, bir də qrant almağa pis baxmamaq olar, ancaq onu oğrucasına, xəlvətcə almağa və mənimsəməyə mütləq pis baxılmalıdır.

Ancaq gəlin fərz edək ki, Arif Əliyev düz deyir, doğrudan da PressKlub və onun təsisçiləri NED-in son iki ildə ayırdığı pullardan bixəbərdirlər. Ancaq bir şey dəqiqdir, 1,5 milyon dollarlıq media layihələri korrupsiyasının iştirakçıları adbaad üzə çıxmayınca, töhmət altında qalanlardan biri də məhz Arif Əliyev olacaq. Mənim dərdim həqiqətin üzə çıxması, gerçəklərin bilinməsidir. Ona görə də təklif edirəm ki, bu məsələni Arif Əliyevlə birgə araşdıraq və üzə çıxardaq ki, Azərbaycanda media sektoruna ayrılmış 1,5 milyon dollardan çox pulu kimlər alıb, hara xərcləyib və nədən bu barədə açıq resurslarda heç bir məlumat tapmaq mümkün deyil. Demirsiniz ki, jurnalistik, dövlətçiyik, prezidentə, islahatlara dəstək olmaq istəyirik, şəffafıq, dürüstlük tərəfdarıyıq, nədən çəkinirsiniz? Əcəba, iki və daha çox sifətli olmanızdan qaynaqlana bilərmi bu təşviş?

Taleh ŞAHSUVARLI