Bu yaxınlarda Xalq yazıçısı Mövlud Süleymanlı aznews.az saytına verdiyi müsahibədə mənim haqqımda əcaib-qəriab fikirlər söyləyib. Həmin fikirləri təqdim edirəm: Bu yaxınlarda Xalq yazıçısı Mövlud Süleymanlı aznews.az saytına verdiyi müsahibədə mənim haqqımda əcaib-qəriab fikirlər söyləyib. Həmin fikirləri təqdim edirəm:

Xalq yazıçısının yiyəsizlik dərdi

Bu yaxınlarda Xalq yazıçısı Mövlud Süleymanlı aznews.az saytına verdiyi müsahibədə mənim haqqımda əcaib-qəriab fikirlər söyləyib. Həmin fikirləri təqdim edirəm:

“Şərif nə istəsə deyə bilər. Açığını deyim, əsərlərini oxumamışam, amma qabiliyyətli adamdır. Belə bir məsəl var, yiyəsiz mal qapı tanımaz. Bax o yiyəsizdir... Nə istəsən eləyə bilər.”

Mövlud gözəl yazıçı olub. Xüsusən, “Dəyirman”ı yazan qələm möhtəşəmdir. Bunu danmaq üçün gərək pis adam olasan. Mən də heç vaxt pis adam olmaq istəmərəm.

Nə yazıq ki, onun danılmaz istedadına rəğmən düşüncəsi həmişə qüsurlu olub. Həm də bu qüsur o səviyyədə olub ki, adamı mat-məəttəl qoyub. Həmişə fikir-xəyal eləmişəm ki, bir yazıçı, özü də qondarma yox, həqiqi yazıçı niyə belə fikirləşir?

Müsahibədə yəqin maraqlı söhbət naminə bir balaca təhrif olunaraq sual şəklinə salınan fikrim də, əslində Mövlud müəllimlə bağlı səmimi narahatlığımdan doğmuşdu.

M.Süleymanlı hardasa demişdi ki, mən hər il Bakıdan Gürcüstana gedib oradan doğulduğum kəndə baxıram və ağlayıram.

Mən də yazmışdım ki, əcəba, bu qədər problemləri olan ölkədə ağlamağa bir səbəb yoxdurmu ki, bizim tanınmış yazıçımız bundan ötrü 500 km yol gedir, hələ üstəlik başqa bir ölkənin sərhədini keçib, o ölkədən də başqa bir ölkəyə baxır.

Bilməyənlər üçün deyim, Mövlud müəllim Qərbi Azərbaycanın şimalındakı Cücəkənddə (Qızıl Şəfəq) doğulub və indiki Ermənistan ərazisinə daxil olan bu yaşayış məskəni Gürcüstandan görünür.

Təbii ki, mən torpaq itkisinin nə olduğunu yaxşı bildiyimdən dediyim fikirdə Mövlud Süleymanlının öz kəndlərinə baxıb təsirlənməsinə yox, onun şan-şöhrət və var-dövlət naminə əbədi olaraq susmasına və cəmiyyətin ən adi problemlərini belə dilə gətirməkdən çəkinməsinə etiraz etmişəm.

O isə fikrimə münasibət bildirməyib, totalitar manevrlərlə üstümə gəlir, məni eyhamlı istehzalarla aşağılamağa çalışır. Bu heç. Bunu keçirik. Bu, məsələnin şəxsi tərəfədir. Məsələnin sosial-mədəni yanları daha dəhşətlidir.

Hörmətli yazıçımızın ortaçağ dövrünün elat əhvalatlarını xatırladan ifadə tərzini oxuyanda yadıma ədəbiyyat bilicisi, insan sərrafı Vidadi Məmmədovun bir söhbəti düşdü. Ona deyiblər ki, Mövlud Süleymanlı son romanlarında folklora qayıdır. Cavab amansız olub: “Mövlud folklordan çıxmışdı ki, qayıtsın?!”

Başqa bir sərrast atəş: Mərhum Rafiq Tağı Mövlud Süleymanlının radio rəhbəri olarkən gecə-gündüz efirə verdiyi “Arzunuz başa varsın” tipli istifadə müddəti keçmiş alqışları ilə məzələnərək yazmışdı ki, Azərbaycanı düşdüyü bəlalardan qurtarsa, qurtarsa, Mövludun alqışları qurtaracaq.

Və heç bir təhqir olmayan bu cümləyə görə Mövlud Süleymanlı Rafiq Tağını ömür boyu dindirmədi.

Bəla bu da deyil əslində.

Mövlud Süleymanlının aqrar təfəkkürlü ifadə tərzi onun yazıçı azadlığına münasibətinin yanında toya getməlidir.

Demək, heç kimin adamı olmayan, tituluna baxmayaraq istənilən şəxs haqqında azad fikir ifadə edən, buna görə məhrumiyyətlər yaşayan, var-dövlətə və mükafata həsrət qalan qələm sahibi Mövlud Süleymanlının nəzərində qapı tanımayan sahibsiz mal kimidir.

Bu fikri Folknerə desən və belə bir düşüncənin istedadlı yazıçıya aid olduğunu üstünə əkləsən, yəqin əlini atıb qızdırmanı yoxlayar, həkimə müraciət etməyini məsləhət görər. Ən azı söhbəti dəyişib sənə viski və siqar təklif edər.

Mən tanıdığım dünyada yalqız olmaq, heç kimi və heç nəyi başı üstünə qaldırmamaq, əl öpməmək sənətkar üçün üstün məziyyət sayılıb.

Bizim hörmətli yazıçı hansı kitabları oxuyaraq bu qənaətə gəlib, anlaya bilmirəm. Kitab cəhənnəm, bu pirolmuş öz həmyerlisi Aşıq Ələsgərin məşhur “Yoxdu bir kimsənəm mənim” misrasını da eşitməyib?

Sual verirəm: Tolstoyun yiyəsi kim idi?

Cavabım hazırdır: Öz istedadı.

Başqa sözlə, tapındıqları, yazdıqları, inandıqları.

O, heç zaman Mövlud Süleymanlı kimi “Pulum var” deyib öyünməyib. Əksinə, qocalanda bizim xalq yazıçılarının yuxusunda da görmədiyi var-dövlətini və mülklərini kilsəyə bağışlayıb.

Xalxın yazıçıları yaşlandıqca müdrikləşir, dünya cifəsi ilə arasını soyudur, bizimkilər osminoq kimi səkkiz əllə qamarlayır, üstəlik vicdanının səsini dinləyənlərə eyhamla həqarət edir, onları axmaq sayır.

Sonra da deyirik, dünyaya niyə çıxa bilmirik.

Bu düşüncə ilə dünyaya yox e, AzTV-nin “Məclisi-üns” verilişinə də çıxa bilmərik.

Söhbəti uzatmaq istəmirəm. Mənə elə gəlir, hər şey hamıya gün kimi aydındır. Sadəcə hörmətli Mövlud müəllimə onun çox sevdiyi loru dildə bircə cümlə yazıram və bununla da yazımın jalüzünü endirirəm.

Yiyəli malın boynunda həmişə çatı olur.(qafqazinfo.az)

Şərif AG