"FETO"ÇUYA CAVAB - Professor Nəsiman Yaqublu yazır

Sosial şəbəkəlrdə başqa adlar altında ziyalılarımıza əsassız atmacalar yazmaqla məşğul olan və bu sahədə tədricən uğursuzluqla qarşılaşan, vaxtilə Az.TV-nin “Ekran” qəzetində Türkiyə dövləti və türkçülük əleyhinə olan “Fetoçuluq” şəbəkəsini təbliğ edən bir alim indi yeni “üsul” tapıb: özünün əsassız fikirlərini və şantaj atmacalarını başqa bir şəxsin imzası ilə yayıb ictimaiyyəti çaşdırmaq istəyir.

İctimaiyyətə təqdim etdiyim bir yazıda tanınmış şəxsiyyətlərdən birinin yubileyini keçirdiyimizi və orada Xalq şairi B.Vahabzadənin iştirak etdiyini yazmışdım.Həmin yubiley rəqəmi texniki qüsur olaraq “75” yox, “85” göstərilmişdi.Qeyd edirəm ki, həmin tədbir 2000-cü ilin yanvarında, professor Ş.Hüseynovun öz arzusu ilə M.Ə.Rəsulzadənin anadan olmasının 116-cı ildönümündə Bakıda keçirilmiş və B.Vahabzadə həqiqətən orada çıxış etmiş, dostu haqqında dəyərli fikirlər söyləmişdi.Həmin tədbirin də aparıcılığı mənə həvalə olunmuşdu.Tədbir haqqında həmin dövrdəki mətbuatdan da bilgi almaq mümkündür (Bax: “525-ci qəzet”, 1 fevral 2000-ci il).

Tədbirdə iştirak edənlərin də birinin adını çəkmişəm və kimin şübhəsi varsa, zəng edib məlumat əldə edə bilər.Həmin tədbirin foto-videolarını çəkmiş dostumuz Mehman bəydən də istənilən şəxs məlumat öyrənə bilər.Tədbirdə çox dəyərli insanlarımız, ziyalılarımız iştirak etmişdi:Famil Mehdi, Sabir Azəri, Məmməd İsmayıl, Teyyub Qurban və digərləri. Qeyd etdiyim kimi prof. Ş.Hüseynov onun ətrafında dolanan məddahları və yaltaqları tədbirə dəvət etməmişdi.Görünür belə gözəl ziyalı məclisinin əhvalını yüksək saxlamaq istəmişdi.Tanınmış hərbi mahnılar ifaçısı Şəmistan Əlizamanlı isə gözəl ifalar etdi orda. Yəni B.Vahabzadə həmin tədbirdə olub da, çıxış edib də! Tədbirin videosu da arxivdə saxlanılır. Həmin tədbirə dəvət almayan, o məclisə layiq bilinməyən bu “fetoçu” alim hər vasitə ilə tədbiri və onun aparıcısını kölgəyə almaq istəsə də bunun faydası yoxdur.

Həmin “feto” ruhlu alim ikinci iddianı irəli sürür: guya mən kiminsə Nizami Gəncəvi haqqında olan kitabından plagiatlıq etmişəm.Cavablandırıram: bu fakt yanlışdır və həqiqətə uyğun deyil.İndi sübut edirəm.

Böyük şairimiz N.Gəncəvinin 880 illiyi münüsibəti ilə 2021-ci ildə “Nizami Gəncəvi:Unudulmuş nəşrlər” adlı 564 səhifəlik kitabı “BP” şirkətinin layihəsi olaraq nəşr etdirdim. Həmin kitabın 2022-ci ildə “Libraff” kitab mağazasında böyük təqdimat mərasimi keçirildi. Çox dəyərli alimlərimizin də iştirakı ilə keçirilən təqdimatda tanınmış alimimiz, akademik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov çıxış edərək kitabı yüksək dəyərləndirdi və burada ilk dəfə olaraq mühacirətdə Nizami haqqında yazıların toplanılıb verilməsini xüsusi qeyd etdi.

Kitaba giriş sözü yazan çox dəyərli alimimiz, filologiya elmləri doktoru, Nəsib Göyüşov (o,Əlyazmalar instituunun əməkdaşıdır) mənim faydalı işimi kitabdakı məqaləsində bu sözlərlə ümumiləşdirir:

”Professor Nəsiman Yaqublunun tərtib etdiyi topluda haqlı olaraq mətnlərə müdaxilə edilməmiş, izah və qeydlərlə çapa təqdim olunmuşdur.Zənnimizcə, bu əsərin dəyərli qaynaq kimi nəşri təqdirəlayiq addımdır”

(Bax:”Nizami Gəncəvi:Unudulmuş nəşrlər”, B., 2021,səh.14).

Əlavə edirəm ki, bu kitabda Nizami haqqında yazmış və fikir söyləmiş 11 şəxsiyyətin yazıları toplanılıb və təqdim olunub. Türkiyə arxivlərindən ilk dəfə olaraq toplayıb kitaba daxil etdiyim Nizami haqqında çox dəyərli yazıların bəzi müəlliflərini də qeyd edirəm: Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), Məhəmməd Sadıq Aran, Əhməd Cəfəroğlu, Fatma İlgaz. Və ilk dəfə olaraq “Amerikanın səsi” radiosunda Nizami Gəncəvi haqqında olan verilişin mətnini də tapıb kitaba daxil etmişdim. Və ilk dəfə olaraq Nizami haqqında yazan qadının Fatma İlgaz olması faktı da bu kitabda təqdim edilib və s.

Eyni zamanda M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri (həcmi 402 səhifə) əvvəlki nəşrlərdəki nöqsanlardan fərqli olaraq Türkiyə türkcəsindən tərəfimizdən transliterasiya olunaraq, izahların və lüğətlərin tərtibi ilə oxuculara təqdim edilib.

Eyni zamanda kitabda tarixi ardıcıllıq gözlənilməklə Nizami aqqında ilk fikir söyləmiş 3 ədibimizin və Adil xan Ziyadxanın da (Cümhuriyyət dövrü) qısa fikirlərini (ardıcıllığın gözlənilməsi şərtilə) təqdim etdik.

Ağır bir zəhmətlə başa gətirdiyim bu kitabın əvvəl səhifəsində isə bu sözləri yazdım:

“Yazıları toplayıb nəşrə hazırlayan,Türkiyə türkcəsindən transliterasiya edən,lüğətin, izahların tərtibçisi və redaktor” (Bax:”Nizami Gəncəvi: Unudulmuş nəşrlər”, B.,”2021,kitabın titul səhifəsi).

Bəli, bu işləri mən görmüşəm və öz zəhmətimi də qeyd edirəm.Mən harda yazmışam ki, kitabın müəllifiyəm? Heç yerdə!

İndi isə “fetoçu” alimin həmin kitabda verilmiş bir əsər haqqındakı saxta və qeyri-dəqiq faktlarına aydınlıq gətirirəm. Kitabımızda Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami” kitabını da oxuculara təqdim etmişik. 564 səhifəlik kitabımızda bu əsərin həcmi 16 səhifə təşkil edir.Təbii ki, çox dəyərli olan bu kitabın müəllifini- yəni Mirzə Məhəmməd Axundovun adını, yəni bu əsərin ona məxsusluğunu iki yerdə qeyd etmişik: bir mündəricatda, bir də kitabın 65-ci səhifəsində (Bax: “Nizami Gəncəvi:Unudulmuş nəşrlər”, B., 2021, mündəricat, səh.65). Giriş məqaləmdə də onun adını ayrıca yazmışam. Yəni ən azı 3-4 yerdə həmin əsərin onun müəllifi olduğu qeyd edilib. Bəs “fetoçu” alim niyə auditoriyanı aldadıb plagiatlıqdan danışır

Həmin kitab ilk dəfə dəyərli alim Xeyrulla Məmmədov tərəfindən kiril əlifbasında 1992-ci ildə yenidən işlənib və “Ana sözü” jurnalının 1-2 saylarında nəşr edilib.Yəni bu kitabın ilk zəhmətini Xeyrulla müəllim çəkib. Onun adını da kitabın 20-ci səhifəsində qeyd etmişik. 2016-cı ildə isə filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova həmin nəşri ərəb əlifbasından latın qrafikasına çevirərək çap etdirib. 2017-ci ildə isə “Zərdabi LTD” MMC “Şeyx Nizami” əsərini ərəb və latın əlifbaları ilə, həm də rus dilində kitab halında çap edib.

Biz məhz bu son nəşrdən 16 səhifəni əhatə edən əsəri kitabımıza daxil etmişik. Yəni həmin kitabda necədirsə, toxunmadan, heç bir izah və əlavələr etmədən. Bu işi edən şəxsin T.Bədəlova olduğunu isə kitabın 20-ci səhifəsində qeyd etmişik. Həmin cümləni olduğu kimi yazıram:

”2016-cı ildə isə filologiya üzrə fəlsəfə doktoru T.Bədəlova həmin nəşri ərəb əlifbasından latın qrafikasına çevirərək çap etdirb”

(Bax:”Nizami Gəncəvi:Unudulmuş nəşrlər”, B.,2021, səh.20).

Təbii ki, burada verilən izahlar,şərhlər həmin xanımın zəhmətinin məhsuludur.

Yenə kitabda yazmışıq və T.Bədəlovanın bu işi gördüyünü belə təqdim etmişik:

”Tanınmış Azərbaycan ziyalısı və ictimai-siyasi xadimi Mirzə Məhəmməd Axundovun 1909-cu ildə Gəncədə nəşr etdirdiyi “Şeyx Nizami” kitabının çapının 2017-ci ildə “Zərdabi LTD” MMC tərəfindən əsaslı hazırlandığını diqqətə alıb həmin nəşrdən də faydalandıq”(Bax: “Nizami Gəncəvi:Unudulmuş nəşrlər”, B.. 2021,səh.16).

Təbii ki, söhbət burada T.Bədəlovanın hazırladığı işdən gedir və onun adını da 20-ci səhifədə qeyd etmişik. Burada hansı “plagiatlıqdan söhbət gedə bilər?

Kitabın nəşrindən iki il sonra, 2023-cü ildə xanım T.Bədəlova mənə və eləcə də nəşriyyata zəng edib onun adının məhz əsərin sonunda da verilməsinin daha düzgün olduğunu bildirib.Biz də xanımın istəyi ilə razılaşıb onun adını həmin yerdə də yazdıq. Yəni kitabda çap variantında bir yerdə onun adı vardı, elektron variantında isə iki yerdə onun adı saxlanıldı.

İndi bu hadisəni “fetoçu” alimin jantaj obyektinə çevirməsi cəhdi çox mənasız görünmürmü?

Deyilənə görə işlədiyi bir-neçə yerdən qovulan və ahıl çağında cəmiyyətdə özünə mövqe tapa bilməyən, plagiat və oğurluqla ondan-bundan köçürdüyü kitabın adını belə düz yaza bilməyən, qondarma adlarla sosial şəbəkələrdə ziyalılarımıza atmacalar atan,”intriqa” ustasına çevrilən, deyilənə görə doktorluğu işindən şikayətlər yazdığı şəxsi indi hər gün gəlib bağrına basan bu insana “dayan” deməyin zamanı gəlib çatıb. Deyəsən ona bu "dayan" sözünü “fetoçuluğu” təbliğ etmiş,”Ekran” qəzetində çap olunmuş yazıları deyəcək. Özü də tezliklə!

P.S.Yazıda müəllif kimi adı verilənə isə demək istəyirəm ki, belə yanlışlıqlar etmə.

Professor Nəsiman Yaqublu