- Siyasi müzakirə
- 15 İyul 19:11
- 2 949
İlyas Hüseynov: “Qarşıdakı mərhələdə qərbi azərbaycanlıların qayıdışı gündəmdədir”

“Qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirdiyi görüş sülh istiqamətində mühüm bir təmas kimi qiymətləndirilə bilər. Bu görüşdə yalnız liderlər deyil, eyni zamanda nümayəndə heyətləri də iştirak edirdi. Tərəflər arasında sərhəd təhlükəsizliyi, delimitasiya və demarkasiya, eləcə də sülh müqaviləsi ilə bağlı mühüm məsələlər müzakirə olunub, vacib tapşırıqlar verilib. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın siyasi gündəliyində bu gün öz ata-baba yurdlarından qovulmuş qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı prioritet məsələ olaraq qalır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Əbu-Dabidə keçirilən görüşün konstruktiv atmosferdə keçməsi sülh prosesinə ümidləri artırıb. Rəsmi nümayəndələrin də iştirak etdiyi danışıqlarda sülh müqaviləsi, sərhədlərin müəyyənləşməsi və digər mühüm məsələlər müzakirə olunub. Bakı və İrəvanın görüşdən sonra yaydığı bəyanatların məzmun baxımından demək olar ki, üst-üstə düşməsi xüsusi diqqət çəkib. Müzakirələr fonunda qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı məsələsinin də gündəmə gəlməsi bu mövzunun yaxın zamanda sülh danışıqları çərçivəsində müzakirəyə çıxarılacağı ehtimalını gücləndirib.
Siyasi şərhçi qeyd edib ki, qarşıdakı mərhələdə aparılacaq sülh danışıqları zamanı qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsinin də gündəmə gətiriləcəyi istisna olunmur.
“Əvvəllər bu məsələ əsasən Qarabağa ermənilərin qayıdışı kontekstində qarşı tərəfin diqqətinə çatdırılırdı. Lakin bu gün Qərbi Azərbaycan ideyası və qərbi azərbaycanlıların qayıdışı tezisi getdikcə daha da aktuallaşır. Son olaraq, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən zirvə toplantısında cənab Prezidentin proqram xarakterli çıxışı zamanı da qərbi azərbaycanlıların hüquqları məsələsinə xüsusi diqqət yetirilməsi bunu bir daha göstərdi. Bu, onu deməyə əsas verir ki, Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı Azərbaycanın siyasi gündəliyində mühüm yer tutur və bu məsələnin əhəmiyyəti getdikcə artır. Qarşıdakı dövrdə Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi baxımından qərbi azərbaycanlıların hüquqlarının və onların təhlükəsiz, ləyaqətli şəkildə geri qayıdışının Ermənistan tərəfindən təmin olunması məsələsi müzakirə predmetinə çevrilə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az