Kəlbəcərdə itkin düşmüş əmizadəm. İçimdə bir hiss var ki, ondan tezliklə xəbər çıxacaq!

Bu ərazilərə- Kəlbəcərin Bağırlı-Bağırsaq-Çəpli- Yanşaq və Qamışlı səmtinə GOOGLE MAP-dan baxanda iqlim və relyef şərtlərini təsəvvür etmək çətin olur.

Şükür olsun ki, 44 günlük İkinci Qarabağ Savaşında qazanılan tarixi qələbə ilə torpaqlarımız indi azaddır, istər kəlbəcərlilər, istər keçmiş döyüşçülər, istərsə də digər soydaşlarımız bu qutsal vətən torpağını ziyarət edə bilərlər.

Amma bu ərazilər bizim nəslimiz üçün həm də bir doğmamızdan xəbər verəcək məntəqədir.
İlham anamın əmisioğludur, orta məktəbi bitirdikdən sonra Rusiyaya hərbi xidmətə getmiş, sonra da orada qalmışdı. 1963-cü il təvəllüdlü idi. Səhv etmirəmsə, 1993-cü ilin ikinci yarısında Rusiyadan qayıtdı və az müddət sonra orduya yollandı. Həmin vaxt mən Bakıda liseydə təhsil alırdım, amma deyəsən tətil idi deyə rayonda idim. İlhamı yola salmağa mən də getmişdim. Bərdə rayon Hərbi Homissarlığında son görüşdüyü adam da mən oldum, sonra avtobusa mindi, əl eləyib getdi... Təbəssümü hələ də gözümün önündədir.

İlham Yadigar oğlu Quliyev məşhur 701 saylı briqadada, həmin briqadanın 5-ci taborunda- "Bərdə batolyonu"nda xidmət etmişdi. Gəray Əsədovun komandiri olduğu bu tabor 30 dekabr 1993-cü ildə başlanan əməliyyatla gerçək bir qəhrəmanlıq dastanı olan "Meydançay" döyüşündə qalib gəlmiş, Kəlbəcərin Yanşaq istiqamətində irəliləmiş, 1994-cü ilin yanvarın əvvəllərində Bağırlı və ətraf kəndləri düşməndən azad etmişdi. Gəray Əsədovun özündən eşitdiyimə görə, İlham bu döyüşlərdə gerçəkdən böyük şücaət göstərmiş, xüsusən yanvarın 19-da Qızılqaya yüksəkliyinin ələ keçirilməsi zamanı fərqlənmişdi.

Hadisələrin sonrakı xronologiyasının təfsilatına varmadan deyim ki, 11 fevralda ermənilər böyük bir qüvvə ilə Ağdaban kəndindən hücuma keçərək "2071" yüksəkliyini və Bağırlı kəndi ətrafındakı yüksəklikləri ələ keçirirlər. Onlar ertəsi gün Bağırsaq kəndinə daxil olurlar. Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçsə də, onlar hər dəfəsində uğursuz olur. Erməni qüvvələri hücumlarını davam etdirərək Ağqaya və "2868" yüksəkliklərini ələ keçirir. Fevral ayının ortalarında erməni qoşunları Yanşaq və Yanşaqbinə kəndlərini yenidən işğal edirlər. Erməni qüvvələri Ömər aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürür. Beləliklə, Azərbaycan qüvvələrinin təminat xətləri kəsilir və 701 saylı Motoatıcı Briqada mühasirəyə alınır.

O mühasirədən çıxmayanlardan biri də bizim İlhamdır. 31 ildir nə dirisindən xəbər var, nə şəhadətindən. Əsir və itkiş düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyası qardaşından müvafiq analizlər götürüb. 701 saylı briqadanın, o cümlədən 5-ci taborun mühasirəyə düşmüş əsgər və zabitlərinin axtarışı bəlli koordinatlarda davam etdirilir. Hələ də bilinmir: İlham və tabor yoldaşları o günlər minamyot atəşinə düşənlər arasındamı olub, azaraq donvurmaya məruz qalıb, yoxsa əsir götürülüb?!. Gümanıma görə, əsir götürülsəydi, indiyə ən azından "gördüm" deyən tapılardı. Elə sabiq komandiri Gəray Əsədovun da daha çox təxmini budur ki, minamyot atəşi altına düşüblər.

Bütün bunları niyə yazıram və niyə indi yazıram?

Bu günlərdə 701-in bir qrup keçmiş döyüşçüsü bələdçi kimi müvafiq dövlət qurumları tərəfindən Kəlbəcərə aparılıb, orada Qızılqaya yaxınlarında əsgərlərimizə aid geyim və əşyaların qalıqlarını aşkarlayıblar. Düzdür, mərhum valideynləri və həyatda olan qardaşı hələ də İlhamın sağ olmasına, ermənilər tərəfindən əsir götürülərək gizlədildiyinə inanırdılar. Amma zənnimcə bu dünyadan oğul həsrəti ilə köçmüş valideynlərin ruhuna öz qəhrəman balasının yanında uyumaq da bir təsəllidir.

İçimdə bir hiss var ki, İlhamdan çox yaxın zamanlarda xəbər çıxacaq!!!

Taleh ŞAHSUVARLI