- Siyasi müzakirə
- 19:44
- 653
“Böyük Britaniya Cənubi Qafqazda maraqlarını hərbi və iqtisadi müstəvidə genişləndirir” - Oqtay Qasımov
"Böyük Britaniyanın Cənubi Qafqazdakı maraqlarının artması təsadüfi deyil. Nəzərə alsaq ki, ölkənin bölgədə, xüsusən də Azərbaycanla əlaqələri kifayət qədər dərin səviyyədədir, bu artım təbiidir. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir və BP şirkətinin Azərbaycan enerji layihələrində iştirakı strateji əhəmiyyət daşıyır. Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Cənubi Qafqazda münaqişənin bitməsində maraqlıdır. 44 günlük müharibədən sonra isə Britaniyanın həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri dərinləşdirməyə yönəlik addımları müşahidə olunur. Bu addımlar yalnız iqtisadi deyil, həm də hərbi-texniki sahəni əhatə edir. Böyük Britaniya hər iki ölkəyə hərbi təyinatlı avadanlıqlar təqdim edir ki, bu da onun regiondakı maraqlarının geniş miqyaslı olduğunu göstərir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Xatırladaq ki, Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib. Bu barədə məlumat Böyük Britaniyanın Ermənistandakı səfirliyi tərəfindən yayımlanıb. Sözügedən posta mayor Tomas Şorland Boll təyin olunub. Məlumatda vurğulanır ki, bu tarixi addım Birləşmiş Krallıqla Ermənistan arasında tərəfdaşlığın möhkəmlənməsini göstərir və müdafiə ilə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək. Qeyd edək ki, Böyük Britaniya bu ilin mart ayında Azərbaycana da hərbi attaşe təyin etmişdi. Həmçinin, dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Azərbaycanda səfərdə olub. Dövlət başçısı onu qəbul edərək, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsinə göstərdikləri marağı vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, Britaniya paralel olaraq Mərkəzi Asiya və Türküstan coğrafiyası ilə əlaqələrini genişləndirməyə çalışır və bu istiqamətdə konkret addımlar atır.
"London həm Mərkəzi Asiyanın zəngin yeraltı sərvətlərində, həm də Çin–Avropa ticarət daşımalarının təmin edilməsində maraqlıdır və bu prosesdə əsas qlobal aktorlardan biridir. “Bir kəmər, bir yol” layihəsi faktiki olaraq Pekin–London xəttinin formalaşması deməkdir və Britaniya həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bu həm Britaniyanın Cənubi Qafqazdakı maraqlarının qorunması, həm də Mərkəzi Asiya ilə genişlənən əlaqələrin təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Gələcəkdə Pekin–London xətti üzrə layihələr və artan yük daşımalarının təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Hazırda Böyük Britaniyanın artan aktivliyi Ukrayna–Rusiya müharibəsi fonunda daha da nəzərə çarpır. Londonun Rusiyaya qarşı sərt mövqeyi, şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəiflədilməsinə hesablanıb".
Rəfiqə Namazəliyeva,
AzNews.az