- Redaktor masası
- 14:22
- 4 577
DÖVLƏT ƏDƏBİ
“Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar.”
- Prezident İlham Əliyev
Yeni təyin olunmuş Naxçıvanda xüsusi nümayəndə və icra başçılarını qəbul edərkən prezident İlham Əliyevin söylədiyi bu fikirlər yadıma yüksək vəzifəli bir məmuru saldı. İlk dəfə bir araya gəlməyimizə baxmayaraq olduqca səmimi söhbət etdik, savadına, mədəniyyətinə, təvazözakarlığına böyük sayğı duydum. Adını çəkmirəm, çünki PR təsiri bağışlaya bilər. Ancaq söhbət zamanı işlətdiyi bir ifadə hələ də qulağımdadır: DÖVLƏT ƏDƏBİ!
İllərlə bu barədə danışırıq, yazırıq, məmurlardan məhz onu umuruq. İndi məsələnin ən ali səviyyədə dilə gətirilməsi həm dövlət idarəçiliyində etik məsuliyyətin, həm də şəffaflığın vacibliyini xatırladır. Dövlətin ədəb və tərbiyə anlayışına söykənən davranış mədəniyyəti, başqa sözlə, dövlət ədəbi- məmurlar üçün fərdi məsələ deyil, dövlətin dayanıqlığının və nüfuzunun əsas şərtidir.
Dövlət ədəbi idarəçilərin özünü necə ifadə etməsini, vətəndaşla münasibətində hansı dəyərləri əsas götürməsini müəyyənləşdirir. Bu anlayış, mahiyyətcə, hakimiyyətin dəyərlər sistemini müəyyən edir.
Əgər qanun dövlətin hüquqi dayağıdırsa, ədəb onun mənəvi sütunudur. Ədəb olmayan yerdə qanun da mənasını itirir, çünki ədəb qanunu tamamlayan ruhdur.
Monteskyö yazırdı:
“Qanun, nizam və asayiş -dövlətlərin keyfiyyətini ölçən üç əsas meyardır.”
Bu fikir, əslində, dövlət ədəbinin bütün dünyada tanınan fəlsəfi əsasını ifadə edir. Qanun formadır, nizam mexanizmdir, amma asayiş həm də mənəvi intizamın nəticəsidir. Dövlət ədəbi bu mənəvi intizamı yaradır və cəmiyyətin dövlətə etimadını qoruyur.
Dövlət ədəbinin təcrübəsi dünyanın ən ciddi idarəçilik ənənəsinə malik ölkələrində özünü göstərir.
Məsələn, Yaponiyada dövlət qulluqçuları üçün əsas prinsip “xidmət fəlsəfəsi”dir. Hər bir məmur özünü xalqın xidmətçisi hesab edir. Vəzifədən sui-istifadə və ya cəmiyyətə hörmətsizlik təkcə inzibati məsələ kimi nəzərdən keçirilmir, əxlaqi biabırçılıq kimi qəbul olunur. Bu, dövlət ədəbinin cəmiyyətin az qala genetik yaddaşına çevrildiyi nümunədir.
Böyük Britaniyada isə dövlət qulluğu sisteminin əsasında “public duty”, yəni "ictimai borc" anlayışı dayanır. Burada dövlət məmurunun davranışı onun hüquqi səlahiyyətləri çərçivəsində göstərdiyi xidmət və xidmət mədəniyyəti ilə qiymətləndirilir. Əgər bir məmur öz davranışı ilə dövlətin nüfuzuna kölgə salırsa, o, siyasi məsuliyyət daşıyır. Qanunu pozmasa belə, ədəb qaydasını pozduğu üçün vəzifəsini tərk edir, istefa verir.
Eyni prinsip Azərbaycan dövlətçilik mədəniyyətində də qədim köklərə malikdir. Türk idarəçilik ənənəsində “törə” anlayışı, İslam düşüncəsində isə “ədəb” anlayışı dövlətin mənəvi çərçivəsini müəyyənləşdirib. Törələr qanunların ilkin forması, ədəb isə onun ruhu idi.
Dövlət ədəbi həm də ictimai tərbiyənin zirvəsidir. Cəmiyyətin davranış mədəniyyəti, məmurun idarəçilik tərzi və vətəndaşın dövlətə münasibəti bir-birini formalaşdırır. Əgər məmur təvazökarlıq, məsuliyyət və dürüstlük nümayiş etdirirsə, bu davranış cəmiyyətə sirayət edir. Əgər təkəbbür, laqeydlik və rüşvətxorluq baş qaldırırsa, bu, dövlətin mənəvi nüfuzunu zədələyir.
Prezident İlham Əliyevin xəbərdarlığı da məhz bu mənəvi təməl üzərində dayanır: dövlətin nüfuzunu qorumaq üçün məmur öz davranışına məsuliyyətlə yanaşmalıdır. Dövlətin adına xələl gətirən hər bir hərəkət təkcə hüquqi deyil, həm də mənəvi xəyanət sayılır.
Dövlət ədəbi həm fərdi, həm də institusional səviyyədə mənəvi nəzarət mexanizmi yaradır. Bu ədəb qorunmadıqda, dövlətin idarəçilik sistemi formal xarakter daşıyır; qorunduqda isə, dövlətin gücünə xalqın inamı daha da güc qatır.
O zaman xalq da güclü olur, dövlət də!
Məmur da güclü olur, vətəndaş da!
Taleh ŞAHSUVARLI