İran xalqları üçün azadlıq şansı: Molla rejimi tarix səhnəsindən silinir

İkinci Qarabağ savaşında ermənilər hərbi bölmələrini məktəblərə yerləşdirir, təcili tibbi yardım maşınlarında əsgər daşıyır, hətta qırmızı xaç nişanlarından qanunsuz istifadə edirdilər.

Bu kimi savaş cinayətlərinə İrandakı molla rejimi də əl qoyur.

Baş redaktor həmkarlarıma və sosial şəbəkə istifadəçilərinə səslənirəm: İran xəbər qaynaqlarının yaydığı heç bir məlumatı sorğulamadan yaymayın!

Molla rejimi çox çəkməyəcək və bölgədə tamamilə yeni proseslər gedəcək.

Millətimiz üçün, tarixi hədəflərimiz üçün böyük bir gün doğmuşdur!

Həftələr sonra İran mediasının ən üzdə olan nümayəndələri "əslində molla rejiminə qarşı mübarizə apardıqlarını" bəyan edəcəklər utanmadan. Həsən Amuli kimilər və "Səhər" kanalının həyasız anti-Azərbaycan təbliğatçıları rəsmi Bakı qarşısında üzrxahlıq növbəsinə duracaqlar.

44 günlük savaşda ordumuzun Arazboyu irəliləməsinə əngəl olanlar, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanı hədələyən SEPAH komandirləri cəhənnəmin dibində "şirin quyruğu"nu yeyəcəklər.

Bəli, müharibə pisdir, ağlı başında olan heç kəs savaşdan yana ola bilməz. Ancaq dünya savaşmadan problemləri çözmək mərhələsində deyil. Azərbaycan üçün, azərbaycanlılar üçün İran problemdir, vətənimizin və xalqımızın bir parçasını istismar edən şər imperiyasıdır.

Bu imperiya dağılacaq, dağılması ilə Ermənistan ən böyük himayəçilərinin birini itirəcək. Azərbaycana xomeyniçilik ixrac edən, ölkəmizdə təzyiq qrupları formalaşdıran, terror təşkil edən qaniçən bir rejim tarix səhnəsindən dəf olub gedirsə, buna ancaq sevinmək olar.

Bizim müstəqil Azərbaycan dövləti və xalqı olaraq nə İsraillə, nə də ABŞ-la bir problemimiz var. Tam əksinə, İsrail öz xalqı, texnoloji gücü, diasporası ilə Qarabağ savaşında yanımızda olub. ABŞ-da Tramp administrasiyasının Azərbaycana, Azərbaycan prezidentinə qarşı pozitiv bir tövrü var.

Türkiyənin pafos mediasının ağzı ilə "sionist" söhbətləri edənlər ya anlamırlar, ya da özlərini qanmaz kimi göstərirlər: İranın nüvə silahına malik olması bölgədə təhlükəsizlik arxitekturasının kökündən dəyişməsi, ilk növbədə Azərbaycan və Türkiyənin Tehranın açıq hədəfinə gəlməsi demək olardı. Qardaş Türkiyənin NATO üzvü olması və hərbi qüdrəti Azərbaycan üçün də bir şansdır. Bu qüdrətin nüvə silahı qarşısında sıfırlanmasının yaradacağı reallığı dərk etməyənlərin İrana canıyananlıq etməsi və edərkən saxta təşvişlər dövriyyəyə buraxması, xüsusilə Cənubi Azərbaycandan kütləvi köçlə bağlı manipulyasiyalar etmələri hiddətlə qarşılanmalıdır. Güney Azərbaycan köç deyil, güc məkanıdır!

ABŞ və İsrailin İrana endirdiyi zərbələr İran xalqlarının azadlıq idealına xitab edir. Həmçinin tətbiq edilən silahlar çox bahalıdır. Odur ki, İranda yüksək atəş dəqiqliyinə malik silahlarla heç bir sivil hədəf vurulmayacaq. İran xalqları bu zərbələrdən demək olar ki ziyan görməyəcək. Hədəf rejimi aradan qaldırmaq və rejimin hərbi gücünü sıfırlamaqdır. İran media resursları əks təbliğat aparacaq, amma bu informasiyaları dərhal sorğulamaq lazım. Bölgədən köç dalğası da gözlənilmir. Bizim üçün xüsusi həssas olan Güney Azərbaycanla bağlı narahat olmağa dəyməz. Çevrədəki hərbi obyektlər vurula bilər, amma heç bir Azərbaycan şəhəri bombalanmayacaq. Bir neçə günə molla rejimi gorbagor olacaq. Səbirli, tədbirli və təcrübəli Təbriz tarixə yenidən yön verərək Tehrana itaətdən xilas olacaq.

Hər zaman deyirdim ki, Tanrı məni Ağdamı, Şuşanı və Laçını görmədən öldürməyəcəyi kimi, Kəleybərdə Babəkin qalasını, Ərdəbildə Şah İsmayılın məqbərəsini, Təbrizdə Həsən padşah meydanını görmədən də canımı almayacaq.

Söhbət Güney Azərbaycana turist səfərindən getmir.

Söhbət bir millətin yaxaladığı tarixi şansın dəyərləndirilməsindən gedir.

Bu yeganə və əslində son şansdır. Birinci dünya müharibəsində Rusiyanın yenilgisi Quzey Azərbaycana istiqlaliyyət gətirdi. İndi də ABŞ qarşısında İran məğlub olacaq. Üzərimizə düşən vəzifə tarixdən ibrət almaq, zamanı düz oxumaq və milli hədəflərdən əsla yayınmamaqdır!

Taleh ŞAHSUVARLI