ChatGPT-də reklam dövrü başladı

Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan OpenAI, populyar söhbət botu ChatGPT üzərindən gəlir əldə etmək strategiyasında yeni mərhələyə keçib. Şirkət ABŞ-dəki istifadəçilər üçün reklam göstərilməsinə başladığını açıqlayıb. Bazar ertəsi elan edilən bu test mərhələsi, platformanın indiyədək reklamsız fəaliyyətində mühüm dəyişiklik kimi qiymətləndirilir.

Reklamlar ilkin mərhələdə yalnız iki istifadəçi qrupuna təqdim olunacaq. Xidmətdən ödənişsiz istifadə edən “Free” paketi abunəçiləri və aylıq 8 dollar dəyərində təqdim edilən “ChatGPT Go” istifadəçiləri reklamlarla qarşılaşacaq. “Plus”, “Pro”, “Business” və “Enterprise” paketlərinə abunə olanlar isə ChatGPT-dən reklamsız istifadə etməyə davam edəcəklər.

OpenAI, reklamların süni intellekt tərəfindən verilən cavabların doğruluğuna və tərəfsizliyinə təsir göstərməyəcəyinə dair istifadəçilərə təminat verib.

Şirkətin açıqlamasında qeyd olunub ki, reklamlar söhbətin daxilində deyil, cavabların altında “sponsorlu” etiketi ilə açıq şəkildə göstəriləcək. Həmçinin istifadəçilərin şəxsi məlumatlarının və yazışmalarının reklamçılarla paylaşılmadığı, reklamların yalnız mövcud mövzuya uyğun ümumi tövsiyələr formasında təqdim edildiyi bildirilib.

Bəzi mövzular və yaş qrupları istisna edilir

OpenAI reklam modelində etik məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb. Buna əsasən, 18 yaşdan aşağı istifadəçilərə reklam göstərilməyəcək. Sağlamlıq, psixi sağlamlıq və siyasət kimi həssas mövzularla bağlı söhbətlərdə də reklam yer almayacaq.

İstifadəçilər göstərilən reklamlara rəy bildirə, maraq dairəsinə uyğun olmayan reklamları gizlədə və ya reklamların fərdiləşdirilməsini tamamilə deaktiv edə biləcəklər.

OpenAI bu prosesi “öyrənmə və sınaq mərhələsi” kimi qiymətləndirərək, istifadəçi təcrübəsinə zərər vermədən dayanıqlı gəlir modeli qurmağı hədəflədiyini vurğulayıb.

Mövsüm,

AzNews.az