İranın qaçılmaz transformasiyası: Güc balansı Təbrizdə qurulacaq!

Böyük ideyalar böyük proseslər vasitəsi ilə reallaşır.

ABŞ və İsrailin İrana davam edən hücumları Yaxın Şərqdə böyük prosesin başlanğıcıdır.

Bəşəriyyət İrandan xilas olacaq. İran bəşəriyyət, xüsusilə bəşəriyyətin tərəqqipərvər parçası olaraq xalqımız üçün ifrat dərəcədə təhlükəli idi. Nüvə proqramını reallaşdırmağın astanasında olan İran öz proksi qüvvələr strategiyası, teokratik idarəçilik modeli və ideologiya ixracı ilə bölgədə sülh və əməkdaşlıq mühitinin yaranmasına ən böyük əngəldir. Üstəlik, beynəlxalq sanksiyalar qarşısında keçirdiyi iqtisadi tənəzzül qonşu dövlətlərə dolayı təsirlər göstərir, daxilindəki sosial böhran narkoticarət üçün baza yaradırdı.

Molla rejiminin Xəmneyinin bombalanmış iqamətgahının altına gömülməsi ilə bu təhlükələr müəyyən əlamətlərini saxlasa belə, baza şəklində ortadan qalxacaq. Fəqət təhlükələrin aradan qalxması özü-özlüyündə heç kimə rəvan bir tərəqqi yolu vəd etmir. Ən müxtəlif ssenarilər və risklər üzə çıxacaq. Tarixdən məlumdur, heç bir ssenari və risk azadlıq idealına malik toplumları çəkindirə bilməz, belə bir ideala malik olmayan toplumların isə tərəqqi prosesində yeri yoxdur.

İsrail və ABŞ dini, siyasi və hərbi elitasını dəqiq zərbələrlə sıradan çıxardığı İrana nə tərəqqi gətirəsidir, nə də azadlıq. Tərəqqi prosesinə töhfəni xalqlar ancaq tam sərbəst şəkildə öz müqəddəratını təyin etmək iradəsi ortaya qoyduqdan sonra verir. Deməli, “İran prosesi” güneyli soydaşlarımız üçün tarixi fürsət yaradır. Quzey Azərbaycanda “Kərimə dövləti” yaratmaq planı rəsmi şəkildə ifşa olunmuş Tehran mollalarının əmmamələrinə yağan bombaların səsi yeni bir dünya nizamının xəbərçisidir.

Post-Xəmneyi dövründə İranı müvəqqəti hökumətlər idarə edə, hətta Tehranda həftəaşırı hərbi çevrilişlər baş verə bilər. Zira bir şey artıq gün kimi aydındır. İran xalqlarını vahid siyasi məkanda saxlayacaq heç bir amil və zərurət yoxdur. Klerikal rejimlə yanaşı fars şovinizminin ortaya atdığı irançılıq ideologiyası da tarixə gömülür. Əsas məsələ budur!

İranla bağlı eskalasiya fonunda beynəlxalq gündəmin əsas isimlərinə çevrilmiş Donald Trump, Benjamin Netanyahu və artıq bu dünyada olmayan Əli Xəmneyi güc balansına təsir edən nəhəng aktorlardır. Lakin İran kimi mürəkkəb etno-mədəni və tarixdən asılılıq komplekslərinə malik coğrafiyada transformasiya prosesi fərqli spesifika ilə irəliləməyə məhkumdur. Keçid dövründə başına kimin gətirilməsindən asılı olmayaraq heç bir klerikal, yaxud sekulyar siyasətçi İranda legitim institutlar qura, inklüziv siyasi sistem yarada, iqtisadi resursları ədalətlə bölüşdürə, milli haqları və vətəndaş azadlıqlarını təmin edə bilməz. Elə bu səbəbdən də yaxın günlərdə müəyyənləşəcək əsas istiqamət çox önəmlidir.

  • İranda keçid kontrollu, yoxsa qeyri-sabit olacaq?
  • Mərkəzi hakimiyyətin zəifləməsi fonunda regional güclər necə təşkilatlanacaq və hansı tələblərlə meydana çıxacaq?
  • Rəsmi ideologiyası iflas etmiş totalitar bir cəmiyyət hansı dəyərləri ön plana çıxaracaq?

Bu sualların cavabı Tehranda deyil, bəli, artıq Tehranda deyil, Təbrizdədir!

Güney Azərbaycan faktoru nəzərə alınmadan və proseslərə yön vermədən İran nə dizayn edilə bilər, nə də coğrafiya dirçələr. Bu mülahizəmizin tarixi, geopolitik və milli modernləşmə ilə bağlı əsaslarının üzərində dayanmadan sadəcə onu deyək ki, əgər İranın unitar modeli legitim, federal quruluşu dayanıqlı sayıla bilməzsə, keçid hökumətlərinin ölkədə və bölgədə sabitlik yaratması mümkünsüzdürsə, Güney Azərbaycanın xalqların öz müqəddəratını təyin etmə haqqına söykənən milli və demokratik mübarizəsinin proseslərin mühərrikinə çevrilməsi qaçılmazdır.

Odur ki, hazırda cəmiyyətimizin ictimai-siyasi düşüncə sisteminə yeridilməsinə israrla cəhdlər göstərilən anti-İsrail, anti-Amerika, anti-Tramp meyilləri heç bir halda Azərbaycanlı baxışı deyil, Azərbaycanlı iradəsini əks etdirmir. Öz paytaxtının raket atəşinə tutulmasınu gözə alan İsrail, milyardlarla dollar xərc çəkərək İran ətrafında ordu cəmləmiş ABŞ “Soyuq müharibə” qalığı bir rejimi yer üzündən silirsə, deməli, Güney Azərbaycan mübarizləri enində-sonunda rəsmi və ya qeyri-rəsmi şəkildə onlarla bir masa arxasında oturacaqlar. İsrailə, ABŞ-a ölüm hayqıranlar isə SEPAH-ın ABŞ gəmisinə atdığı raketlər kimi, heç o masanın həndəvərinə belə düşə bilməzlər.

Təbrizdə də bunu yaxşı bilirlər.

Bilirlər ki, Azərbaycanın marağı bir neçə saat ərzində İranın ən qüdrətli fuqurlarını havaya sovuranlarla ideoloji qütbləşmə ilə yox, balanslaşdırılmış çoxtərəfli siyasətlə təmin oluna bilər.

Taleh ŞAHSUVARLI