“Şagirdlər inklüziv mühitə daha tez adaptasiya olunur” -Məzahir Məmmədli

"Ümumiyyətlə, artıq 2025–2026-cı tədris ilindən inklüziv şagirdlər digər şagirdlərlə birlikdə təhsil almağa başlayıblar. Bu proses Elm və Təhsil Nazirliyinin müvafiq sərəncamından sonra tətbiq olunmağa başlanıb. Burada əsas məqsəd inklüziv şagirdlərin özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələrinə şərait yaratmaq, onların gərginlik və narahatlıqlarını, heç olmasa qismən, aradan qaldırmaqdır. Qeyd etmək lazımdır ki, bu məsələdə inklüziv şagirdlərin özlərindən daha çox valideynləri narahatlıq və gərginlik yaşayırlar".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanda inklüziv təhsil təhsil siyasətində əsas prioritetlərdən birinə çevrilib. Bu sistem, müxtəlif ehtiyaclara malik uşaqların eyni məktəb mühitində təhsil almasını təmin edir və yalnız biliklərin ötürülməsinə yönəlmir. Məqsəd həm sağlam inkişaf edən, həm də xüsusi təhsil ehtiyacı olan şagirdlərin sosial və emosional baxımdan bir-birinə uyğunlaşmasını gücləndirməkdir. Eyni zamanda, məktəb mühitində hər kəs üçün bərabər imkanların yaradılması da prioritet hesab olunur. Bu yanaşma uşaqlara əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək və fərqli fərqlilikləri anlamaq imkanı verir.

Ekspert qeyd edib ki, valideynlər övladlarının cəmiyyətə adaptasiya prosesini bəzən çətinliklə qəbul edirlər.

"Maraqlı məqam isə ondan ibarətdir ki, şagirdlər bu prosesə daha tez uyğunlaşırlar. İnklüziv şagirdlərin məktəb mühitinə adaptasiyası, əksər hallarda, daha sürətli baş verir. Lakin məktəblərdə yaradılan şəraitin ideal olduğunu demək düzgün olmaz. Çünki hazırda bir çox məktəblər panduslarla tam təmin edilməyib. Fiziki məhdudiyyətləri olan, müəyyən fərqli xüsusiyyətlərə malik inklüziv şagirdlər üçün məktəbdə uyğun mühit formalaşdırılmalıdır. Ən azı, inklüziv şagirdlər üçün məktəblərdə pandusların olması vacibdir. Təəssüf ki, bu imkanlar hələ bütün məktəblərdə tam şəkildə təmin olunmayıb. Bu səbəbdən də müəyyən problemlər hələ də qalmaqdadır. Bununla belə, əsas müsbət məqam ondan ibarətdir ki, bu istiqamətdə artıq konkret addımlar atılır. Elm və Təhsil Nazirliyi inklüziv şagirdlərin cəmiyyət üçün faydalı fərdlər kimi formalaşması və digər şagirdlərlə birgə inkişaf etməsi üçün ardıcıl tədbirlər həyata keçirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az