- Siyasi müzakirə
- 19:46
- 627
“Moskvanın Zəngəzur iddiaları absurd və əsassızdır” - Elçin Xalidbəyli
“Rusiyanın və onun təmsilçilərinin Zəngəzur dəhlizi ilə bağlı iddiaları tamamilə absurd və məntiqsizdir. Çünki Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin Rusiyadan və ya İrandan keçirilməsinə dair hər hansı bir məcburiyyət, öhdəlik və ya saziş mövcud deyil. Digər tərəfdən, Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat xəttinin Rusiyadan keçməsi barədə irəli sürülən fikirlərin heç bir məntiqi əsasının olmadığı aydındır. Rusiya siyasi dairələrində artıq gərgin və panik vəziyyət hökm sürür. Onlar anlayırlar ki, Zəngəzur dəhlizi Rusiyanın təsir dairəsindən kənarda formalaşır və Moskvanın bu proses üzərində nəzarət imkanı demək olar ki, qalmayıb. Kreml hesab edir ki, əgər dəhliz açılacaqsa, bu mütləq Rusiyanın nəzarəti altında baş verməlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsinin bərpası istiqamətində işlər davam edir. Artıq Ordubad rayonunda, Ermənistanla sərhəd bölgəsində tikinti işlərinə start verilib. Paralel olaraq, Kremlin layihə ilə bağlı narahatlığı və narazılığı açıq şəkildə hiss olunur. Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay TRIPP layihəsini tənqid edərək bildirib ki, Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat marşrutları iqtisadi cəhətdən sərfəli deyil və region ölkələri arasında əməkdaşlığa zərər vurmağa xidmət edir.
Siyasi şərhçi bildirib ki, əks halda Moskva bu dəhlizin reallaşmasına mane olmaq üçün bütün imkanlarını səfərbər etməyə çalışır.
"Son hadisələr, xüsusilə avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli anlaşma göstərir ki, Zəngəzur dəhlizi Rusiyanın yox, ABŞ-ın nəzarəti altında fəaliyyət göstərəcək. Razılaşmaya əsasən, dəhlizin idarə olunmasında Amerika şirkətlərinin 99 il müddətinə xüsusi rolu nəzərdə tutulur. Bu isə layihənin həm geosiyasi, həm geostrateji, həm də geo-iqtisadi əhəmiyyətini daha da artırır. Kreml yaxşı anlayır ki, Zəngəzur dəhlizinin ABŞ və Qərbin nəzarəti altında açılması, onların Cənubi Qafqaza institusional şəkildə yerləşməsi deməkdir. Bu proses Rusiyanın regiondakı ənənəvi hegemonluğunun sonu anlamına gəlir. Məhz buna görə də Moskva Ermənistana təzyiqləri artırır və Zəngəzur dəhlizi layihəsinə qarşı daha aqressiv mövqe nümayiş etdirir. Bütün bunlar göstərir ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək taleyini dəyişə biləcək strateji layihədir. Bu dəhliz bölgədə “Rusiyasız Cənubi Qafqaz” modelinin formalaşmasına yol aça bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az