- Siyasi müzakirə
- 22:45
- 1 782
“Paşinyan sənədlərlə daxili rəqiblərinə zərbə vurmaq istəyir” - Mübariz Göyüşlü
"Hesab etmirəm ki, sənədlərin açıqlanması yeni danışıqlar formatı yaratmaq ehtiyacından irəli gəlir. Bu addım, əsasən, gələn il Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Paşinyanı ölkə daxilində ‘xain’ kimi təqdim edənlər, onu guya Qarabağı Azərbaycana təhvil verməkdə ittiham edən radikal qruplar aktiv şəkildə fəaliyyət göstərirlər. Seçki ərəfəsində bu çağırışlar Paşinyanın əleyhinə işləyə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsinə dair 13 sənəddən ibarət arxiv açıqlayıb. Onların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilmiş təkliflər, həmçinin Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktub da yer alır.
Siyasi şərhçi bildirib ki, Sarkisyan, Köçəryan, həmçinin kilsə və Petrosyan tərəfdarları Paşinyana qarşı birləşməyə çalışır və onların əsas hədəfi Qarabağ məsələsidir.
"Paşinyan isə sənədləri açıqlamaqla göstərmək istəyir ki, əslində Qarabağ məsələsi Ermənistanın ziyanına hələ illər əvvəl həll olunmuşdu. O xatırladır ki, bu proses, ehtimal ki, 1996-cı ildə artıq Ermənistanın xeyrinə olmayacaq şəkildə formalaşmışdı və Azərbaycan diplomatik mübarizədə üstünlük qazanmışdı. Beləliklə, Paşinyan rəqiblərinin əlindən arqumentləri almağa və onları susdurmağa çalışır. Onun bütün cəhdləri əsasən daxili siyasi rəqabət və qarşıdan gələn seçkilərlə bağlıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az