- Tribuna
- 13:23
- 1 392
Bu filmin ssenarisini oxuyan olmamışdımı?
Film, teatr və kino ideologiyanın kütləvi təsiri üçün istifadə olunan ən güclü alətlərdən biridir.
Hər dəfə tarixi, milli qəhrəman təhrif ediləndə və ya mənfi işıqda göstəriləndə, bu həm fərdi, həm də kollektiv psixologiyaya təsir məqsədi daşıyır.
İnsanlar daxildən tarixi , milli şəxsiyyətlətlərə hörmət hissindən uzaqlaşır , öz tarixindən qürur hissini itirir və “başqaları onlardan üstündür” ideologiyasını qəbul etməyə başlayır.
Çünki, insanın mənşəyi onun şəxsiyyətinin bir hissəsidir.
İnsanın öz xalqını təhqir etməsi şəxsiyyətinin aşağılıq kompleksinin göstəricisidir.
Bu kompleks sahibləri özünü başqalarından zəif, ağılsız, bacarıqsız, dəyərsiz olduğunu bilirlər.
Özünü qəbul etməyən belələri çox vaxt ailəsini , mədəniyyətini , xalqını , doğulduğu ölkəsini bir sözlə , kimliyinin bir hissəsi olan hər şeyi qəbul etmir.
Bu, həmin şəxsin özünü müdafiə mexanizmidir , şəxsiyyətsizliyini anlamağın verdiyi daxili ağrını qəbul etməkdənsə, onun bir hissəsi olduğu hər şeyi bütünlüklə dəyərsizləşdirməklə özünü kompensasiya yolunu tutub.
Tarixi , ədəbi şəxsiyyətləri təhqir etməklə, xalqını kiçik göstərməklə özünü üstün, fərqli göstərmək kimi primitiv bir cəhdidir.
Özü ilə hər üz-üzə qaldıqda, yararsızlığını, zəifliyini hiss etdikdə başqa birini və ya bütöv qrupu kiçiltməklə ört-basdır etməyə çalışır.
Xalqını, cəmiyyətini təhqir etməsi ona qısa müddət də olsa, özünü həmin kimlikdən uzaqlaşdırmağa “kömək” edir.
Ölkəmizdə mədəniyyət, ədəbiyyat nümayəndələri var, hər şəxsiyyət(sizlik)ləri ilə üz-üzə qalanda, daxili ağrılarını xalqını, cəmiyyətini tənqid və təhqir etməklə sakitləşdirirlər.
Fikirləşirlər ki, xalqı, cəmiyyəti tənqid və təhqir edəndə bunlar ağıllı, mədəni və ya inkişaf etmiş hesab olunacaqlar.
Bu, əslində özünə verə bilmədiyi dəyərin acısını başqalarından almağa çalışmaqdır.
Və bu təhqirlər obyektiv fikir deyil , müəllifin özünün aşağılıq hissi ilə apardığı mübarizədə istifadə etdiyi özünü müdafiə üsuludur.
Xalqda, cəmiyyətdə aşağılıq kompleksi yaratmaq təşəbbüsləri fərdi kompleksin kollektiv versiyasıdır.
Tarixi və milli kimliyə qarşı yönəlmiş belə psixoloji manipulyasiyadan ən çox sovet hakimiyyəti yerli xalqlara qarşı istifadə edib.
Mədəniyyət, kino və ədəbiyyat sahəsi çox vaxt yerli xalqların tarixi qəhrəmanları, milli liderləri və s. kimi dəyərlərini mənfi işıqda göstərmək üçün istifadə olunub.
Bu üsul, yerli mədəniyyəti dəyərdən salmaqla, bir növ mədəni devalivasiya ilə milli kimliyi zəiflətmək, kollektiv aşağılıq kompleksi aşılamaq və onları asan idarə etmək məqsədi daşıyırdı.
Məsələn, din adı altında aparılan ərəb ekspansiyasına qarşı vuruşan Babək qəhrəman lider kimi deyil, rəhbərinin (həmçinin dostu və silahdaşının ) arvadının yatağından hakimiyəti ələ keçirmiş əxlaqsız qiyamçı obrazlarda təqdim edilirdi.
Bu üsulla xalqa mesaj verilirdi ki, sizin tarixi qəhrəmanlarınız əslində dəyərsizdir, şərəfsiz və etibarsızdır.
Nəticədə, film Babəkin qəhrəmanlığından daha çox şərəfsizliyi və etibarsızlığı ilə assosasiya olunaraq, həmin dövrdə bütün sssri xalqları arasında dirçələn yerli xalqların öz tarixi ilə qürur hissini ölkəmizdə zəiflətdi və milli kimlikdə özünəinamını və marağı azaltdı.
Bu günlərdə haqqında çox danışılan, qadağan olunan film də eyni məqsədlər üçün ərsəyə gəlib…
Amma mənim bir sualım var, mədəniyyət nazirliyində bu qədər maliyyə ayırdıqları filmin ssenarisini əvvəldən heç oxuyan olmamışdı ?
Əsas sual da budur ki, atasının adı “Novxanı iclaslarının ulduzları” sırasında olmasa idi, necə olacaqdı?
Ümumiyyətlə isə, bir neçə gündür aparılan təbliğat bu film üçün ən yüksək səviyyədə reklamı artıq təmin edib.
Elə öz mediamızda, öz resurslarımız hesabına bizi təhqir edən filmin reklamını apardıq.
Güya “qadın azadlıqlarından bəhs etdiyi üçün qadağan olunmuş film kimi ...
Bu filmin , hansı siyasi və mədəni dairələrin diqqətini çəkdiyini isə yazmıram…
Yeganə Hacıyeva,
Mətbuat Şurası İH üzvü