- Müşahidə məntəqəsi
- 12:58
- 881
“Binəqədi hadisəsi psixoloji təhlükəsizlik sisteminin iflasını göstərdi” - Sona Əliyeva
“Binəqədidə 13 yaşlı yeniyetmənin ölümü təkcə bir ailənin faciəsi deyil – bu, təhsil sisteminin üzünə tutulmuş acı bir güzgüdür. Hadisə açıq şəkildə göstərdi ki, uşaqların psixoloji təhlükəsizliyi ölkədə yalnız kağız üzərində qorunur. Bu gün məktəblərdə psixoloq xidməti faktiki olaraq formal xarakter daşıyır. Bir psixoloqa yüzlərlə, bəzən minlərlə şagird düşür ki, bu da heç bir inkişaf etmiş ölkədə qəbul olunmayan yükdür. Üstəlik, psixoloqların işinin böyük hissəsi sənəd hazırlamaqdan ibarətdir; riskli qruplara aid uşaqlarla sistemli, peşəkar iş aparılmır. Çünki çox vaxt həmin mütəxəssislərin səriştəsi də kifayət etmir. Bu şəraitdə “məktəbdə psixoloji xidmət var” demək, ən yumşaq desək, özümüzü aldatmaqdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.
Xatırladaq ki, Bakının Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın mənzildə ölü tapılması və hadisə ilə bağlı ortaya çıxan detallar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Mərhumun atasının sözlərinə görə, yeniyetmə gecələr ailədən gizli şəkildə telefonda qorxulu, mistik və psixoloji gərginlik yaradan videolara baxırmış. Onun dəftərində bu təsirləri əks etdirən qorxu temalı rəsmlər də aşkarlanıb. Hadisə bir daha sosial şəbəkə məzmunlarının nəzarətsiz istifadəsi, uşaqların psixoloji təhlükəsizliyi və ailə–məktəb–mütəxəssis əməkdaşlığının zəruriliyi məsələlərini gündəmə gətirir.
Ekspertin sözlərinə görə, müəllim hazırlığı sistemində də ciddi boşluqlar mövcuddur.
"Yeniyetmədə psixoloji risk əlamətlərinin necə tanınması, sosial şəbəkə və qorxulu kontentin uşağın psixikasına təsiri, özünəqəsd siqnallarının xüsusiyyətləri hələ də kənarda qalan mövzulardır. Nəticədə uşaq gecələr mistik və qorxulu videolara baxır, dəftərində bunun izlərini çəkir, amma nə məktəb, nə də sistem bu “SOS siqnalları”nı görür. Daha acısı odur ki, sosial şəbəkə təhlükəsizliyi hələ də formal “maarifləndirmə tədbiri” səviyyəsini keçə bilmir. Bu məsələ nə kurikuluma real şəkildə inteqrasiya olunub, nə də məktəb–ailə–mütəxəssis xətti üzrə işləyən operativ protokol mövcuddur. Risk qrupuna aid uşaq aşkarlandıqda kimin nə etməli olduğu sualının sistemli cavabı yoxdur. Əgər biz belə faciələrin təkrarlanmamasını istəyiriksə, bəzi məsələləri açıq şəkildə qəbul etməliyik. Psixoloq ştatı həyati vacib xidmət kimi təşkil edilməlidir: hər məktəbdə real işləyən bir neçə psixoloq, risk aşkarlama və müdaxilə üzrə aydın mexanizmlər olmalıdır. Müəllim hazırlığı və ixtisasartırma proqramlarında psixoloji risklər və rəqəmsal təhlükəsizlik əsas istiqamətlərdən birinə çevrilməlidir. Təhsil Nazirliyi və məktəb rəhbərləri bu mövzunu bilavasitə “uşağın həyatı” məsələsi kimi dəyərləndirməlidirlər. Bu gün sistemdə olan boşluqlar sabah yeni faciələrin zəmininə çevrilir. Uşağın telefonunda nə izləməsi və şüurunda nə baş verdiyi artıq təkcə ailənin problemi deyil, bu, bütövlükdə təhsil sisteminin sınağıdır. Və bu sınaqda uduzmaq hər dəfə bir uşağın həyatı bahasına başa gələ bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az