“Peşə təhsili bəzən ali təhsildən daha çox gəlir gətirir” - Ramin Nurəliyev

“Əslində, peşə təhsilinə bağlı olaraq bu il kifayət qədər dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilib. Peşə təhsilinə bağlı ödənişsiz təhsilin fəaliyyəti genişləndirilib. Ödənişsiz təhsil plan yerlərinin artırılması isə peşə təhsilinə olan dövlət qayğısının bariz nümunəsidir. Sadəcə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, bizim cəmiyyətdə daha çox ali təhsilə maraq yüksəkdir. Hər bir valideyn istəyir ki, uşağı ali təhsil alsın. Zəif oxuyan da, zəif nəticə göstərən də, yüksək nəticə göstərən də eyni istəyir. Məhz burada ictimaiyyət ciddi şəkildə məlumatlandırılmalıdır. Təbliğat və təşviqat kampaniyaları cəmiyyətə yönəlik həyata keçirilməli və ictimaiyyət peşə təhsili barədə daha geniş məlumatlandırılmalıdır. Çünki həqiqətən də bizdə düşüncə belədir: uşaq mütləq ali təhsil almalıdır. Halbuki peşə təhsili sahələri ali təhsildən qat-qat yaxşıdır. Əgər uşaq peşə təhsili sahəsində fəaliyyət göstərirsə, peşə təhsilini bitirdikdən sonra həmin istiqamətdə fəaliyyət göstərməkla bəlkə də ali təhsili bitirdikdən sonra əldə edəcəyi gəlirdən daha çox gəlir əldə edə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman konfransda bildirib: “Peşə təhsilinə marağın artırılması cəmiyyət üçün əsas hədəflərdən biridir. Hazırda 2027–2030-cu illəri əhatə edəcək Sosial-İqtisadi İnkişaf Proqramının konsepsiyası üzərində işləyirik.” O qeyd edib ki, təkliflər hökumətə və ictimaiyyətə təqdim olunub, ali və orta ixtisas təhsili müəssisələri ilə müzakirələr aparılıb. Şöbə müdiri həmçinin yanvardan qanunvericilik bazasının yenilənməsi ilə bağlı təşəbbüslərin müzakirəyə çıxarılacağını bildirib.

Ekspert bildirib ki, bu məlumatların cəmiyyətə çatdırılması mütləqdir.

"Hətta bəzi ailələr uşağı xaricdə təhsilə göndərir, bir, iki, üç il gedir, baxır ki, oxuyub diplomunu ala bilmir, ya da diplomu tanınmır, ya da Azərbaycan ali təhsil mühitində qəbul olunmaqda çətinlik yaşayır. Belə hallarda ali təhsil müəssisəsini bitirdikdən sonra tələbələr əmək bazarına qoşulmaqda çətinlik çəkirlər və müəyyən sahələrdə fəaliyyət göstərməkdə tərəddüd edirlər. Məhz buna görə hesab edirəm ki, valideynlərin və digər müvafiq şəxslərin peşə təhsilinə yönəlik maarifləndirilməsi əsas məsələlərdən biridir. Bəli, marağın artırılması və təşəbbüslər çox yaxşıdır, lakin peşə təhsil istiqamətində geniş miqyasda maarifləndirmə mütləq həyata keçirilməlidir. Bununla yanaşı, təcrübə proqramlarına praktiki olaraq diqqət yetirilməlidir. Həm ali, həm də peşə təhsil müəssisələrində tələbələrə praktiki biliklərin çatdırılması və praktikaya yönəlik imkanların genişləndirilməsi vacibdir. Hazırda ali təhsil müəssisələrində tələbələr dörd il təhsil alır, amma bu müddətin yalnız 1 semestri praktiki təcrübəyə ayrılır. Bu göstərici beynəlxalq təcrübə ilə müqayisədə çox aşağıdır. Beynəlxalq təcrübədə ali təhsilin üçdə biri praktiki biliklərə həsr olunur. Hazırda praktiki biliklər çox aşağı səviyyədədir. Mühəndislik ixtisasları üzrə ali təhsil müəssisələri tələbələrə yetərli praktiki bilik verə bilmir, çünki laboratoriya və maddi-texniki baza çatışmır. Məsələn, inşaat mühəndisliyi ixtisasında laboratoriyalar yoxdur və kiçik inşaat sektorunu təmin edə biləcək maddi-texniki baza mövcud deyil. Maşın mühəndisliyi üzrə də analoji vəziyyət var; tələbələr praktiki biliklər əldə edə bilmir. Bu istiqamətdə müvafiq addımların atılması vacibdir. Təcrübə proqramları genişləndirilməli, tələbələr həm dövlət, həm də özəl sektorla əməkdaşlıq çərçivəsində praktiki fəaliyyətlə tanış olmalıdır. Ali təhsil müəssisələri tələbələri bir neçə istiqamətdə, bir neçə dövlət və özəl qurumda təcrübə keçməyə təşviq etməlidir. Təcrübə müddəti isə dörd ilin ən azı il yarımı olmalıdır. Beynəlxalq təcrübəyə baxdıqda, ali təhsil alanların həyatının böyük bir hissəsi praktiki fəaliyyətlərə əsaslanır. Buna görə də gənclərimiz ali təhsil müəssisələrini bitirdikdən sonra əmək bazarına qoşulmaqda çətinlik çəkmirlərsə, bunun əsas səbəbi işəgötürənlərin tələbələrin praktiki biliklərinin yetərsiz olduğunu müəyyən etməsidir. Eyni yanaşma peşə təhsilinə də tətbiq olunmalıdır. Peşə təhsilində praktiki biliklər mənimsənilməli, nəzəri biliklər minimum səviyyədə olmalıdır. Biz Sovet təhsil sistemindən uzaqlaşmalı, beynəlxalq təhsil sisteminə diqqət göstərməliyik. İnkişaf etmiş ölkələrin təhsil modellərinə baxaraq öz təhsil sistemimizi buna uyğun qurmalıyıq. Hazırda ali təhsil müəssisələrində nəzəri biliklər kitab üzərindən verilir; dərslər passiv şəkildə keçir və tələbələr yalnız kitabdan oxuyub cavab verirlər. Belə üsulla gənc praktik bacarıqlarla yetişmir".

Rəfiqə Namazəliyeva,

AzNews.az