“Ermənistanın taleyi kilsə ilə siyasi hakimiyyətin savaşında həll olunur” - Azad Məsiyev

“Ermənistanda kilsə, dövlət içində bir dövlət rolunu oynayır. Kilsə həm iqtisadi, həm siyasi, həm də hərbi gücə malik bir təşkilatdır. Tarixən erməni ideologiyası kilsə tərəfindən formalaşdırılıb və cəmiyyətə çatdırılır. Hələ Ermənistan dövləti yaranmazdan əvvəl, erməni millətini idarə edən ideologiyanı yönəldən kilsə olmuşdur. Ermənistanda siyasi hakimiyyətə gələn qüvvələr kilsə ilə əməkdaşlıq edir və kilsənin iradəsindən kənar hakimiyyət formalaşmır. Kilsə həmçinin erməni diasporası ilə sıx əlaqəyə malikdir və diasporanın fəaliyyətini yönəldir. Hazırda Ermənistanın daxili vəziyyətində gərginlik mövcuddur, bunun əsas səbəbi isə siyasi hakimiyyət ilə kilsə arasındakı fikir ayrılığıdır. Paşinyan hakimiyyətini qorumaq üçün kilsəni neytrallaşdırmaq istəyir. Onu hakimiyyətə gətirən qüvvələr Paşinyana təlimat veriblər ki, dini kilsəni dövlətdən asılı vəziyyətə gətirsin”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ermənistanda siyasi gərginlik daha da dərinləşib. Son həftələrdə baş nazir Nikol Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma yeni mərhələyə keçib. Baş nazirin kilsə rəhbərliyini açıq şəkildə ittiham etməsi, onları anti-dövlət qüvvələrinə çevrilməkdə günahlandırması və bir neçə yüksək rütbəli din xadiminin həbs olunması cəmiyyətdə geniş rezonans yaradıb. Kilsə tərəfdarlarının hökuməti dini institutlara müdaxilə etməkdə günahlandırması fonunda bu qarşıdurma artıq sadəcə siyasi çəkişmə deyil. O, Ermənistanın dövlət idarəçiliyinə, ictimai sabitliyinə və milli kimlik məsələlərinə təsir edən genişmiqyaslı böhrana çevrilməkdədir.

Siyasi şərhçi bildirib ki, Ermənistan siyasi hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılığı mövcuddur.

"2026-cı il parlament seçkilərində Paşinyan üçün əsas rəqib kilsə olacaq, çünki kilsənin dəstəklədiyi siyasi partiya və ya lider hakimiyyətə gələ bilər. Paşinyan buna görə indidən hazırlıq görür və kilsəni neytrallaşdırmağa çalışır. Buna baxmayaraq, kilsə hələ də dövlət üçün bir dövlət olaraq qalır və Ermənistanda real gücə malikdir. İdeoloji baza kilsədə formalaşır; “dənizdən dənizə Böyük Ermənistan” ideyası uzun illər ərzində kilsə tərəfindən irəli sürülüb və erməni millətinin şüurunda kök salıb. Qısa müddətdə bu ideologiyanı dəyişmək mümkün deyil. 44 günlük Vətən savaşından sonra Cənubi Qafqazda yeni siyasi situasiya yaranıb. Azərbaycan prezidenti tərəfindən formalaşdırılan bu yeni şəraitdə Ermənistan ya uyğunlaşmalı, ya da ciddi təlatümə səbəb olacaq. Ermənistan qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərini düzgün qurarsa, dövlət kimi varlığını davam etdirə bilər. Əks halda, yeni avantürist siyasət torpaq iddiaları ilə nəticələnər və Ermənistan çətin vəziyyətə düşər. Ermənistanda hazırda lobbilər arasında da ciddi mübarizə gedir. Tarixən erməni lobbiləri, həm Qərb (ABŞ və Avropa), həm də Rusiya qanadları kilsə tərəfindən yönləndirilirdi. 44 günlük Vətən savaşından sonra bu lobbilər arasında fikir ayrılığı yaranıb. Ermənistanın gələcək taleyi hansı qütbün nəzarətində olacağı sual altındadır. Tarixən ermənilər müstəqil olmayıb, böyük güclərin əlində alətə çevrilərək məqsədlərinə çatıb. İndiki halda da Paşinyan Ermənistanı Qərbin, xüsusilə ABŞ-ın himayəsi altında inkişaf etdirmək istəyir, Rusiya yönümlü lobbilər isə Rusiya ilə əlaqələri gücləndirmək niyyətindədir. Kilsənin mövqeyi də bu məsələdə mühümdür. Kilsə gələcəkdə “Böyük Ermənistan” ideyasını həyata keçirmək istəyir, Paşinyan isə real Ermənistan konsepsiyasına uyğun siyasət yürütmək niyyətindədir. Azərbaycanla konfrontasiyaya girilərsə, Ermənistanın dövlət varlığı sual altına düşə bilər. Kilsə həm iqtisadi, həm siyasi, həm də hərbi gücə malikdir. İdeoloji bazanı formalaşdırır, maliyyə imkanlarına malikdir və hətta öz himayəsində olan bəzi terror təşkilatları vasitəsilə məqsədlərinə çatmaq gücünə malikdir. Əgər Paşinyan ilə kilsə arasındakı fikir ayrılığı pik həddinə çatarsa, kilsə hərbi gücündən istifadə edərək Paşinyanı təzyiq altında saxlaya bilər. Buna görə də Paşinyan çalışır ki, kilsənin gücünü neytrallaşdırsın, özünə olan təhlükə mənbəyini aradan qaldırsın və 2026-cı il parlament seçkilərində hakimiyyətdə qalsın. Hazırkı vəziyyətə görə, 2026-cı il seçkilərində Ermənistanda böyük bir təlatüm gözlənilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az