“Türkiyə–İran münasibətləri əməkdaşlıq və rəqabət arasında yeni mərhələyə keçir” - Aytən Qurbanova

“Son aylarda regiondakı proseslərə diqqət yetirdikdə aydın görünür ki, Tehran–Ankara xəttində müşahidə edilən artan diplomatik fəallıq təsadüfi deyil. Bu dinamikanın arxasında həm dəyişən regional nizam, həm də Orta Şərqdə formalaşmaqda olan yeni güc balansına uyğunlaşma prosesi dayanır. Belə ki, indiki mərhələdə Orta Şərq dərin transformasiya mərhələsindən keçir. ABŞ-ın bölgədə nisbi təsirinin azalması, İsrail–HƏMAS münaqişəsinin yaratdığı qeyri-müəyyənlik, enerji marşrutlarının təhlükəsizliyinə yönəlmiş risklər həm Türkiyəni, həm də İranı daha fəal koordinasiyaya məcbur edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, son vaxtlar regionda baş verən proseslər fonunda Tehran–Ankara xəttində artan diplomatik təmaslar xüsusilə diqqət çəkir. Hər iki ölkənin Yaxın Şərqdəki dəyişən güc balansına verdiyi reaksiyalar və maraqlarının müəyyən məqamlarda üst-üstə düşməsi bu mövzunu daha da aktuallaşdırır. Bununla belə, bu dinamikanın arxasında hansı motivasiyaların dayandığı hələ də müzakirə mövzusudur.

Siyasi şərhçi qeyd edib ki, hər iki ölkə yaxşı anlayır ki, bölgədə nəzarətdən çıxan xaos onların təhlükəsizlik mühitini zəiflədə bilər.

"Bu dialoqun arxasında müəyyən ortaq maraqlar da dayanır; ən mühüm məqam isə terror və separatizm təhlükəsidir. Eyni zamanda unutmamaq lazımdır ki, Türkiyə və İran arasında tarixi rəqabət xətti qalır və bir sıra məsələlərdə ziddiyyətlər daha aydın müşahidə olunur. Nəticə etibarilə, Türkiyə–İran dinamizminin yaxın gələcəkdə həm əməkdaşlıq, həm də rəqabət elementlərinin balanslaşdırıldığı yeni mərhələyə keçməsi istisna edilmir".

Rəfiqə Namazəliyeva,

AzNews.az