- Pullu iş
- 15 İyul 20:40
- 2 132
Torpaq münasibətlərinin islahatı iqtisadi sabitliyə necə təsir edəcək? - ŞƏRH

Azərbaycanda Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə işçi qrupun ilk iclası keçirilib. İclasda konseptual yanaşmalar, idarəetmə sahəsində beynəlxalq təcrübənin tətbiqi və torpaqdan istifadə qaydalarının yenilənməsi məsələləri müzakirə olunub. Əsas diqqət müasir çağırışlara uyğun qanunvericilik çərçivəsinin formalaşdırılması və torpaq idarəçiliyində effektivliyin artırılmasına yönəlib. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, yeni konsepsiyada iqlim dəyişikliyi, təyinatdan kənar istifadələr və xüsusilə də özbaşına tikililərə qarşı nəzarət mexanizminin yaradılması əsas prioritetlər sırasındadır.
Aznews.az şərh edir ki, torpaq üzərində nəzarətin gücləndirilməsi və özbaşına tikililərə qarşı hüquqi mexanizmlərin dəqiqləşdirilməsi yalnız inzibati deyil, iqtisadi baxımdan da təsirlidir. Belə ki, torpaq istifadəsində şəffaflığın artırılması və hüquqi boşluqların aradan qaldırılması torpaq bazarında riskləri azaldaraq uzunmüddətli planlaşdırma üçün əlverişli mühit yaradır. Bu da həm ictimai, həm də özəl sektor üçün torpaqla bağlı investisiya qərarlarının daha əsaslı şəkildə verilməsinə imkan verəcək. Eyni zamanda, özbaşına tikililərin qarşısının alınması infrastrukturun düzgün planlanmasına və torpaq resurslarının strateji istifadəsinə töhfə verə bilər.
Müzakirələrdə həmçinin torpaq kadastr uçotunun səmərəliliyinin artırılması və idarəçilikdə müasir yanaşmaların tətbiqi istiqamətində təkliflər irəli sürülüb. Bütün bu yanaşmalar, birgə götürüldükdə, torpaq münasibətlərində intizamın və məsuliyyətin artmasını, eyni zamanda hüquqi və iqtisadi sabitliyin möhkəmlənməsini təşviq edir.
Nuray,
Aznews.az