İlham Əliyevin yeni strateji vizionu və cəmiyyəti süni problemlərlə yükləyənlər

Ötən il məsuliyyətli ovçuluğun təşviqi üçün sədri olduğum “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimi Birliyi yaxşı bir layihə həyata keçirdi. Layihə çərçivəsində Dəyirmi Masa təşkil etdik. Tədbirə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, millət vəkillləri, ictimai sektorun tanınmış təmsilçiləri, ekoloqlar, hüquqşünaslar qatılmışdı. Geniş müzakirələr aparıldı. Söz cərimələrin qaldırılmasından düşdü. Demək olar ki, hər kəs bir məsələdə həmfikir oldu ki, cərimələrin məbləğinin yüksəldilməsi ilə bu problem həllini tapmayacaq, kompleks tədbirlərə ehtiyac var.

Eyni yanaşma digər sahələrə də aiddir. Sosial münasibətlərin nizamlanmasında qanunların işləməsi üçün əvvəlcə o qanunların təkmil şəkildə qəbul edilməsi, gerçək ehtiyaclardan doğması, aydın və dəqiq olması, nəhayət güzəştsiz icra edilməsi lazımdır. Mən sağ mərkəzçi bir demokrat, jurnalist və ictimai fəal kimi hüququn aliliyinə inananlardanam, ölkəmizin gerçək bir hüquq dövlətinə çevrilməsi üçün çalışıram. Ölkəmizdə orta təbəqənin ən müxtəlif inzibati qurumlar və publik hüquqi şəxslər tərəfindən daimi stress altında saxlanılması, nəticədə hüquqa etimadın azalması məni olduqca narahat edir. Prezident İlham Əliyev dəfələrlə ölkədə ictimai nəzarətin güclənməsi zərurətindən danışıb. Bu, cəmiyyətə, intellektuallara, vətəndaş cəmiyyətinə bir çağırışdır. Bu çağırışla dövlət başçısı bizi mövcud problemlərə daha həssas, daha fundamental yanaşmağa səsləyir. Əlbəttə, nə qədər həyat var, cəmiyyət var, problemlər olacaq. Bu, qaçılmazdır! Ancaq cəmiyyəti süni problemlərlə yükləməyə də gərək yoxdur.

Cəmiyyətin üzləşdiyi süni problemlərin ən böyüyü təhsil və karyera imkanları ilə bağlıdır. Dövlət İmtahan Mərkəzinin, Ali Attestasiya Komissiyasının, Elm və Təhsil Nazirliyinin yaratdığı çoxsaylı qurumların sayəsində “sosial lift” iflic olub, ali məktəb diplomları yalnız sertifikasiya sınaqlarına girmək üçün buraxılış qəbzinə çevrilib. Uzağa getməyəcəm, kimin imkanı varsa, magistraturaya qəbul üçün ixtisas seçimlərinə həsr olunmuş “Abituriyent” jurnalının 4-cü sayına baxsın. DİM-in çap etdiyi bu xüsusi buraxılış açıq-aşkar təsdiq edir ki, magistraturaya qəbul olunmaq, başqa sözlə, elmi tədqiqatlara yönəlmək üçün çoxsaylı labirintlərdən keçmək lazımdır.

Müasir beynəlxalq təcrübədə bu məsələ necə tənzimlənir? Məsələn, Avropada "sadə seçim - birbaşa ixtisas - şəffaf qəbul" prinsipi işləyir. Azərbaycanda isə “çətir proqram- çoxsaylı ixtisas - qeyri-müəyyən yerləşmə” mexanizmi çaşqınlıq yaradır. Magistratura ixtisaslaşmaq, daha dərin bilik qazanmaq, elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək, akademik karyera qazanmaq üçündür. Bunun xaricində magistr təhsilinin elə bir önəmi yoxdur, bütün məzunların akademik karyera qurmaq kimi bir istəyi də ola bilməz. Odur ki, bu qədər məşəqqət yaratmağa, elmə, tədqiqata həvəsli gənclər üçün çoxsaylı baryerlər quraşdırmağa nə hacət? Əksinə, həm magistratura üzrə plan yerlərinin sayını artırmaq, həm də qəbulu DİM-dən alıb daha sadə, daha şəffaf, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edən mexanizmlər qurmaqla universitetlərin özünə qaytarmaq lazımdır.

Eləcə də doktoranturaya qəbul və müdafiə şərtləri kökündən dəyişməlidir.

Eləcə də dövlət qulluğuna qəbul üçün DİM-in məzunlardan BDU-nun hüquq fakültəsinin proqramını tələb etmək vərdişinə son qoyulmalıdır.

Süni İntellektin bütün insanlıq tarixini yenidən inşa etdiyi bir dövrdə formal tələblərin ətəyindən yapşıb əsl həyati çağırışları görməmək bizi gələcəkdə rəqəmsal koloniyalara çevirə bilər. Qapımızın önündə dayanan, bizə böyük fürsətlər, eyni zamanda ciddi risklər yaradan Süni İntellektə Azərbaycan dilində son dərəcə geniş datalar lazımdır. Süni intellektin sürətlə həyatımıza daxil olduğu bir dövrdə Azərbaycan dilinin bu texnologiyalarda yer alması strateji əhəmiyyət daşıyır. Bu məqsədlə dilimizin geniş, keyfiyyətli və müxtəlif məlumat bazaları ilə süni intellekt modellərinə daxil edilməsi vacibdir. Əks halda, texnologiyada görünməyəcəyik, milli kimliyimiz və informasiya müstəqilliyimiz təhlükə altına düşəcək. Belə bir data bazasının yaradılması üçün isə, indikindən qat-qat çox magistrə, doktoranta, elmi dərəcə almış tədqiqatçıya ehtiyacımız var.

Bəli, formalizmdən qurtulmalı, təşəbbüskarlığa meydan açmalıyıq. Milli hüquq sistemimiz, inzibati fəlsəfəmiz, sosial münasibətlər strukturumuz bu amala xidmət etməlidir. Bu amal, yəni təşəbbüskar, düşünən, dəyər yaradan və ölkəsini zamanın çağırışlarına hazırlayan bir cəmiyyət qurmaq hədəfi idarəçilikdə innovasiyanın, hüquqda ədalətin, təhsildə azadlığın və iqtisadiyyatda rəqabətin təmin olunmasını tələb edir. Bu tələbat iştirakçı və məsuliyyətli vətəndaş modeli ilə ödənilə bilər. Məhz buna görə də ciddi-ciddi düşünməliyik: Biz nə qədər innovativ cəmiyyətik?

Prezident İlham Əliyev innovativ cəmiyyət quruculuğunu Azərbaycan dövlət siyasətinin strateji prioritetlərindən biri kimi irəli sürür, bu istiqamətdə sistemli və məqsədyönlü çağırışlar edir, qərarlar verir. Onun son illərdəki çıxışları və qərarları göstərir ki, ölkədə rəqəmsal texnologiyaların tətbiqi, Süni İntellektin inkişafı, elmin və təhsilin müasirləşdirilməsi, şəffaf və çevik idarəetmə modellərinin qurulması, gənclərin təşəbbüskarlığının dəstəklənməsi və innovativ fəaliyyətə cəlb olunması prioritet istiqamətlərdəndir. Bütün bu hədəflərin mərkəzində isə insan kapitalının gücləndirilməsi dayanır. Prezident dəfələrlə qeyd edib ki, postneft dövründə Azərbaycanın əsas strateji sərvəti məhz hazırlıqlı, bilikli, çevik və yaradıcılığa açıq insan resursudur. Başqa sözlə, Prezidentin təşəbbüsləri ilə formalaşan yeni strateji vizion Azərbaycanın yalnız texnoloji deyil, intellektual və hüquqi baxımdan da innovativ cəmiyyətə çevrilməsi istiqamətində real əsaslar yaradır.

İlham Əliyevin yeni strateji vizionunun açar ismi düşünən azərbaycanlı və düşünən azərbaycanlılardan ibarət orta təbəqədir. Bu təbəqə həm sosial sabitliyin təminatçısı, həm də ictimai dinamizmin daşıyıcısı kimi çıxış edir. Prezidentin siyasətində orta təbəqənin iqtisadi aktivliyi, hüquqi müdafiəsi, maariflənməsi və ictimai iştirakçılığı ilə bağlı atılan addımlar bu vizionun tərkib hissəsidir. “Düşünən azərbaycanlı” modeli yalnız texniki biliklərlə deyil, dövlətçilik şüuru, milli kimlik və qlobal bacarıqlar balansı ilə formalaşmalıdır. Bu isə məktəbdən başlayaraq universitetlərə, karyeradan ictimai institutlara qədər hər bir sahədə sistemlilik və təşviqedici mühit tələb edir. İnzibati metodların layiqliləri boğmadığı, təşəbbüskarlığın məhkəmələrdən çəkinmədiyi o mühitin formalaşmasına isə hər birimiz töhfə verməliyik. 44 günlük savaşda olduğu kimi, elm, texnika və innovasiya mücadiləmizdə də qələbəmizi MİLLİ ŞÜUR, MİLLİ LƏYAQƏT, MİLLİ HƏMRƏYLİK təmin edəcək.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru