Bir müsahibədə açıqlanan iki liderə simpatiya

Bir ölkənin Prezidentinin eyni intervüdə iki aralarında böyük gərginlik olan dövlətin başçılarına açıq rəğbətini bildirməsi həddən artıq az rast gəlinən haldır. Vaxtınızı çox almayım, söhbət cənab İlham Əliyevin ABŞ və İran prezidentləri haqda "Əl-Ərəbiyyə" kanalındakı açıqlamasından gedir. Özü də onların hər ikisinə də yanaşmada sərgilənən simpatiya dəstək xarakterlidir. Çünki Donald Tramp da, Məsud Pezeşkian da doğru bildikləri siyasəti yeridərkən böyük dirənişlə üzləşirlər. Onlara dirəniş göstərənlər bizim regionda gedən proseslərə də həmişə ədalətsiz və haymərkəzli mövqe bildiriblər ki, cənab Prezident Trampla Pezeşkianı dəstəkləyərkən şübhəsiz bu reallığı da nəzərə alır. Dirənişçi adlandırdıqlarımız ABŞ-də "dərin dövlət" deyilən sistem təmsilçiləri, İranda isə bizi Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəkləri ilə hədələyən Vilayəti kimi ünsürlərin bağlı olduğu çevrədir.

ABŞ-dəki o sistemə qulluq edən struktur və institutlar- "qurbağalarla dolu bataqlıq"dakılar Azərbaycanla Ermənistan arasında sülhdə yox, konfliktin qalmasında və idarə edilməsində maraqlı olublar ki, bu baxımdan da vilayətilərdən çox da fərqlənmilər. Cənab Trampla Pezeşkian isə sülh gündəliyi ilə çıxş edir, Azərbaycanın yaratdığı geosiyasi reallıqla razılaşır və bizimlə hərtərəfli əməkdaşlığa can atırlar. ABŞ Prezidentinin bu yöndə səyləri artıq öz müsbət nəticəsini də göstərməkdədir.

Amma dövlət başçımızın hər iki liderə simpatiyasında onların kimlikləri və şəxsi keyfiyyətləri də az rol oynamır. Cənab İlham Əliyevin Tramp haqqında bu dediklərinə diqqət edin: "Həm də vurğulamaq istədiyim bir şey də var ki, xüsusilə də mənə təsir edən sui-qəsd cəhdi zamanı onun özünü necə aparması idi. Bunu oynamaq mümkün deyil. Heç bir nitq yazan, heç bir siyasi məsləhətçi bunu edə bilməz ki, adam belə reaksiya versin. O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır".

Məsud Pezeşkiana gəldikdə, öz təbirincə desək, bu istedadlı adama cənab Prezidentin rəğbətinin kökündə əsas bax, açıqladığı bu fakt durur: "O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq". İnşallah, bu eyniliklər artar.

Sahib ALIYEV,

Milli Məclisin deputatı