"Gübrəli ziyalılar", yoxsa ictimai intellektuallar?- Azərbaycanlı zehninin süzgəc zərurəti

Həyata sağ mərkəzçi mövqedən baxsam da, İtaliya kommunisti Antonio Qramşi kimi bütün insanların intellektual olduğu qənaətindəyəm. Eyni zamanda onun fikrinin davamını da bölüşür, düşünürəm ki, hər kəsin məxsusi funksiya daşıyan intellektual olmaq məcburiyyəti və imkanı yoxdur. Bəs, intellektualın daşıdığı o “məxsusi funksiya” nədir? Yenə Qramşiyə güvənsək, intellektuallar yeni tarixi blok formalaşarkən sadə insanlara ancaq sadə məlumatlar ötürməklə kifayətlənmirlər, daha çox kütlənin irəliləməsi, tərəqqi etməsi üçün mədəni zəmin hazırlamaq əzmi nümayiş etdirirlər.

Qramşinin sosiologiyaya gətirdiyi bir termin var- “orqanik intellektuallar”. Bu termin ölkəmizdəki psevdo intellektualları tam təsvir etməkdə aciz qalır, amma ondan təsirlənməmək də mümkün deyil. Məsələn, Fətullah Gülən sisteminin ölkəmizə sırıdığı psevdo intellektual tiplər var. Onlara və onlar kimilərinə “gübrəli intellektuallar” demək daha yerinə düşər. Ad çəkməyəcəm, amma bəzi əlamətlərini sayacam. İlk növbədə qondarmadırlar. 2005-ci ildə Türkiyədə çapdan çıxmış, o zaman Kocaeli bələdiyyəsinin başqanı olmuş İbrahim Karaosmanoğlunu- qardaş ölkənin mediasında özünün və oğlunun Fətullah Gülən camaatı ilə sıx əlaqədə olması barədə çoxsaylı iddialar yer alıb- təbliğ edən bir kitab var. Adı belədir: “Koceli Büyükşehir- Karanlık Gecmişten Aydınlık Gelecege”. Bu cür sarsaq kitablar yazarlar. Prinsipsizdirlər. Dövlət kasıb jurnalistlərin məişət şəratini yaxşılaşdırmaq üçün addımlar atanda jurnalistikanın prinsiplərindən dəm vurar, iş özlərinə gələndə heç bir dəstəkdən, güzəştdən, imtiyazdan imtina etməzlər. İntriqant və narsistdirlər. Özlərini qərəzsiz, obyektiv, tolerant kimi göstərməyə çalışsalar da, bilik və düşüncəyə arxalanmadan dominasiya qurmaq istəyir, özlərinə rəqib gördüyü hər kəsi etibarsızlaşdırmağa, səslərini boğmağa çalışır, bir budaqda oturub min budağı silkələyirlər.

Kütlənin irəliləməsi, tərəqqi etməsi üçün mədəni zəmin hazırlamaq- ictimai dünyaya qarşı məsuliyyət hiss etməkdən başlayır. Bu, ölkəmizdə çox da populyar olmayan amerikan tarixçisi Rassell Cakobinin fikridir. Onun "Son İntellektuallar: Akademik Çağda Amerika Mədəniyyəti" adlı möhtəşəm kitabında XX əsrin ikinci yarısında Amerika ictimai həyatında müstəqil, akademiya xaricində fəaliyyət göstərən ziyalıların tədricən yoxa çıxması təhlil olunur. Müəllif iddia edir ki, əvvəllər qəzetlərdə, jurnallarda yazan, şəhərlərin mədəni həyatında iştirak edən "son ziyalılar" universitetlərin içində akademikləşərək həm dil və fikir baxımından dar çərçivəyə çəkildilər, həm də ictimai təsirlərini itirdilər. Rassell Cakobi “ictimai intellektual” məfhumundan istifadə edən ilk düşüncə adamıdır və zənnimcə, Azərbaycan tarixi baxımdan tamamilə yeni bir mərhələyə adlamışkən bu anlayış bizim üçün “açar söz” rolunu oynamalıdır.

Bu günlərdə nüfuzlu saytların birində yayımlanmış qısa bir xəbərdə təxminən belə bir cümlə vardı: “Müasir dünyagörüşü ilə önə çıxır”. Xəbər natamam idi, ad-filan çəkilmirdi, bütün bunlara baxmayaraq, diqqətimi çəkdi. Kimliyindən asılı olmayaraq, müasir dünyagörüşə sahib olan hər insan cəmiyyətimiz üçün qiymətlidir, əlbəttə. Amma bu cür yanaşmalar daha çox PR üslubudur, odur ki, məsələyə daha dərindən nəzər salmaq gərək. Harold Stearns (1891-1943) hələ 1921-ci ildə Amerikadan soruşmuşdu: “Ziyalılar hardadır”? Gerçək ziyalıların ABŞ-dan Avropaya köçdüyünü vurğulayan Stearns nəticədə ictimai mədəniyyyətin yoxsullaşdığını yazırdı. Bu gün bizim ictimai mədəniyyətimizdəki cırlaşmanı görməmək və bundan narahat olmamaq mümkün deyil. Fəqət bu prosesi tam əks istiqamətdə dəyişmək istəyən ictimai intellektuallarımız da var. Onlardan biri Musa Qasımlıdır.

Musa Qasımlı kifayət qədər samballı tarixçidir, xüsusən onun Güney Azərbaycandakı Seyid Cəfər Pişəvəri hərəkatının beynəlxalq müstəvidə formalaşdırdığı Azərbaycan məsələsi ilə bağlı çoxşaxəli tədqiqatları böyük akademik dəyərə malikdir. Musa müəllim karyera baxımından kifayət qədər uğurlu adamdır- Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür, uzun illərdir deputatdır, Milli Məclis sədrinin müavinidir. Ancaq onu şəxsən mənim nəzərimdə son dərəcə dəyərli edən əsas göstəricisi məhz ictimai intellektual olmasıdır. O, Azərbaycan cəmiyyətinin tərəqqisi üçün fikir zəhmetkeşliyi ilə məşğul olan ən yaxşı nümunələrdən biridir. Əgər Musa Qasımlının timsalında bir insan öz akademik fəaliyyət ilə mediada, parlament tribunasında və ictimai platformalarda araşdırıcı, maarifləndirici və yaradıcı ictimai mövqeyi uzlaşdıra bilibsə, deməli, Azərbaycan ictimai şüurunu manipulyasiya etmək üçün işə salınan sosial şəbəkə alqoritmləri hər kəsi Jan Pol Sartrın dediyi o “rahatsız şüur” stansiyasına yığa bilməyib.

Bəli, emosional çığırtıların kölgəsində qalmaq intellektual çıxışların dəyişməz aqibətidir. Fəqət cəmiyyətimizin zehin açıqlığına nə səs-küy salanlar, nə də “səs verənlər” deyil, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva, Ceyhun Məmmədov, Rəşad Mahmudov kimi yüksək elmi və siyasi hazırlığa, fəal ictimai mövqeyə malik deputatların səlis təfəkkürü töhfə verə bilər. Odur ki, təkəbbürə yox, arqumentə əsaslanan və parlamentari statusunu çox uğurla ictimai intellektual statusu ilə eyniləşdirən iki deputatdan- Rizvan Nəbiyev və Səbinə Salmanovadan da danışmaq istəyirəm.

Müşahidələrimə görə, Rizvan Nəbiyev qanunyaratma prosesində fəal iştirak etməklə yanaşı, ölkənin aktual məsələlərinə intellektual yanaşması və diplomatik təcrübəsindən də qaynaqlanan bir şəkildə yüksək arqumentləşdirmə mədəniyyəti ilə diqqət çəkir. İctimai meydan üçün yeni fiqur olmasına baxmayaraq, danışanda dərhal sezilir ki, o, hakim siyasəti kör-koranə müdafiə etmir, məsələnin dərin qatlarının təhlilinə çalışır. Tam səmimi və qətiyyətlə deyirəm: Rizvan Nəbiyevin həm parlamentari, həm də ictimai intellektual kimi çıxışları cəmiyyətimizdə düşüncə keyfiyyətinin yüksəlməsinə rəvac verib.

Eləcə də Səbinə Salmanova. Peşəkar hüquqşünas olan Səbinə xanımın həm qanunlara təkliflərini, həm də siyasi şərhlərini maraqla izləyirəm. Xanım millət vəkilinin siyasi təmsilçiliklə ictimai refleksləri öz çıxışlarında yüksək peşəkarlıqla uzlaşdırması diqqətdən yayına bilməz. Cəmiyyətdə əsas siyasi və hüquqi diskursu milli identitetlər yaratmalıdır. Səbinə Salmanova məhz milli identitetlərin ön planda tuta bildiyi üçün fərq yarada bilir.

Beləliklə, həm “gübrəli ziyalılar”ın, həm də ictimai intellektualların təcrübəsi bir daha göstərir ki, yeni tarixi mərhələdə Azərbaycanın öz hədəflərinə nail ola bilməsi üçün sosial nihilizmin sıfırlanmasına, milli birliyin gücləndirilməsinə, tərəqqiyə hazırlanmış və hazırlanan mədəniyyət zəmininin inkişaf etdirilməsinə ehtiyac var. Bunun üçün ictimai şüuru saxta intellektuallardan xilas etmək nə qədər vacibdirsə, ictimai intellektualları qarşısına çıxan hər kəsi dayaz gündəm maddələri ilə suçlayanların aqressiyasından qorumaq da o qədər önəmlidir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik informasiya portalının Baş redaktoru