- Müsahibə
- 27 Avqust 21:58
- 2 768
Gənclər uğur qazansa belə, narahatlıqdan azad ola bilmirlər - Psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə

Müasir dövrdə uğur qazanmaq anlayışı xüsusilə gənclər arasında daha da aktuallaşıb. Sosial şəbəkələrin təsiri, ailə və cəmiyyətin gözləntiləri gənclərin üzərində ciddi psixoloji təzyiq formalaşdırır. Bu mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, AzNews.az olaraq psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə apardıq. Mütəxəssis gənclərin uğur axtarışı, bu prosesin psixoloji nəticələri və onlarla sağlam mübarizə yolları barədə dəyərli fikirlərini bölüşdü.
– Son illərdə gənclər arasında uğur qazanmaq mövzusu çox aktuallaşıb. Sizcə, bu təzyiq haradan qaynaqlanır?
Müasir dövrdə gənclərin üzərində həm ailə, həm də cəmiyyətin gözləntiləri çox ağırdır. Sosial şəbəkələr isə bu təzyiqi qat-qat artırır. Hər kəs uğurlu görünmək, yüksək maaş qazanmaq, ən yaxşı təhsili almaq istəyir və daim başqaları ilə müqayisə olunur. Bu da daxili gərginlik və özünə inamsızlıq yaradır.
– Bu təzyiqin psixoloji nəticələri nələr ola bilər?
Ən çox rast gəlinən nəticələr depressiya, təşviş pozuntuları və özünü dəyərsiz hiss etməkdir. Gənc uğur qazansa belə, narahatlıqdan azad ola bilmir, çünki gözləntilər həmişə artır. Bu, psixoloji davamlılığı zəiflədir və həyat keyfiyyətini aşağı salır.
– Psixoloji davamlılıq nə deməkdir və necə formalaşır?
Psixoloji davamlılıq insanın stress və çətinliklər qarşısında sınmadan yenidən qalxma bacarığıdır. Bu, təbii bir qabiliyyət deyil, öyrənilə bilən bir bacarıqdır. Özünü tanımaq, emosiyalarını idarə etmək, dəstəkverici mühitə sahib olmaq və real hədəflər qoymaq psixoloji davamlılığın əsas sütunlarıdır.
– Gənclər uğur təzyiqi ilə necə sağlam mübarizə apara bilərlər?
Əvvəlcə, uğuru yalnız sosial status və maddi göstərici ilə ölçməmək lazımdır. Gənclər kiçik addımlarını da qiymətləndirməyi öyrənməlidirlər. İkincisi, dəstəkverici mühitə sahib olmaq (Dostlar, ailə və ya psixoloqla ünsiyyət) çox vacibdir. Və ən əsası, özünü başqaları ilə deyil, keçmişdəki “Mən”i ilə müqayisə etmək lazımdır.
– Sonda gənclərə hansı mesajı vermək istərdiniz?
Unutmasınlar ki, hər kəsin uğur yolu fərqlidir. Həyat bir yarış deyil, bir səyahətdir. Əgər bu gün yorulublarsa, dayanmaq və nəfəs almaq da yolun bir hissəsidir. Əsas olan yıxıldıqdan sonra qalxmağı bacarmaqdır.
Nuray,
AzNews.az