- Redaktor masası
- 18:52
- 5 262
Əli Kərimli XXI əsrin Əliheydər Qarayevi rolunda çıxış edir - Deputat Vasif Qafarov

“Əli Kərimli bir daha sübut etdi ki, milli maraqlardan çox, şəxsi siyasi ambisiyaları ilə danışır. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesi kimi tarixi hadisəni belə, siyasi manipulyasiya üçün fürsətə çevirmək cəhdləri onun gerçək simasını və antimilli niyyətlərini bir daha açıq şəkildə ortaya qoyur”.
Bu barədə AzNews.az-a deputat, professor Vasif Qafarov açıqlama verib. O, daha sonra deyib:
“Bəli, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə baş tutan bu mərasim beynəlxalq vasitəçilik baxımından vacibdir və əhəmiyyətlidir. Lakin bu sülhün gerçəkləşməsi üçün ən böyük siyasi iradəni və qətiyyəti nümayiş etdirən şəxs Prezident İlham Əliyevdir. Əli Kərimli unudur ki, bu gün imzalanacaq sülh sənədi 2020-ci ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbənin nəticəsidir.
Bugünkü sülh sazişinə gedən yol nə ABŞ-dan, nə də başqa xarici paytaxtlardan başlayıb. Bu yol Cəbrayıldan, Füzulidən, Hadrutdan, Zəngilandan, Qubadlıdan, Şuşadan, Ağdamdan, Kəlbəcərdən, Laçından və nəhayət Xankəndidən keçib. Əgər bu gün region sülhə doğru gedirsə, bu ilk növbədə Azərbaycan Ordusunun gücünə, xalqın iradəsinə və İlham Əliyevin güclü və qətiyyətli liderliyinə görə baş verir.
Bu böyük tarixi qələbənin nəticələrini siyasi və diplomatik sferada qəbul etdirən də məhz İlham Əliyevdir. Əgər bu belə olmasaydı, Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq mövqeyə gəlməzdi, bu gün ABŞ-da “sülh sazişi” deyil, sadəcə kağız üzərində qalan hansısa bəyannamələrdən danışılardı. Məhz İlham Əliyev 2020-ci və 2023-cü illərdə əldə etdiyi böyük tarixi qələbələr ilə Cənubi Qafqazda sülhün reallıqla bərabər dayandığı yeni bir dövrə yol açdı. Əli Kərimli isə bütün bu uğurların səbəbkarını görməməzlikdən gəlməyə uğursuz cəhdlər edir. Bu isə sadəcə siyasi qərəz deyil, bu milli iradəyə qarşı hörmətsizlik və antimilli fəaliyyətdir”.
Deputatın fikrincə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ilin bir günlük antiterror əməliyyatında Azərbaycanın qazandığı böyük tarixi zəfərləri Əli Kərimli indiyə qədər bir dəfə də olsun etiraf etməyib və bu münasibətlə cənab Prezidentimizi və xalqımızı təbrik etmək cəsarətini özündə tapmayıb:
“Əksinə, Əli Kərimli xaricdəki anti-Azərbaycan dairələrlə eyni mövqedən çıxış edərək, Azərbaycanın Ermənistan üzərində qazandığı tarixi qələbələrdən ancaq qıcıqlanıb və böyük məyusluq yaşayıb. Əli Kərimli Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə və milli maraqlarına münasibətdə sərgilədiyi bu fəaliyyəti ilə XXI əsrin Əliheydər Qarayevi rolunda çıxış edir.
Zəngəzur dəhlizi məsələsində də Əli Kərimlinin mövqeyi ya dərin məlumatsızlıqdan, ya da şüurlu şəkildə Azərbaycanın strateji maraqlarına qarşı çıxmaq cəhdindən doğur. Cənab Prezidentin bu məsələdəki mövqeyi təkcə nəqliyyat məsələsi deyil, Azərbaycanın regiondakı suverenlik, strateji və iqtisadi üstünlük hədəfləridir. Bunu görə bilməyən və ya görmək istəməyən siyasi kordur.
Əli Kərimli artıq neçə illərdir ki, milli proseslərin heç birində real iştirak etməyən, yalnız kənardan populist bəyanatlarla görünmək istəyən cılız bir fiqurdur. Onun bu cür mövqeyi təkcə siyasi zəifliyin deyil, həm də xarici dairələrin istəklərinə uyğun davranan bir siyasətçinin portretidir.
Bu gün Vaşinqtonda imzalanacaq sazişlər Azərbaycan liderinin və onun diplomatiyasının böyük uğurudur. Cənubi Qafqazın sülh, inkişaf və sabitlik bölgəsinə çevrilməsində əsas rol məhz İlham Əliyevə məxsusdur. Bunu bu gün təkcə Azərbaycan deyil, dünya ictimaiyyəti də qəbul edir: Prezident İlham Əliyev Cənubi Qafqaz regionunun sabitlik memarıdır”.
AzNews.az