Tramp Rusiyanı "Zuqzvanq vəziyyəti"nə saldı - ŞƏRH

ABŞ-ın Alyaska ştatında ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasındakı görüş bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanda da bu görüşün gözlənilən nəticələri və nəticəsizlikləri geniş müzakirə olunur. Çox təəssüf ki, bizim bir çox ictimai-siyasi xadimlər, ekspertlər və gündəmə bağlı olaraq "amerikanşünas" olmuşlar məsələni, fikrimcə, ya doğru şərh edə bilmirlər, ya da səthi yanaşırlar. Odur ki, Alyaskadakı "Sülh arayışı" toplantısını bir neçə rakursdan təhlil edək.

1. Putin masaya gətirildi!

Vladimir Putin özünü post-sovet məkanının "ağa"sı kimi aparır, "dədəm (SSRİ) mənə kor deyib, gəlib-gedəni vur deyib" məntiqi ilə təcavüzkar siyasət yürüdürdü. Bu toplantının ilk mesajı o oldu ki, Rusiya prezidentinin üzünə "təcavüzkar siyasəti davam etdirə bilməzsən" mesajı verildi. Vladimir Putin də təcavüzkar siyasəti davam etdirə bilməyəcəyinin ifadəsi və artıq sülhə ehtiyacı olan tərəf kimi masaya otuzduruldu. Tramp Putini masaya əyləşdirməyi bacardı. Bu, Kreml təbliğatının iflasıdır. "Dünya vecimizə deyil, regionun söz sahibi bizik" narrativi puç oldu. ABŞ bu görüşlə təsdiqlədi ki, dünyanın 1 nömrəli gücü odur.

2. Nəticəsizlik Putinin əleyhinədir!

Ukraynadan Rusiya qoşunlarının çıxarılması üçün Rusiya SQ-nin Ukraynada ciddi zərbə alması, bunun üçün Ukraynaya hücum silahlarının verilməsi labüddür. Bu "zərbə" olmadan, Rusiyanın burnu tam ovulmadan danışıqlar nəticə verməz. Bunu öz təcrübəmizdən yaxşı bilirik. İqtidara Ukrayna savaşını bitirmək vədi ilə gəlmiş Trampa "Sülh gündəliyi" yaratmaq və Putuni bu prosesə cəlb etmək lazım idi. Bacardı. Bundan sonra Rusiyanı "sülhə məcbur etmək üçün" Tramp istədiyi addımları ata biləcək. Putin ayağının altında "qırmızı xalı", başının üstündə ən müasir ABŞ uçaqları masaya gəldi, heç nə əldə edə bilmədən geri döndü.

3. Putinin mövqeləri tam sarsıldı

Putin Alyaskada “sülhə hazır” obrazı yarada bilməməsi, bununla ABŞ və Avropaya yeni sanksiya və təzyiqləri sərtləşdirmək üçün arqumentlər verməsi Ukraynanın lehinə olacaq. Zelenskinin, yaxud gələcəkdə digər bir Ukrayna liderinin kollektiv Qərbə, o cümlədən Trampa "görürsünüz, Putin sülhə hazır deyil" deyərək işğalla barışmamaq və Rusiyanın təcavüzünə daha sərt həmlələrlə qarşı çıxması üçün yeni narrativ yarandı.

4. Lavrovun "SSRİ reminissensiyası" fəndi iflasa uğradı

Rusiyanın xarici işlər naziri Segey Lavrov Alyaskaya, heç şübhəsiz, Putinin tövsiyyəsi ilə sinəsinə "SSRİ" yazılmış köynəklə getmişdi. Bu, Kremlə görüşə “tarixi reminissensiya” mesajı vermək üçün gərək idi. Reallıqda dünyaya yayılan mesaj tamam fərqli oldu: Rusiya öz keçmiş imperiya sərhədlərinin ancaq xatirəsi ilə yaşaya bilər, reallıq ABŞ-ın hərbi bazasıdır.

5. Putin üçün "Zuqzvanq vəziyyəti"

Görüş onu təsdiqlədi ki, Rusiyanın Ukrayna ərazilərini ilhaq edə bilməsi üçün heç bir şansı yoxdur. Rusiya Ukrayna ərazilərini işğal edib, amma ilk ən böyük beynəlxalq toplantıda işğalı legitimləşdirmək üçün heç nəyə ümid edə bilməyəcəyi aydın şəkildə üzə çıxdı. Putin üçün "Zuqzvanq vəziyyəti" yarandı- istənilən gediş əleyhinədir!

Taleh ŞAHSUVARLI