"Paraflanma hüquqi öhdəlik yaratmasa da, siyasi-mənəvi öhdəliklər formalaşdırır" - Dr. Həcər Qasımova

“Beynəlxalq müqavilələrin hazırlanması prosesin bir neçə mərhələsi var. Paraflanma – müqavilənin mətninin yekun variantda hazırlanması və razılaşdırılması mərhələsidir. Bu mərhələdən sonra mətndə dəyişiklik edilmir, hər səhifənin sonunda imza əvəzinə paraf (baş hərflərlə qeyd) qoyulur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında beynəlxalq hüquq üzrə mütəxəssis, hüquq üzrə fəlsəfə doktoru Həcər Qasımova deyib.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması hazırda ölkəmizdə və dünyada əsas müzakirə mövzularından biridir.
Həcər Qasımova bidlirib ki, növbəti mərhələdə müqavilə rəsmən imzalanacaq və daha sonra ratifikasiya olunacaq:

“İmzalanmadan və ratifikasiya olunmadan müqavilə hüquqi qüvvəyə minmir. Azərbaycan sülh müqaviləsi ilə bağlı üç şərt irəli sürmüşdü. Onlardan ikisi icra olunub:

• ATƏT Minsk qrupunun buraxılması;
• “Zəngəzur dəhlizi” adlandırdığımız marşrutla bağlı məsələyə aydınlıq gətirilməsi və Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçidin təmin olunması.

Bu iki məsələ öz həllini artıq tapıb.

Üçüncü şərt- Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların dəyişdirilməsi isə, hələ icra edilməyib. Buna görə də, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan sülh müqaviləsini imzalamağı ertələyib və prosesi paraflanma səviyyəsində saxlayıb. Prezident onu da bildirib ki, Ermənistanda konstitusiya dəyişiklikləri baş vermədən müqavilə imzalanmayacaq.

Dr. Həcər Qasımova bildirir ki, bəzən sosial şəbəkələrdə yayılan emosional, qərəzli və Sülh Sazişinin paraflanmış mətninin beynəlxalq hüquq baxımından mahiyyətinə aid olmayan şərhlər onu təəssüfləndirir:

“44 günlük müharibədən sonra qələbəmizin əhəmiyyətini kiçiltməyə çalışanlar indi də diplomatik zəfərimizin dəyərini azaltmağa cəhd göstərirlər. Bu mətn o deməkdir ki, Azərbaycan xalqının, dövlətinin və prezidentin hərbi meydanda qazandığı qələbə diplomatik müstəvidə də təsdiq olunub. Sənəddə Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilib. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Əlavə olaraq, gələcəkdə hər hansı təxribatların qarşısının alınmasına dair Ermənistan öhdəliklər götürüb. Bu öhdəliyin təminatçısı ABŞ-dır”.

H. Qasımova bildirib ki, tarixi Zəngəzur mahalının qərb hissəsi 1991-ci il Almatı Bəyannaməsinə əsasən Ermənistanın tərkib hissəsi kimi tanınır:

“Azərbaycan Zəngəzurdan kommunikasiya üçün istifadə etməsinin önü açılıb. Bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Münaqişəsinin səbəbi ərazi bütövlüyümüzü təmin etmək idi. Bu, məqsəd həyata keçirilib. Paraflanma hüquqi öhdəlik yaratmasa da, siyasi-mənəvi öhdəliklər formalaşdırır. İndi Ermənistan rəsmi imzalama üçün üzərinə düşən siyasi-mənəvi öhdəlikləri həyata keçirməlidir”.

Rəfiqə Namazəliyeva,
AzNews.az