- Yazarlar
- 27 Avqust 22:19
- 2 703
Nəsiminin məzarı vətənə gətirilərsə...

Böyük şəxsiyyətlərin taleyi çox vaxt onların yazdıqları qədər mürəkkəb olur. Bəzən ömürləri qədər ölümündən sonrakı hekayələri də xalqın düşüncəsini, taleyini sınağa çəkir. Nəsimi də belə bir tale yaşayıb. Onun məzarı əsrlərdir ki, Suriya torpaqlarında, qədim Hələb şəhərindədir.
Bu günlərdə bir məlumat bütün sosial şəbəkələrdə paylaşılır: Nəsiminin qəbri vətənə – Azərbaycana gətirilə bilər.
Bu barədə fikirlər də, baxışlar da fərqlidir.
Nəsiminin məzarı vətənə köçürülməlidirmi?
Bu suala birmənalı cavab vermək çətindir.
Əgər məzar Azərbaycana gətirilsə, bu, xalqın öz böyük mütəfəkkir şairinə sahib çıxması, milli kimlik və mədəni irsin birləşdirilməsi baxımından mühüm hadisə olar. Amma...
Nəsiminin həyat fəlsəfəsi onun ölümündən sonra da izah üçün açar verir. Çünki Nəsimi laməkandır. “Laməkan” – məkanı olmayan, məkanla məhdudlaşmayan deməkdir. Hürufi təlimində insan ruhu bədənə sığmadığı kimi, böyük şair də bir məkanla məhdudlaşa bilməz.
Nəsimi təkcə Hələbin deyil, təkcə Azərbaycanın deyil, bütün Şərqin, bütün bəşəriyyətin şairidir.
Nəsiminin həqiqi məkanı insanların yaddaşıdır. Onun poeziyası hələ də oxunur, tədqiq olunur, hələ də düşüncələrə yön verir, hələ də ruhları silkələyir.
Məzarı bugün haradadır, sabah harda olmalıdır?- sualı nə vaxtsa bir gün mütləü cavabını tapacaqdır. Məsələ bundadır ki, belə tarixi şəxsiyyətlərin məzarı daşda, torpaqda deyil, SÖZdədir. O sözündə ki, 600 ildir daşdan güclüdür, torpaqdan dərindir, zamandan uzunömürlüdür.
Bir də ki, Nəsiminin qəbri harda olursa-olsun, ruhu Azərbaycandadır. Çünki onun sözü buradadır, dili buradadır, xalqı buradadır.
Nəsiminin məzarını gətirmək də olar, orada saxlamaq da.
Əgər bir gün Nəsiminin məzarı vətənə gətirilərsə, mən ömrümün sonuna qədər onun türbəsinin işçisi olmağa hazıram. Çünki Nəsimiyə xidmət etmək – sadəcə bir məzara xidmət deyil, bir millətin yaddaşına, sözün ölməzliyinə xidmət etməkdir.
Adilə Nəzər