AMEA-ya sual edirik: Qarabağ və Şərqi Zəngəzurda elmi qələbələrimiz hanı?

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu yaxınlarda bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında arxeoloji tədqiqatlara start verilib. Onun sözlərinə görə, bu ərazilər qədim tarixə malikdir və burada qazıntıların genişləndirilməsi zəruridir. AMEA prezidenti əlavə olaraq onu da qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda da arxeoloji ekspedisiyalar uğurla fəaliyyət göstərir. Amma maraqlı və haqlı sual yaranır: Qarabağda, Şərqi Zəngəzurda, uğrunda bu qədər qan tökülmüş digər ərazilərdə aparılan tədqiqatların nəticələri hanı? Elmi hesabatlar, beynəlxalq səviyyəli nəşrlər, tapıntılarla bağlı təqdimatlar nə vaxt görünəcək?

Məsələ ondadır ki, ermənilər uzun illərdir ki, uydurma “böyük erməni sivilizasiyası” mifini beynəlxalq elmi müstəvidə formalaşdırmaqla məşğuldurlar. Bu proses isə, birmənalı olaraq, saxta tarix yaradıcılığı üzərində qurulub. Erməni ideoloqları üçün “tarix yaratmaq” - yalan danışmaq deyil, sistemli şəkildə yazmaq, yaymaq, simvollaşdırmaq və gerçək olmayan faktları beynəlxalq "elmi dövriyyəyə" çıxarmaqdır. Bunun üçün isə əsas hədəf Azərbaycan ərazisindəki qədim Qafqaz Albaniyası irsi olub. Çünki bu irs həm xristian dini, həm də məbədlər və yazılı abidələr kontekstində Ermənistan üçün “tarixi leqitimlik” yaratmaq vasitəsinə çevrilib. Xüsusilə Qarabağ və Zəngəzurdakı kilsələr bu saxtalaşdırmanın əsas hədəfinə çevrilib. Bir neçə əsrdir “erməni kilsəsi” adıyla təqdim olunan abidələrin əksəriyyəti əslində alban məbədləridir və bunu isbat edən yüzlərlə mənbə, xəritə və tarixi tapıntı mövcuddur. Amma sual budur: biz bu isbatları müasir elmi dildə, beynəlxalq səviyyədə necə təqdim etmişik?

Qarabağ və Şərqi Zəngəzur 2020-ci ildə azad olunub. O vaxtdan bəri xeyli zaman keçib. Bu müddətdə orada hansı ciddi arxeoloji layihələr icra olunub? Minalanmış sahələr istisna olmaqla, Füzuli, Ağdam, Hadrut, Şuşa, Laçın və Kəlbəcər rayonlarında hansı qədim yaşayış məskənləri, kurqanlar, tikililər araşdırılıb? AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu bu istiqamətdə hansı beynəlxalq əməkdaşlıq layihələrinə imza atıb? Hansı xarici alimlər tədqiqata dəvət olunub? Yoxsa sadəcə “araşdırılır” ifadəsi ilə ictimai rəyin gözündən pərdə asılır?

Bu sualları vermək tənqid üçün deyil, tarixi savaşın elm cəbhəsində necə davam etdiyini anlamaq üçündür. Çünki müharibə bitməyib. Top, tank, raket səssiz qalıb, amma erməni tarixçilərinin klaviaturası durmadan işləyir. Onlar öz saxta tezislərini UNESCO-ya, Vatikan arxivlərinə, dünya muzeylərinə ötürməkdə davam edirlər. Biz isə nəinki bu saxtakarlıqlara sistemli cavab vermirik, hətta azad olunmuş ərazilərdəki arxeoloji tapıntıları da cəmiyyətə və dünyaya populyar şəkildə təqdim etmirik.

Elm populyarlaşdırılmadan onun siyasi gücü olmur. Tapıntıların mediada, sənədli filmlərdə, məktəb dərsliklərində, beynəlxalq sərgilərdə görünmədiyi halda, onların ictimai dəyəri sıfıra enir. Halbuki bu torpaqların hər qarışı tarixlə doludur və bu tarix yalnız səngərdə deyil, qazıntı meydanlarında da sübut edilməlidir.

İllərdir islah olunmaq bilməyən AMEA Arxeologiya İnstitutu nə vaxt transformasiya olunacaq? Akademik İsa Həbibbəyli bu institutun rəhbərliyində, kadr strukturunda, layihə idarəetməsində hansı yeniliklərə imza atıb? Yoxsa hələ də sovet dönəmindən qalma inzibati şablonlar üzərində idarəçilik davam edir?

Tarixi saxtalaşdıranlar artıq bunu çoxdan sənətə çeviriblər. Biz isə hələ də bu saxtakarlığa elm vasitəsilə sistemli cavab verə bilmirik. Qarabağda aparılmalı olan arxeoloji tədqiqatlar sadəcə elmi maraq yox, milli ideoloji silah olmalıdır. O silahı isə təkcə muzeylərdə yox, akademik məqalələrdə, beynəlxalq konfranslarda, xarici jurnal səhifələrində və sənədli filmlərdə görünən hala gətirmək lazımdır. Tarixi sübut edənlər, torpağı da sübut edirlər. Amma sübut etməyənlər... öz tarixlərini başqasının nağılı içində itirirlər.

Zeynal ABDİN,

AzNews.az