Prezident İlham Əliyevin intervyüsü: Zəngəzur dəhlizi və Azərbaycanın geosiyasi maraqları

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi geniş müzakirə olunur. Müsahibə Azərbaycanla bağlı beynəlxalq gündəmin əsas suallarını əhatə edir və elə bu səbəbdən də dövlət başçısının bütün mesajlarını bir məqalədə cəmləmək mümkünsüzdür. Bununla belə, müsahibənin əsas mövzularından biri olan Zəngəzur dəhlizi ilə bağlı Prezident İlham Əliyevin açıqlamaları üzərində dayanmaq yerinə düşər. Belə ki, Zəngəzur dəhlizi kifayət qədər ciddi qlobal layihə olmaqla yanaşı, Azərbaycanın milli təhlükəsizliyinin, suverenliyinin və regional geosiyasi çəkisinin mühüm komponentidir. Azərbaycanın suveren hüquqlarının təmin olunması, Naxçıvanla fasiləsiz və təhlükəsiz quru bağlantısının yaradılması, regionda uzunmüddətli sabitliyin təmin edilməsi baxımından olduqca böyük strateji əhəmiyyətə malik bu marşrutun açılması hələ 5 il öncə Ermənistanın kapitulyasiya aktı hesab olunan “Üçtərəfli Bəyanat”a salınmışdı.

2020-ci ilin 10 noyabrında imzalanan “Üçtərəfli bəyanat”da məhz Prezident İlham Əliyevin təkidi ilə Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin olunmasını öhdəsinə götürürdü. Lakin Nikol Paşinyan artıq qüvvədən düşmüş sayıla biləcək Üçtərəfli Bəyanat çərçivəsində dəhlizin açılmasını yubatdı, lakin rəsmi Bakı bu dəfə daha konkret bir planla Ermənistanı bu məsələni gündəmdən çıxarmasına imkan vermədi. Prezident İlham Əliyevin təbirincə desək, ABŞ prezidenti dəhlizə öz adını verdikdən sonra Ermənistanın müxtəlif siyasi motivlərlə prosesə müqavimət göstərməsi artıq mənasızdır. Çünki, yeni adı ilə desək, “Tramp marşrutu” təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də regionun bütün geosiyasi oyunçuları üçün mühüm əhəmiyyət kəsb edir:

• Türkiyə üçün dəhliz Orta Asiya ilə birbaşa quru əlaqəsi, türk dünyasının inteqrasiyası baxımından strateji üstünlükdür.
• Rusiya dəhlizi özünün regiondakı təsir mexanizmlərindən biri kimi görür və logistika əlaqələrinin idarə olunmasında rol almağa çalışır.
• İran ənənəvi tranzit mövqeyinin zəifləməsindən narahatdır və suverenlik məsələsinə həssas yanaşaraq balanslı mövqe sərgiləyir.
• Qərb dövlətləri, xüsusilə ABŞ və Avropa İttifaqı, dəhlizi Avrasiyada enerji və nəqliyyat marşrutlarının diversifikasiyası baxımından önəmli hesab edirlər.

Beləliklə, Zəngəzur dəhlizi əslində regional güclərin maraqlarının kəsişmə nöqtəsinə çevrilib. Bundan sonra Ermənistanın bircə yolu qalır- üzərinə götürdüyü öhdəliklərə əməl etmək, həm də sürətlə, vaxt itirmədən əməl etmək. Bu zərurət həmçinin ondan irəli gəlir ki, Donald Trampın şahidliyi ilə əldə edilmiş “Vaşinqton razılaşmaları” iki dövlət arasındadır və beynəlxalq hüquq baxımından davamiyyət tələb edir. Eyni zamanda nəzərdən qaçırmaq lazım deyil ki, Tramp marşrutu Ermənistana transit ölkəyə çevrilmək perspektivi yaradır. Prezident İlham Əliyev bu barədə də danışdı:

“Bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq. İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır”.

Açıqlamada bir neçə mühüm strateji məqam diqqət çəkir:

Birincisi, dövlət başçısı göstərdi ki, hazırda Orta Dəhlizin əsas hissəsi Azərbaycan üzərindən keçir və ölkəmiz Asiyadan Avropaya daşımaların yeganə təhlükəsiz tranzit yoludur. Bu, Azərbaycanın regionda iqtisadi mərkəzə çevrilməsinin əsas dayaqlarından biridir. Lakin Zəngəzur dəhlizi açılarsa, mövcud yolun alternativi yaranacaq. Bu, nəqliyyat sistemini daha çevik və dayanıqlı edəcək.

İkincisi, Prezident nəzərə çatdırdı ki, Ermənistan uzun illər işğalçılıq siyasəti nəticəsində özünü regional layihələrdən təcrid etmişdi. Zəngəzur dəhlizi onların iqtisadiyyatına real dividendlər gətirə bilər. Tranzit ölkə statusu avtomatik olaraq infrastruktur inkişafı, tranzit rüsumları və beynəlxalq inteqrasiya deməkdir.

Üçüncüsü, İlham Əliyev açıq şəkildə bildirdi ki, Bakı öz tranzit ölkə rolunu maksimum gücləndirmək istəyir. Şimal-Cənub, Şərq-Qərb istiqamətində bütün əsas yolların Azərbaycandan keçməsi ölkəyə həm iqtisadi mənfəət, həm də siyasi üstünlük qazandırır. Bu baxımdan, Zəngəzur dəhlizi təkcə iki bölgəni birləşdirən texniki yol deyil, əksinə, qitələrarası logistikanı təmin edən böyük beynəlxalq layihənin vacib həlqəsidir.

Bəli, Prezidentin şərhi bird aha aydın göstərir ki, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqları çərçivəsində regionun inteqrasiyası və Avrasiya nəqliyyat xəritəsinin optimallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistanın da bu prosesə qoşulması həm onun iqtisadi dirçəlişinə töhfə verə, həm də uzunmüddətli sülh üçün əlavə stimul yarada bilər. Ermənistan cəmiyyəti revanşist planlardan tam imtina etməsi üçün sülh iqtisadiyyatının faydalarını görməlidir.

Taleh Şahsuvarlı