Bir dilin görünməyən zəncirləri və o zəncirin halqaları - Memar Elçin Əliyevə cavab

Memar Elçin Əliyevin adı Azərbaycanın ictimai-siyasi düşüncə məkanında xüsusi heç nə ifadə etmir. Hərçənd o, Qərbi Kaspi Universitetinin professorudur, memardır, gümanımca, öz sahəsində peşəkar insandır. Açıq mənbələrdə yayımlanan bioqrafiyasına görə, REAL Partiyasının üzvü, hətta Mədəniyyət Komitəsinin sədridir.

Memarın öz Facebook səhifəsində paylaşdığı və medianın da diqqətini cəlb etmiş bir rəy onu gündəmə gətirib.

Azərbaycanda rus dilində genişmiqyaslı təhsilin qatı və radikal müdafiəçisi kimi çıxış edən müəllifin əsas tezisləri bunlardır:

1. Ölkə rəhbərliyi istedadsız, yaltaq çevrənin girovuna çevrilib.
2. Təhsilsiz və dar düşüncəli məmurlar rus dilinin tədrisdən çıxarılmasını istəyir.
3. Rus dili sivilizasiyanın, dərin biliyin və Avropa mədəniyyətinə girişin əsas yoludur.
4. Azərbaycanın yüksəlişi yalnız SSRİ dövründə baş verib, müstəqillik dövründə isə heç nə yaradılmayıb.
5. Azərbaycanda rusdilli təhsilə alternativ yoxdur.
6. Hakimiyyət rusdilli təhsil əleyhinə çıxış edənləri “yerbəyer” etməlidir.
7. Rus dilindən imtina Azərbaycanın mədəni və strateji geriliyinə səbəb olacaq və Azərbaycan üçüncü dünya ölkəsinə çevriləcək.

Bu iddialar ictimai şüur üçün kifayət qədər aktual və polemilk olduğundan məsələnin üstündən sükutla keçmək mümkün deyil. Odur ki, gəlin, Elçin Əliyevin arqumentlərini bir-bir incələyək.

Birinci tezis barədə:

Bu fikir daha çox yarğılama, ümumiləşdirmə və etiketləmədir. Hökumətin və məmurların fəaliyyətini tənqid etmək hüquqi və ictimai baxımdan yolveriləndir, lakin bu cür ifadələr (məsələn, “yaltaq”, “istedadsız”) subyektiv, qərəzli və qeyri-konstruktiv yanaşmadır. Azərbaycan Prezidentinin Administrasiyasında çalışan əsas fiqurların bioqrafiyasına nəzər salanda, onların həm Azərbaycanda, həm Avropa və ABŞ-da, həm də elə Rusiyada yüksək səviyyədə ali təhsil aldıqları bəlli olur. Məsələnin şəxslərə fokuslamamaq üçün xüsusi adlar çəkməyəcəm, ancaq özünü yüksək intellek daşıyıcısı sayan şəxs bilməlidir idi, təhsillə bağlı siyasət ümumiyyətlə, fərdlərin psixoloji portretinə yox, strateji və sistemli meyarlara əsaslanmalıdır.

İkinci tezis barədə:

İlk növbədə nəzərə almaq lazımdır ki, rus dilinin tədrisdən çıxarılması ilə bağlı rəsmi səviyyədə heç bir qərar yoxdur. Bu yöndə uzun zamandır ki, cəmiyyətdə müzakirələr gedir və tərəflərin hər birinin öz baxışı, öz yanaşması var. “Plüralizm” də elə cəmiyyətdə çoxfikirlililiyi ifadə edən termindir. Plüralizm- vətəndaş cəmiyyətinin əsas anlayışlarından biridir və Azərbaycanın bir dövlət olaraq əsas məramı vətəndaş cəmiyyəti bərqərar etməkdir. Bu, konstitutsion məqsəddir. Elə həmin konstitusiyada o da deyilir ki, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Odur ki, heç kimin rus dilinə təhsil sistemində tamamilə yasaq qoymaq, ümumiyyətlə hər hansı xarici dildə təhsilə çıxışı əngəlləmək kimi bir fikri yoxdur. Söhbət Azərbaycanın dövlət büdcəsindən maliyyələşən məktəblərdə rus dilində təhsilin mövcud reallığa uyğunlaşdırılmasından gedir. Bu yöndə dövlətin tənzimləyici addımlar atmağa tam ixtiyarı var. Çünki konstitusiyanın 42-ci maddəsinə görə, dövlət təhsil sisteminə nəzarət etməlidir. Belə olan təqdirdə, Elçin Əliyevin aşağılayıcı, qütbləşdirici və ifrat mövqeyi də heç də "ziyalı" adına uyğun görsənmir, sərgilədiyi təşviş süni təəssürat yaradır.

Üçüncü tezis barədə:

Rus dili özü-özlüyündə zəngin ədəbiyyat daşıyıcısı, xüsusilə post-sovet məkanında hələ də əhəmiyyətli dildir. Lakin rus dili Hind-Avropa ailəsinə daxil olsa belə, modernizm baxımından Avropa dili deyil və onu Avropa mədəniyyətinə əsas körpü kimi təqdim etmək yanlış ümumiləşdirmədir. Müasir dünyada Avropa mədəniyyətinə inteqrasiyada əsas vasitə ingilis dilidir. Çünki bu gün iqtisadiyyatın, texnologiyanın, hüququn, elmin və qlobal kommunikasiyanın dili ingiliscədir. Rus dili, çox təəssüflər olsun ki, Kreml tərəfindən daha çox post sovet məkanına ideoloji təzyiq dilinə çevrilib, eləcə də Rusiyanın öz daxilində bir dil klassik təyinatından kənara çıxan məqsədlər üçün istifadə olunur. Odur ki, bu məsələdə mövqe bildirməyi zəruri hesab edən şəxslər rus dili və sivilizasiya arasında rabitə axtararkən, rus dili və neo-imperalizm arasındakı sistematik əlaqələri də görməyə, vurğulamağa borcludurlar.

Dördüncü tezis barədə:

Yaxşı yadımdadır, gənc parlament müxbiri idim, mərhum prezident Heydər Əliyevin iştirakı ilə Milli Məclisdə qızğın müzakirələr gedirdi. Bir müxalif deputat “Azərbaycanın xarici siyasətinin hansı uğurları var” sualı ətrafında bəlağətli, uzun və skeptik bir çıxış etdi.

Ulu Öndər ona sadəcə bir cümlə ilə cavab verdi:

“Bizim bütün sahələrdə siyasətimizin ən böyük uğuru Azərbaycanın dövlət müstəqilliyidir, dövlət müstəqilliyinin qorunması və inkişafıdır”.

Bəli, bu gün cəmiyyətdə və idarəçilikdə ən müxtəlif problemlər var, bunu heç kim inkar etmir, danmağa da gərək yoxdur. Ancaq 30 ildə ən böyük tarixi nailiyyətimiz Azərbaycanın dövlət müstəqilliyinin qorunması, tərəqqisi, ərazi bütövlüyümüzün bərpası, bunlarla birgə milli identifikasiyamızın güclənməsi, sivil xalqlar arasında tutduğumuz mövqenin ardıcıl bir şəkildə möhkəmlənməsidir. Azərbaycan dövlətçiliyinin dəyişməz əsası Azərbaycan xalqıdır. Bizim xalqımız azadlıq haqqına söykənən dövlət quruculuğunu öz potensialı ilə bütün post-sovet məkanına və dünyaya isbatlayan avanqard toplumdur. Odur ki, hörmətli opponentimin danışdıqları həm ədalətsizlik, həm də yeni nəsil yaradıcı insanlara qarşı hörmətsizlikdir.

Beşinci tezis barədə:

Bu gün dünyada hansı ölkəni təftiş etsən, təhsil sistemində problemlər mövcuddur. Dünyanın ən qüdrətli dövləti olan ABŞ-da belə təhsilin keyfiyyəti böyük sual altındadır. Lakin dünyanın heç bir ölkəsində təhsil problemlərinin həllini hər hansı imperial dildə görənlər yoxdur. Çünki bütün ölkələrin düşünən beyinləri başa düşür ki, əgər bir sahədə problem varsa, onu çözmək, islahatlar aparmaq, həmin islahatlar üçün ictimai konsensusu, milli həmrəyliyi formalaşdırmaq lazımdır. Azərbaycan dili müstəqil ədəbi dil olaraq bütün funksiyalarını ən mükəmməl şəkildə gerçəkləşdirməyə tam qadirdir. Bizim dövlət dilinə qarşı alternativlər çıxarmaq (söhbət dövlət dili statusundan gedir, əhalinin danışdığı başqa dillərin vəziyyətindən yox) konstitusiya tələblərinin pozulması anlamına gəldiyi kimi, hüquqi baxımdan da məsuliyyət yaradan haldır.

Görünür bütün bunların fərqində olmadığından şimal küləyi kimi coşan müəllif cəmiyyətə uğursuzluq, məğlubiyyət, təslimiyyət ovqatı aşılayır və unudur ki, təhsil sistemində yeganə alternativsiz olan rəsmi dövlət dilidir. Bundan savayı qalan hər şeyi alternativ üsullarla çözmək mümkündür və bir problemin həlli üçün bir neçə model təklif etmək faydalıdır.

Vaxtilə Avropada latın dili elmi və intellektual üstünlük daşıyırdı. Çünki orta əsrlərdə və erkən yeni dövrdə latın dili Avropada elmin, hüququn, fəlsəfənin, teologiyanın əsas dili idi. Universitetlərdə, kilsə institutlarında, dövlət yazışmalarında latın istifadə olunurdu. Latınca bilməyən şəxs “savadsız”, “cahil”, “avam” biri kimi qəbul edilirdi. Fəqət XIX əsrdən etibarən latın dili ölü dilə çevrildi, yalnız tarixi və liturgik dəyər daşıdı. Kant, Hegel, Haydegger alman, Dekart, Russo, Fuko fransız, Lokk, Mill, Rassel, Poper ingilis dilində bərq vurdu. Şərq xalqları üçün bir dönəm ərəb və fars dilləri də bilik və kübarlıq əlaməti sayılırdı, indi ərəb dili yas mərasimlərində işlənir, fars dili isə heç kimi dünyaya çıxartmır. Bütün bunlar bir daha təsdiq edir ki, “intellektual dil” zamanla dəyişir- əlahəzrət diealektika bu müstəvidə də öz sözünü deyir və məsələnin kökü sosial-modern transformasiya ilə bağlıdır.

Elçin Əliyev, sizin probleminiz həm də ondadır ki, siz Azərbaycanın sosial-modern transformasiyasını görə bilmir, nostalgiya içində vurnuxur və nəticədə rus dilini dəyişməz “mədəniyyat və intellekt dili” kimi təqdim edirsiniz. Təqdimatınız zamanı sadəcə olaraq unudursunuz ki, rus dilinin dominant intellektual statusu SSRİ dövründə qalıb. Onu da unudursunuz ki, insanların intellekt səviyyəsi hər hansı dilin özü ilə deyil, həmin dillə yaradılan bilik və dəyərlər əsasında ölçülür. Sizin son bəyanatızda, çox təəssüflər olsun ki, heç bir mütərəqqi dəyər görmək mümkün deyil, əksinə, nifrət dilində danışmaqla cəmiyyəti “ağlar” və “qaralar”a bölürsünüz. Kimin "ağ", kimin "qara" olduğunu müəyyən etmək istəyirsinizsə, bu fotoya diqqətlə baxın!

Altıncı tezis barədə:

Rəy və düşüncələrini qəbul etmədiyiniz şəxsləri “təxribatçı” elan etməyin, onları “yerbəyer edin” deyə hakimiyyətə səslənməyin də heç yeri yoxdur. Öncə bunu deyim ki, “təxribat”, törədicilərinə Cinayət Məcəlləsində cəza nəzərdə tutulan bir əməldir. Heç kimin təqsirsizlik prezumpsiyası altında olan adamları kefinə görə “təxribatçı” adlandırmağa ixtiyarı yoxdur. Üstəlik, inciməyin, bu çağırışdan 1937-ci illərin qoxusu gəlir. Ana dilində təhsil hərəkatının böyük nümayəndəsi Hüseyn Cavid əfəndini də belə çağırışlarla repressiyaya qurban etmişdilər. Dövlətimiz də, prezidentimiz də Azərbaycanın tam bir hüquq dövləti olması üçün əzm nümayiş etdirir. Konstitutsion təminat altında olan fikir və söz azadlığına qarşı çıxmaqla siz özünüzü, əslində, müstəqil Azərbaycan vətəndaşı kimi deyil, həsrətini çəkdiyiniz SSRİ-nin ştatdankənar senzoru kimi aparırsınız.

Yeddinci tezis barədə:

Azərbaycanın sosial, iqtisadi və geosiyasi göstəriciləri inkişaf dərəcəsindən asılı olmayaraq heç bir dövlətlə müqayisə edilə bilməz. Modernləşmə- millətləşmə prosesini ortaya çıxaran dialektik zərurətdir. Bu zərurəti Azərbaycana münasibətdə birbaşa və dolayı yolla Rus imperiyası əlaqələndirmək, yumşaq desək, kolliziyadır. Əvvəla, dünyanın heç bir ölkəsinə və xalqına bəsit, stereotipik və qərəzli, yaxud “ali varlıq” kimi yanaşmaq olmaz. Digər tərəfdən, millətləşmə toplumları unikallaşdıran hadisədir, bu unikallıq da hər dövlətə xüsusi yanaşma tələb edir. Azərbaycan Respublikasını quran və ayaqda saxlayan toplumun, yəni bizim xalqımızın keçdiyi tarixi yola nəzər salanda bəlli olur ki, Nadir şah dövründə qurulmuş Azərbaycan bəylərbəyiliyinin şimal hissəsinin Rusiya tərəfindən işğalı, əslində, xalqımıza qətiyyən firəvanlıq və tərəqqi gətirməyib, tam əksinə, bir xalq olaraq bütünlüyümüzü pozaraq millətləşmə prosesindən ən azı bu günkü Türkiyə qədər güclü bir dövlət kimi çıxmağımızın qarşısını alıb. Bununla bağlı iki vacib məqama toxunmaq istəyirəm. Çar Rusiyası dövründə şimali Azərbaycanın daha sürətlə kapitalizmə keçidi çarın xalqımıza ehtiramından və qayğısından deyil, urbanizasiya və ondan doğan dinamikalar üçün əlverişli zəmin yaradan neft Bakısı ilə bağlı idi. Fəqət Bakıda modernləşmənin vüsət alması Təbrizin bu prosesdə iştirak etməməsi anlamına gəlmirdi. Təbrizin məşhur Məşrutə inqilabının mərkəzi olması göstərir ki, azərbaycanlılar modernləşmə hərəkatına rejim fərqlərinə baxmadan qlobal bir proses kimi qoşulublar. Günümüzə gəlincə, dünyanın 100 ən reytinqli universiteti arasında Rusiyadan bircə ali məktəb belə yoxdursa, rus dilinin fövqəlliyindən danışmaq nə mövcud qlobal reallıqlarla, nə də milli suverenlik və inkişaf prioritetərinə uyğun gəlir.

MƏNİM MƏSƏLƏYƏ TOPARLAYICI BAXIŞIM

Rus dili bu gün Azərbaycan cəmiyyətində nə sırf linqivistik məsələ kimi, nə də konkret bir zümrənin təhsil haqqına müdaxilə kimi müzakirə olunur. Bu məsələdə cəmiyyətimiz də, aydınlarımız da, dövlətimiz də tolerantdır. Şəxsən məni narahat edən bundan sonrakı məsələlər, konkret olaraq rus dili ilə siyasi nüfuz dairəsinin müəyyənləşdirilməsidir. Vladimir Putinin bəyanatlarını yada salaq. Elə bu səbəbdən də rus dilinin toplumun gerçək ehtiyacından daha geniş miqyasda tədrisi ilə bağlı ideologiya və təhlükəsizlik müstəvisində narahatlıq duymağımız təbiidir. Elə Elçin Əliyevin açıqlaması da bu narahatçılığımızın əsaslı olduğunu bir daha təsdiqləyir. Əgər biz rus dilinin müəyyən “elit” təbəqələr və ideoloji dairələr tərəfindən mədəni üstünlük rəmzi və “sivilizasiya kodu” kimi təqdim olunmasının qarşısını almasaq, bu, uzunmüddətli perspektivdə gənc nəslin milli kimlikdən uzaqlaşmasına, təhsil sisteminin deqredasiyasına, dövlətin informasiyaya nəzarət imkanlarının zəifləməsinə, ən əsası, Rusiya ilə asimmetrik asılılıq münasibətinin legitimləşməsinə səbəb ola bilər. Bunun qarşısı isə alınmalıdır və alınacaq!

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru