Etimad mühitinin qurulması üçün İrəvan hansı addımlar atmalıdır? - ANALİZ

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mühüm bir diplomatik görüş baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə, daha sonra isə təkbətək formatda bir araya gəldilər.

Görüş ümumilikdə 5 saat davam etdi. Xarici İşlər Nazirliyinin açıqlamalarına əsaslansaq, müzakirələrdə əsas diqqət iki ölkə arasında normallaşma prosesinin müxtəlif aspektlərinə, xüsusilə də sərhədin delimitasiyası və gələcək əməkdaşlıq imkanlarına yönəlib. Liderlər delimitasiya ilə bağlı əldə olunan nəticələri yüksək qiymətləndirərək, müvafiq dövlət komissiyalarına bu istiqamətdə əməli fəaliyyətin davam etdirilməsi üçün yeni tapşırıqlar veriblər.

Tərəflər ikitərəfli danışıqların normallaşma üçün ən səmərəli format olduğunu təsdiqləyərək, nəticəyönümlü dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşün təşkilinə görə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür ifadə olunub.

Zənnimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin görüş barədə yaydığı açıqlamada bir nüansın üzərində dayanmağa xüsusi lazım var: “Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.”

Bu ifadə, əslində, görünən diplomatik buz dağının sualtı hissəsidir.

Etimad- uzun müddət Azərbaycana qarşı işğalçı siyasət yürütmüş, dövlət siyasəti savaş və nifrət üzərində inşa edilmiş Ermənistan üçün, əslində, çoxdan itirilmiş bir kapitaldır. Odur ki, diplomatik masada “sülh” və “normallaşma” nə qədər çox vurğulansa da, real həyatda etimad olmadan Cənubi Qafqazda real əməkdaşlıq mühiti qurmaq mümkün deyil.

Odur ki, Ermənistan özünə heç olmazsa, qismən etimad formalaşdırmaq üçün etimad quruculuğu tədbirlərinin yalnız protokol görüşləri, ümumi bəyannamələr və ya sərhədin cizgilərini çəkməkdən ibarət olmadığını dərk etməlidir. Bu, daha dərindən- xalqlar arasında psixoloji baryerləri yıxmaq, informasiya blokadalarını aşmaq və ən əsası, güvən yarada biləcək konkret addımlarla ölçülür. Məsələn, İrəvanın silahlanma meylindən çəkinməsi, sərhəd boyunca Azərbaycana durbinlə baxan müşahidəçilərin evlərinə göndərilməsi, humanitar və mədəni əlaqələrin təşviqi- bütün bunlar etimadın rəsmi təzahür formaları ola bilər. Ən əsası, etimad üçün Nikol Paşinyandan iradə, dürüstlük və davamlılıq tələb olunur.

Bununla yanaşı, etimad mühitinin formalaşması üçün Ermənistan daxilindəki revanşist qüvvələrin təsir imkanlarının sıfırlanması da əsas şərtdir. Bu qüvvələrin həm daxili siyasətə, həm də regional dinamika üzərində təsiri davam etdikcə, normallaşma prosesi imitasiya səviyyəsindən o yana keçə bilməz. Ermənistan mediasının ritorikası da dəyişməlidir - Azərbaycanın suveren ərazilərində keçirilən tədbirlərin “işğal olunmuş Akna, Berdzor”, Şuşi” kimi yer zərflərində təqdim olunması, tarixdən və hüquqdan uzaq bir informasiya mühiti yaradır və ictimai düşüncədə etimadı zəhərləyir.

Unutmayaq: Sülh və etimad quruculuğu ilk növbədə informasiya sahəsində başlayır!

Eyni zamanda, mina xəritələrinin tam və dəqiq təqdim olunması, əsir və itkin düşmüş şəxslərlə bağlı Ermənistanın hələ də gizlətdiyi məlumatların açıqlanması, Azərbaycanın itkin düşmüş 4 minə yaxın vətəndaşının aqibəti ilə bağlı konkret detalların üzə çıxarılması da etimadın real ölçülə biləcək elementləridir. Bu istiqamətdə Ermənistan addımlar atmadan tərəflər arasında yaranan “dialoq görüntüsü” reallığa çevrilə bilməz.

Taleh ŞAHSUVARLI,

AzNews.az