“Avropa iqtisadiyyatı ciddi risk altındadır” – Trampın tarif qərarı nə vəd edir?

“Əlavə idxal rüsumlarının tətbiqi qısamüddətli dövrdə qiymətlərin artmasına səbəb ola bilər. Bu isə Avropa məhsullarının rəqabət qabiliyyətini azaldaraq, regionun ABŞ-a ixracını aşağı sala bilər. Hazırda Avropa İttifaqı ilə ABŞ arasında illik ticarət dövriyyəsi təxminən bir trilyon dollara yaxındır. Bu dövriyyənin təqribən 250 milyard dollarlıq hissəsi Avropanın xeyrinə olan ticarət balansıdır. Avropa ABŞ-a təxminən 600 milyard dollarlıq məhsul ixrac edir, əvəzində isə ABŞ-dan 350 milyard dollarlıq mal idxal edir. Yəni təxminən 250 milyard dollarlıq müsbət saldo mövcuddur. Xidmət ticarətində müəyyən dərəcədə ABŞ üstünlük təşkil edir, lakin ümumi mal ticarətində Avropa daha üstün mövqedədir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Qərb ölkələri arasında ticarət tariflərinin tətbiqi genişmiqyaslı ticarət müharibəsinə səbəb ola və Qərbin kollektiv gücünü zəiflədə bilər. ABŞ Prezidenti Donald Tramp isə açıqlayıb ki, 1 avqustdan Avropa İttifaqından idxal olunan mallara 30 faizlik yeni gömrük rüsumu tətbiq ediləcək.

Ekspert qeyd edib ki, bu, Avropa, xüsusilə də ixracdan asılı olan Almaniya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

“ABŞ-ın əlavə tariflər tətbiq etməsi halında Avropa da cavab olaraq eyni addımı ata bilər. Qarşılıqlı şəkildə idxal rüsumlarının tətbiqi hər iki tərəfdə qiymətləri artıracaq, ticarət dövriyyəsini isə azaldacaq. Uzunmüddətli dövrdə hər iki tərəf alternativ bazarlar axtarmağa başlayacaq. Diversifikasiya səyləri güclənəcək. Ancaq bu prosesdə Avropa, xüsusilə də ixracdan ciddi şəkildə asılı olan Almaniya iqtisadiyyatı daha çox əziyyət çəkə bilər. Bu səbəbdən Avropa Mərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı sala bilər. Lakin bütün hallarda Avropa iqtisadiyyatı bu prosesdən daha ciddi təsirlənəcək. Tarif qərarları inflyasiya baxımından da risklidir. Qiymət artımları qaçılmaz olacaq. İdxal olunan malların bahalaşması, istehlakçı xərclərini artıracaq. Eyni zamanda tədarük zəncirlərində gecikmələr, logistik xərclərin artması və istehsal prosesində çətinliklər müşahidə oluna bilər. Bu isə orta və uzun müddətdə yeni ticarət partnyorlarının axtarılmasını zəruri edəcək. Lakin bu cür alternativ partnyorların tapılması və yeni ticarət əlaqələrinin qurulması vaxt və resurs tələb edir. Ümumilikdə bu cür ticarət mübahisələri və qarşılıqlı rüsumlar ABŞ və Avropa Birliyi arasında iqtisadi əlaqələrə mənfi təsir göstərir. Ticarət dövriyyəsinin azalması, inflyasiyanın yüksəlməsi və iqtisadi inkişaf tempinin zəifləməsi əlavə sosial problemlərə səbəb ola bilər. Bununla belə, vəziyyət hələlik tam dəqiqləşməyib. Bəzən bu kimi tarif qərarları açıqlansa da, son anda ticarət razılaşmaları əldə olunur. Ona görə də vəziyyətin gələcək inkişafı açıq qalır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az