Bir daha Rəsulzadə, bir daha Solmaz, bir daha Mirşahin!

Akademik səviyyədə tarixçi titulları daşıyan Solmaz Tohidi Rüstəmovanın Azərbaycan jurnalistikasının duayeni Mirşahinin Məhəmməd Əmin Rəsulzadə barədə fikirlərini təftiş etməsindən hörmətli həmkarımın sosial şəbəkə hesabından xəbər tutdum. Bilənlər bilir, xeyli vaxtdır ki, Solmaz Tohidi də daxil olmaqla Azərbaycan ictimai rəyində, xalqımızın tarixi şüurunda “Rəsulzadə mifləri” formalaşdırmaq istəyənlərlə qarşı tərəf adına uğursuz və səmərəsiz polemikalar içindəyəm. Ona görə də çox yaxşı bilirəm ki, professor Nəsiman Yaqublunun timsalında bir neçə gerçək və nüfuzlu tədqiqatçıdan başqa, özünü Məhəmməd Əmin Rəsulzadənin yolgüdənləri elan edənlərlə elmi müzakirə açmaq, ictimai faydalı mübahisə aparmaq, sadəcə olaraq, mümkünsüzdür.

Tarixi baxımdan mötəbər fakt və dəlillər yerinə sosial şəbəkələrdəki pozitiv elmin əlifbasından xəbəri olmayan cahil sürüsünə sığınan bu cür professorların ən "bərk gedən"lərindən biri Rəsulzadə barədə aylarla təbliğ olunan, bəh-bəhlə təqdimatları keçirilən kitabında həm Cümhuriyyətə qədər, həm də Cümhuriyyət dövründə siyasi arenada bir çox məqamlarda Məhəmməd Əmin bəydən daha yüksək mövqe tutmuş Məmmədhəsən Hacinskinin ixtisasını “hüquqşünas” kimi göstəribsə, deməli, belələrinin titullarını da, kitablarını da ciddiyə almağa dəyməz. İnsaf naminə deməliyəm ki, Tohidi həmin müəlliflərdən bir qədər öz zəhmetkeşliyi ilə fərqlənir, heç olmasa arxivin, kitabxananın yolunu tanıyır. Bununla belə, kitabxanalarda çalışmaq, arxiv sənədlərini, Mirşahinin təmiz Azərbaycan türkcəsində ifadə etdiyi təbirlə desəm, qurdalanmaq hələ pozitiv elmin standartlarına uyğun tədqiqat aparmaq, məqalə və əsərlər ortaya qoymaq anlamına gəlmir.

Öz fikrim deyil, dünya üzrə təhsilin keyfiyyətini ölçən bir beynəlxalq təşkilatın hesabatındandır: “21-ci əsrdə hər kəs akademik fəaliyyətlə məşğul olmaya bilər, amma 21-ci əsrdə hər kəs elmi dünyagörüşə sahib olmalıdır”. Elmi dünyagörüşə sahib olmaq, mövzumuz kontekstində keçmişdə və günümüzdə baş verənləri pozitiv elmin prinsiplərinə, qaydalarına, etik qurallarına əsasən sorğulamaqdır. Bu nöqteyi-nəzərdən mənim müşahidə və qənaətlərimə görə, ixtisasca tarixçi olmayan Mirşahin akademik səviyyədə tarixçi titulları daşıyan Solmaz Tohididən daha çox, həm də qat-qat çox tarixçidir.

Mirşahinin Solmaz Tohidi tərəfindən etirazla qarşılanan müsahibəsini diqqətlə izləmişəm. Orada Mirşahinin Rəsulzadə ilə bağlı sözlərinin əsas məğzi bu idi ki:

- Rəsulzadə məğlub tarixi fiqurdur.

- Rəsulzadə hakimiyyəti təhvil verib və gizlənib, qaçıb;

- Rəsulzadə bolşeviklərlə əməkdaşlıq edib.

Rəsulzadənin qurulmasında iştirak etdiyi, ancaq elan olunacağını öncədən bilmədiyi Cümhuriyyətə bir siyasi xadim kimi sahib çıxa bilməməsi inkar edilməz və acı tarixi gerçəklikdir. 28 aprel 1920-ci ildə AXC parlamentində hakimiyyət bolşeviklərə təhvil verilərkən Rəsulzadə də məbuslar arasında idi. Onun parlamentin son iclasında etdiyi çıxış da geniş oxucu auditoriyasına mərhum akademik Ziya Bünyadovun əməyi sayəsində məlumdur. Fəqət həmin çıxışında Rəsulzadə gənc Cümhuriyyətin süqutunun qarşısına üsyan bayrağı qaldıran, müqavimət hərəkatı təşkil edəcəyini hayqıran, bolşeviklərə qarşı silahlı qiyam başladacaq bir lider kimi çıxmır, hakimiyyətin devrilməsi ilə psixoloji baxımdan barışmış və hətta səsvermədə də əleyhinə oy qullanmayan məğlub siyasi xadim tövrü sərgiləyir.

AXC süqut etdikdən sonra Rəsulzadə az müddət Bakıda gizlənir, daha sonra qohumlarının yanına- Lahıca qaçır. Rəsulzadənin Lahıcda olduğu günlərdə müstəqil Cümhuriyyətin yıxılmasına, hakimiyyətin bolşeviklərə keçməsinə qarşı ölkənin dörd bir yanında etiraz formalaşmışdı. Müsavatın sədri kimi bu etirazları təşkilatlandırmaq və bolşeviklərin möhkəmlənməsinə mane olmaq əvəzinə Məhəmməd Əmin bəy elmi dərinliyinə görə ən yaxşı halda orta səviyyəli publisistika nümunəsi olan “Əsrimizin Siyavuş”unu yazmaqdaydı. Bu, sultan Mehmet Fatehin Konstantinopolu fəth etdiyi günlərdə Bizansın din xadimlərinin Aya Sofiyaya toplaşıb mələklərin cinsini müzakirə etməsinə bənzəyən bir tövr idi.

Mən Rəsulzadə niyə milli müqavimət hərəkatı elan etməyib, onun başında durmayıb deyə Cümhuriytətin qurulmasında az-çox iştirak etmiş və buna görə də hər cür sayğını haqq edən bir tarixi şəxsiyyəti ittiham etmirəm. Bu cür ittihamın absurd olacağının da fərqindəyəm.

Əvvəla ona görə ki, tarix baş verməyənləri qeydə almır.

İkincisi, AXC-nin süqutunun yeganə səbəbi bolşevik işğalı deyildi. Bəli, əsas səbəb bu idi, ancaq çox sayda daxili faktorların da işin bu yerə gəlməsində rolu olmuşdu.

Müstəqilliyin itirilməsinin ən başlıca daxili səbəbi işğal ərəfəsində AXC-də etimadlı hökumətin olmaması idi. Nəsib bəy Yusifbəyli kimi Cümhuriyyətə “Azərbaycan” adını qoymuş görkəmli siyasi xadimin başçılıq etdiyi hökumətə qarşı elə Müsavatda təmsil olunan və Rəsulzadəyə “bir köynək” yaxın sayılan Məmmədhəsən Hacinski tərəfindən başlanan kampaniya nəticəsində V Kabinetə etimadsızlıq göstərilmişdi. Məhəmməd Əmin öz yazılarında Hacınskini Cümhuriyyətin süqutunun “əsas faili“ adlandırır. Ancaq gəlin bu barədə düşünək: “Əsas fail” partiyasının daxilindəki qovğaları çözə bilməyən, həmin çəkişmələrin parlamentə sıçramasının qabağını ala bilməyən, yaxın çevrəsindəki bolşeviklərlə işbirliyinə getmiş xainlərin dəftərini dürməyən, şimaldan hədə dalınca hədə, ultimatum dalınca ultimatum gəldiyi bir zamanda tarixi məsuliyyəti öz üzərinə götürüb hökumətin başına keçməyə cürət etməyəndir, yoxsa aldığı şəxsi təhlükəsizlik və vəzifə təminatı qarşısında (ona da vəd verənlər son nəticədə əməl etmədilər) Azərbaycanın işğal olunmasını asanlaşdırmaq üçün hökumət böhranı yaratmış siyasi intriqant?

Məhəmməd Əmin Rəsulzadənin V kabinetə etimadsızlıq göstərilməsindən sonra parlamentdə çoxluğu təşkil edən Müsavatın sədri kimi tarixi məsuliyyəti öz üzərinə götürə bilməməsinin tək bir səbəbi var- o, heç vaxt AXC-nin yaranması ilə nəticələn milli hərəkatın ideoloji və siyasi baxımdan lideri olmayıb! Bəli, Birinci Respublikamızın başlıca ideoloji sütunlarından heç biri Məhəmməd Əminə məxsus deyil. Yeni dövlətin təşəkkülündə, hüquq mexanizmlərinin formalaşmasında, təşkilatlanmasında və təhlükəsizlik sisteminin qurulmasında Müsavat sədrinin şəxsi rolu nəinki Əlimərdan bəy Topçubaşovdan, Fətəli xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Xəlil bəy Xasməmmədovdan, hətta Məmmədhəsən Hacınskidən də geridə olub. Bircə onu demək kifayətdir ki, Batumda Osmanlı ilə Sülh Müqaviləsi bağlamış AXC-nin Nümayəndə Heyətinə Milli Şuranın sədri deyil, xarici işlər naziri Hacınski rəhbərlik edirdi. Rəsmi protokollarla təsdiq olunan bu tarixi fakt Solmaz Tohidi də daxil olmaqla bəzi elmi dərəcə sahiblərinin “Milli Şuranın sədri dövlətin başçısı idi" tezisinin heç bir əsasa söykənmədiyini bir daha ortaya qoyur.

Əziz oxucu! Solmaz Tohididən fərqli olaraq mən İrandakı kommunist hərəkatları mövzusu üzrə ixtisaslaşmış tarixçi deyiləm. Magistr ixtisasıma görə, fəlsəfə tarixçisiyəm və bu müstəvidə maraq dairəm azadlıq ideyasıdır. Odur ki, 20-ci əsrin əvvəllərində Azərbaycanı müstəqil dövlətə çevirən azadlıq ideyası barədə akademik titullar arxasında gizlənənlərə günlərlə mühazirə oxuya bilərəm. Ancaq indi xüsusi olaraq Solmaz Tohidiyə xatırlatmaq istədiyim bir neçə fakt var.

1. Məhəmməd Əmin Rəsulzadə siyasi nəzəriyyələrdə “bayraqdar” adlanan lider tipinə uyğun bir tarixi şəxsiyyət deyil. “Bayraqdar” o lider tipinə deyirlər ki, (məsələn, Vladimir Lenin, Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Ayətullah Xomeyni və s.) o, konkret bir hədəf göstərsin, həmin hədəf uğrunda cəmiyyətini təşkilatlandırsın, siyasi şəraiti öz mübarizəsi ilə dəyişərək yeni reallıq ortaya çıxarsın. 1918-ci ilin may ayının ortalarında Nəsib bəy Yusifbəyli Tiflisdə müstəqil dövlət yaradılması təklifi ilə çıxış edənə qədər M.Ə.Rəsulzadənin AXC formatında milli istiqlal əldə olunması yönündə BİRCƏ CÜMLƏSİ BELƏ YOXDUR! Varsa, S. Tohididən israrla o cümləni ortaya qoymağı xahiş edirəm.

Mən hər dəfə bu faktsızlığa diqqət çəkəndə bəzi kolleksionerlər etiraz edir ki, guya milli istiqlal ideyasından açıq danışmağın vədəsi yetişməyibmiş. Bu olduqca çürük söhbətdir. “Bayraqdar” o liderlərə deyirlər ki, ideya ortaya qoyaraq vədəni yetişdirsin. Digər tərəfdən, bu baxımdan gürcü və ermənilərlə müqayisə aparmaq lazımdır. Cənubi Qafqazın bu iki xalqının ictimai-siyasi təşkilatları müstəqil dövlət qurmaq ideyasını 1918-ci ildən xeyli qabaq müzakirəyə çıxarmışdılar. Nəhayət, tutalım, çar Rusiyasını başa düşdük, Rusiyadakı Müvəqqəti Hökumət dövrünü də anlayışla qarşıladıq.

Xanımlar və cənablar, Müsavat Partiyası qurultay keçirərək rəsmi proqramını qəbul edəndə Lenin Oktyabr çevrilişini reallaşdırır, bolşeviklər hakimiyyət ələ keçirirdi. Bəs, hanı Müsavatın rəsmi proqramında AXC formulu?

2. Azərbaycan Xalq Cümhuriyyətinin ideya əsasları Azərbaycançılıq, Xalqçılıq, Suverenlik, Respublikaçılıq, Unitarlıq, Konstitutsional demokratiya (AXC dövründə Ana Yasanın qəbul olunmaması başqa məsələdir), Türkçülük, İslam, Çağdaşlıqdır. Bu siyahını uzatmaq da olar, ancaq fundamental məfhumlar bunlardır. AXC-ni təşəkkül etdirən bu ideyaların xalqımızın ictimai düşüncə sisteminə daxil olmasının təşəbbüskarı, ilk müəllifi Məhəmməd Əmin Rəsulzadə deyil!

Məhəmməd Əmin Rəsulzadə sistemli təhsilə malik olmadığından bu ideyaları ictimai düşüncə tariximizə yazacaq biliklərə də heç vaxt malik olmayıb. Bəli, o istedadlı, qabiliyyətli, öz üzərində çalışan fiqur idi, amma Tomas Hobssun suverenlik ideyasına Azərbaycanın İstiqlal Bəyannaməsinin qısa mətnində yer edəcək qədər dərin akademik savad ala (obyektiv səbəblərdən )bilməmişdi.

Mirşahinin Rəsulzadənin bolşeviklərlə əməkdaşlıq etməsi fikrini süngü ilə qarşılayan Tohidinin, görünür, yadından çıxıb ki, Məhəmməd Əmin bəy gənclik illərində Rusiya Sosial Demokrat Fəhlə Partiyasının siyasi nəzarətində olan “Hümmət”in qurucularından olmuşdu və bolşeviklərlə eyni səngərdə Milli Cəbhə hesab edilən düşərgənin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimardan bəy Topçubaşov və digər liderlərinə qarşı mübarizə aparırdı. Rəsulzadə və Stalin arasındakı, Hüseyn Bayqaranın təbirincə desək, "qüvvətli bağlar" da, elə o zamanlardan formalaşmışdı.

AXC-nin süqutundan sonra Rəsulzadənin həyatının Rusiya dönəmi barədə elə onun özünün Stalinlə bağlı dərc etdirdiyi xatirələrində xeyli məlumat var. AXC-nin iki dövlət lideri- Fətəli xan Xoyski erməni teroruna qurban getdiyi, Nəsib bəy Yusifbəylinin bu gün də məzarı tapılmayacaq şəkildə qətlə yetirildiyi bir dönəmdə Rəsulzadənin şəxsən Stalin tərəfindən yol boyu dadlı təamlara qonaq edilərək qatarla Moskvaya aparılması, orada işlə təmin olunmasını Tohidi nə dana, nə də yoza bilər. Zira, Rəsulzadənin Stalinlə bağlı xatirələrində yazdığı bir epizod var:

“Abbasqulunun işi ilə əlaqədar görüşdüyüm əsnada Stalin:

- Necə yaşayır, nə düşünür, nə edirsiniz? - deyə hal-əhval tutdu.

- Xırda-mırda işlərlə, gündəlik həyat zərurətlərilə məşğulam, - dedim.

- Həyat deyilən şey əslində elə xırda-mırda işlərdən ibarətdir, hər halda bir perspektiviniz vardır, - dedi.

- Moskvada qaldıqca bir perspektivim yoxdur, - dedim.

- Bəlkə Türkiyəyə gedəsiniz? - dedi.

- Hmm.. - deyə bir az düşündüm, sonra, - bəli, - dedim: “Artıq Türkiyə ilə tam anlaşmış vəziyyətdəsiniz... Bəlkə də mənim oraya getməyimə bir maneə yoxdur. İcazə versəniz, bundan məmnuniyyətlə istifadə edərəm, nə deyirsiniz?..

Stalin dərhal qalxdı. Bığlarını buraraq otağın içində o tərəf - bu tərəfə gedərək “bu qərardan vaz keçin”, - dedi.

- Qərar deyilən bir şey yoxdur, bu fikri indicə mənə əslində siz təlqin etdiniz, - dedim.

- Yox, təlqin etməmiş olum, - dedi".

Bu dialoqdan açıq göründüyü qədər, Rəsulzadənin Rusiyadan çıxması İosif Stalinlə müzakirə olunub. Ona görə də sorğulanmağa layiqdir ki, Rəsulzadənin üzərindəki nəzarətdən yayınıb Rusiyanın tərk etməsinə bu dialoq birbaşa təsir göstərib, ya yox?

Rəsulzadənin Rusiyanı tərk etdikdən sonra sonda məhz Türkiyədə mənzillənməsi və bundan sonra Əlimərdan bəy Topçubaşova qarşı "qara PR" kampaniyasına start verməsi, sovet hakimiyyətinə qarşı Cümhuriyyətçi mühacirəti parçalaması, 28 may 1918-ci ildə AXC-nin elan edilməsinin əsas təşəbbüskarlarından olan Xəlil bəy Xasmməmədovu Müsavatdan qovması kimi faktlar fonunda belə qənaətə gəlmək olar ki, söhbət heç də təqdim olunan formada yekunlaşmayıb. Yolgüdən tarixçilər Əlimərdan bəyə və Xəlil bəyə qarşı aparılan qarayaxma, təhqir və böhtan kampaniyasının üstündən olayları “mühacirlər arasında ixtilaflar” kimi qələmə verərək keçsələr də, bu barədə gerçəkləri açıq ifadə etmək lazımdır. Şəxsən və birbaşa M.Ə. Rəsulzadənin göstərişi ilə başlamış bu kampaniyada Əlimərdan bəyə edilən haqsızlıq və sayğısızlığı ancaq və ancaq Topçubaşovun Bakıda daşnak-bolşeviklərin həbsxanasında olarkən gördüyü mənəvi-psixoloji işgəncə ilə müqayisə etmək olar.

Rəsulzadənin fəaliyyətinə ən doğru elmi və hüquqi qiymət Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamda verilib. Prezidentin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamında deyilir:

“Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.

Bu gün canlı yayımda ifadə edilmiş texniki bir qeyri-səhihliyə görə Mirşahindən “mənbə və fakt” tələb edən Solmaz Tohidinin kütləyə xoş gəlmək fəaliyyəti məhz bu sərəncamdakı təqdim etdiyimiz elmi və hüquqi qiymətə qarşı yönəlib. Onun "müasir tədqiqatlar" deyərək qurduğu cümlələrin də nə müasirləyə, nə də tədqiqatçılığa bir dəxli var. İstənilən açıq və elmi debatda çıxsınlar qabağıma, təkkə söhbətləri etdiklərini beşcə dəqiqəyə sübut edim.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ilk mərhələsində dövlətin sərhədləri daxilində uzağı 3 gün olmuş, bu 3 gün ərzində də səlahiyyətlərini itirib “diplomatik sürgün”ə göndərilmiş, bütün faəliyyəti boyu bir manqa əskərə döyüş əmri verməmiş, bioqrafiyası ziddiyyətlərlə dolu tarixi personanı böyük bir xalqın azadlıq məfkurəsinin önünə qoyanda heç bir fakt və mənbə göstərə bilməyənlərin bolşeviklərin Cümhuriyyətin yüzüncü dərəcəli məmurlarını da repressiyaya məruz qoyduqları halda, Rəsulzadəni əməkdaşlığa cəlb etməsi gerçəkliyini heç bir şəkildə təhrif etməyən texniki nüansdan yapışıb Mirşahinə moizə oxuması ən yaxşı halda ikrah doğura bilər.

Əgər Tohidinin məqsədi doğrudan da faktla danışmaqdırsa, onda və sonda faktın birini deyim: Rəsulzadə Osmanlı dövlətinə məktubla müraciət edərək Cənubi Qafqazda erməni dövlətinin yaranmasına razılıq verilməsini xahiş etmişdi.

Dünya o gün də fırlanırdı!

Taleh ŞAHSUVARLI

AzNews.az analitik-informasiya portalının baş redaktoru