“Paşinyan kilsənin təsirini azaltmağa çalışır” - Azad Məsiyev

“Əvvəla qeyd etmək lazımdır ki, Ermənistanda kilsə faktiki olaraq “dövlət içində dövlət” rolunu oynayır. O, həm iqtisadi, həm siyasi, həm də müəyyən mənada hərbi gücə malikdir. Tarixən Ermənistan dövləti yaranmazdan əvvəl də erməni millətinin ideoloji bazası məhz kilsə daxilində formalaşıb və bu gün də həmin ideoloji xətt oradan idarə olunur. Ermənistanda hakimiyyətə gələn hər bir siyasi qüvvə kilsə ilə hesablaşmalı olub. Kilsənin müəyyənləşdirdiyi strateji xətt uzun illər siyasi hakimiyyət tərəfindən həyata keçirilib. Hazırda isə kilsə ilə Baş nazir Nikol Paşinyan hökuməti arasında ciddi qarşıdurma yaşanır. Bunun əsas səbəbi Paşinyanın apardığı siyasətlə kilsənin ideoloji baxışları arasında yaranan kəskin fikir ayrılığıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ermənistanın mənəvi mərkəzi “Müqəddəs Eçmiədzin” Baş nazir Nikol Paşinyanı Erməni Apostol Kilsəsini məhv etmək planı həyata keçirməkdə ittiham edib. Katolikos I Karekinin sədrliyi ilə keçirilən konfransda bildirilib ki, hökumətin kilsəyə qarşı addımları dindarların hisslərini təhqir edir. Politoloq Qrant Məlik-Şahnazaryan isə qeyd edib ki, Paşinyan katolikos II Qaregini devirmək planında irəliləyiş əldə edib və kampaniyanı mərhələli şəkildə davam etdirir.

Siyasi şərhçinin fikrincə, bəzi ekspertlər bu mübarizəni dini zəmində baş verən proses kimi qiymətləndirsələr də, əslində qarşıdurma siyasi mahiyyət daşıyır.

"Çünki erməni xalqının ideologiyası tarixən kilsə tərəfindən formalaşdırılıb və siyasi hakimiyyətlər həmin ideologiyanı həyata keçirib. Lakin Paşinyan Qərbin, xüsusilə də ABŞ-ın dəstəyilə hakimiyyətə gəlib və onun siyasəti daha çox xarici qüvvələrin təlimatlarına əsaslanır. Ümumilikdə, erməni kilsəsi ilə beynəlxalq erməni lobbisi arasında da sıx əlaqə mövcuddur. Kilsə ideoloji fəaliyyətini xaricdəki diaspor vasitəsilə gücləndirir. Paşinyanla kilsə arasında qarşıdurma da məhz bu ideoloji və siyasi strateji ziddiyyətlərdən qaynaqlanır. Kilsə Paşinyanın Qərbin maraqlarına xidmət etdiyini düşünür və bu səbəbdən onu dəstəkləmir. 44 günlük müharibədən sonra regionda yaranan yeni siyasi reallıqlar Paşinyanı siyasətini dəyişməyə vadar edib. O, Ermənistanın gələcəyini qonşular — Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasında görür. Paşinyan anlayır ki, Ermənistan dünya iqtisadi sisteminə inteqrasiya etmək üçün sərhədlərin açılmasına, nəqliyyat infrastrukturunun bərpasına və regional əməkdaşlığa ehtiyac duyur. Bununla belə, kilsə hələ də “dənizdən dənizə böyük Ermənistan” ideologiyasını gündəmdə saxlayır. Kilsənin xarici xüsusi xidmət orqanları ilə, o cümlədən Qərb strukturları ilə əlaqələri hələ sovet dövründən mövcuddur və bu əlaqələr indi də davam edir. Kilsənin iqtisadi, siyasi və hərbi qanadları mövcuddur və onun ideoloji baxışlarına qarşı çıxan şəxslərə qarşı radikal addımların atıldığı tarixi faktlardır. Hazırda Ermənistanda qarşıdurma təkcə Paşinyanla kilsə arasında deyil, həm də müxtəlif erməni lobbiləri arasında gedir. Rusiya və Qərbdəki erməni diasporları arasında fikir ayrılıqları mövcuddur. Bu da Paşinyanın vəziyyətini daha da çətinləşdirir. O, həm daxildə kilsə ilə, həm də xaricdəki lobbilərin təsirində olan müxalifətlə mübarizə aparır. Paşinyanın əsas məqsədi 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakimiyyətdə qalmaqdır. Bunun üçün o, kilsənin cəmiyyətdəki təsirini azaltmağa, dini strukturları siyasi nəzarət altına almağa çalışır. Nəticə etibarilə, Ermənistanda baş verən proseslər dini dəyərlərlə bağlı deyil — bu, siyasi hakimiyyət uğrunda gedən mübarizənin bir formasıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az