Gömrük xidmətlərində yeni mərhələ: Rəqəmsal identifikasiya niyə vacibdir? - ŞƏRH

Bu gündən – 1 iyun 2026-cı il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir.

Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır.

“SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə çıxış edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza” istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır.

Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsqal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Azərbaycanda elektron dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar fonunda Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında identifikasiya qaydalarının dəyişdirilməsi kibertəhlükəsizlik və rəqəmsal idarəetmə baxımından mühüm mərhələ hesab oluna bilər. İyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim olunması üçün sadəcə FİN və paroldan istifadə imkanının ləğv edilməsi, əvəzində daha güclü elektron identifikasiya mexanizmlərinə keçid beynəlxalq rəqəmsal transformasiya tendensiyalarına uyğun addım kimi qiymətləndirilir.

Son illərdə dünyada elektron hökumət sistemlərinin əsas prioritetlərindən biri istifadəçi identifikasiyasının daha etibarlı üsullarla həyata keçirilməsidir. Avropa İttifaqında tətbiq olunan eIDAS çərçivəsi, Estoniyanın rəqəmsal şəxsiyyət modeli və Sinqapurun “Singpass” sistemi göstərir ki, rəqəmsal xidmətlərin genişlənməsi ilə yanaşı, istifadəçi məlumatlarının qorunması da strateji əhəmiyyət daşıyır. Çünki elektron ticarət əməliyyatları və gömrük bəyannamələri maliyyə, şəxsi məlumatlar və beynəlxalq ticarətlə bağlı həssas informasiyaları əhatə edir.

Bu baxımdan SİMA rəqəmsal imzasının istifadəsinin genişləndirilməsi dövlət xidmətlərində vahid rəqəmsal identifikasiya ekosisteminin formalaşdırılmasına xidmət edir. Üztanıma texnologiyası əsasında işləyən və mobil tətbiq üzərindən əldə olunan rəqəmsal imza həm istifadə rahatlığı, həm də təhlükəsizlik baxımından ənənəvi identifikasiya üsullarından daha effektiv hesab edilir. Dünya Bankının rəqəmsal iqtisadiyyat üzrə hesabatlarında da qeyd olunur ki, etibarlı rəqəmsal identifikasiya sistemləri elektron xidmətlərdən istifadə səviyyəsini artırmaqla yanaşı, əməliyyat xərclərini də azaldır.

Azərbaycanda rəqəmsal dövlət xidmətlərinə tələbatın sürətlə artması bu cür həllərin aktuallığını daha da yüksəldir. Son illərdə elektron hökumət platformaları, rəqəmsal ödəniş sistemləri və onlayn dövlət xidmətlərindən istifadə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. SİMA İmzanın 6,5 milyondan çox yüklənməsi də vətəndaşların rəqəmsal xidmətlərə adaptasiya səviyyəsinin yüksəldiyini göstərən mühüm göstəricidir.

Elektron ticarət sektorunun inkişafı da bu dəyişikliklərin əhəmiyyətini artırır. Qlobal miqyasda e-ticarət dövriyyəsi hər il trilyonlarla dollar təşkil edir və sərhədlərarası onlayn alış-verişlərin həcmi artır. Bu proses gömrük əməliyyatlarının daha sürətli, şəffaf və təhlükəsiz həyata keçirilməsini tələb edir. Güclü elektron identifikasiya mexanizmləri isə həm əməliyyatların etibarlılığını artırır, həm də saxtakarlıq risklərini minimuma endirir.

Yeni qaydalar göstərir ki, Azərbaycan rəqəmsal dövlət idarəçiliyində beynəlxalq standartlara uyğun təhlükəsizlik və istifadəçi identifikasiyası modelini formalaşdırmağa çalışır. Bu yanaşma gələcəkdə elektron xidmətlərin daha geniş inteqrasiyasına, rəqəmsal iqtisadiyyatın inkişafına və vətəndaşlar üçün xidmətlərin daha əlçatan olmasına əlavə töhfə verə bilər.

Nuray,

AzNews.az