Fransa Atlantik okeanında Rusiyaya məxsus tankeri saxlayıb

Fransa hüquq-mühafizə orqanları Atlantik okeanında Rusiyaya məxsus olduğu bildirilən “Taqor” tankerini saxlayıb. Hadisə ilə bağlı rəsmi Paris hələlik geniş məlumat verməsə də, Rusiya tərəfi əməliyyat barədə əvvəlcədən xəbərdar edilmədiyini açıqlayıb.

Rusiyanın Parisdəki səfirliyinin məlumatına görə, Fransa hakimiyyəti tankerə qarşı həyata keçirilən əməliyyat barədə Moskvanın diplomatik nümayəndəliyinə heç bir bildiriş göndərməyib.

Bununla yanaşı, Rusiya səfirliyi gəmidə Rusiya vətəndaşlarının olub-olmaması ilə bağlı Fransa tərəfinə sorğu ünvanlayıb. Fransa hakimiyyəti isə ilkin məlumatlara əsasən, tankerə kapitanlıq edən şəxsin Rusiya vətəndaşı olduğunu bildirib.

Fransa tərəfi əməliyyatın səbəblərini hələ açıqlamayıb. Bununla belə, ekspertlər hadisənin Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və nəqliyyat nəzarəti tədbirləri ilə əlaqəli ola biləcəyini istisna etmirlər.

Hazırda “Taqor” tankerinin gələcək taleyi və ekipajın vəziyyəti ilə bağlı araşdırmalar davam edir. Fransa hakimiyyətinin yaxın günlərdə məsələ ilə bağlı əlavə məlumat verməsi gözlənilir.

Mövsüm,

AzNews.az