Paşinyan: Hazırda Aİ və Aİİ arasında seçimlə bağlı referendum keçirmək məntiqsizdir

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırkı mərhələdə ölkənin Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməsi ilə bağlı referendumun keçirilməsi məntiqsizdir.

Paşinyan iyunun 1-də “Facebook” səhifəsində yayımladığı videomüraciətdə qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etmədiyi və ya namizəd statusu almağa yaxın olmadığı bir şəraitdə belə referendumun təşkili üçün əsas yoxdur.

“Belə bir referendumun nə vaxt keçiriləcəyi vacib məsələdir. Ən azı Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət edənə və ya namizəd statusuna yaxınlaşana qədər hər hansı referendumun keçirilməsi məntiqsiz görünür”, – deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, hazırda xalqın qarşısına Aİ və ya Aİİ arasında seçim qoymaq üçün zəruri balans formalaşmayıb. O hesab edir ki, bu gün belə seçim daha çox nəzəri xarakter daşıyır və nəzəri məsələnin referendum predmetinə çevrilməsi düzgün və əsaslandırılmış addım olmaz.

Paşinyan əlavə edib ki, Ermənistan bundan sonra da Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcək.

“Ermənistan sakit şəkildə, mübahisəsiz və əsəbi müzakirələr olmadan Aİİ çərçivəsində işini davam etdirəcək. Bu istiqamətdə ölkəmizin hələ istifadə olunmamış potensialı var və biz bundan yararlanacağıq”, – deyə o bildirib.

Baş nazirin açıqlaması Ermənistanın həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməyə çalışdığı bir dövrdə səslənib.

Mövsüm,

AzNews.az