- Siyasi müzakirə
- 21 Oktyabr 21:43
- 2 283
“Rusiya ilə razılıq yalnız Ukraynanın qələbəsi ilə mümkündür” - Aytən Qurbanova

“Düşünürəm ki, Trampın bu mövqeyi daha çox qısa müddət ərzində müharibəni dayandırmaq hədəfinə əsaslanır. Bu prizmdən baxdıqda, Zelenski ilə görüşdə və Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək məqsədilə atdığı addımlara münasibətdə nümayiş etdirdiyi qeyri-adekvat mövqe təəccüb doğurmur. Amma Putinin şərtlərində hər hansı dəyişiklik olmadığını nəzərə aldıqda, növbəti Putin–Tramp görüşünün heç bir real nəticə verməyəcəyini ehtimal etmək çətin deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, “The Bloomberg” xəbər verir ki, Avropa İttifaqı Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərini istifadə etməyi planlaşdırır, lakin ABŞ bu təşəbbüsə qoşulmaq istəmir. Vaşinqton rəsmiləri mövqelərini avropalı həmkarlarına çatdırıblar. Qərarın Trampın Putinlə planlanan görüşü ilə bağlı olduğu bildirilir. Bundan əlavə, Tramp Ukrayna prezidentini görüşdən sonra Ağ Evdən “Tomahawk” raketləri vermədən geri göndərib.
Siyasi şərhçi qeyd edib ki, Trampın bu görüş vasitəsilə müharibəni dayandırmaq hədəfi həm reallıqdan uzaqdır, həm də Ukraynanın hərbi və diplomatik mövqeyini ciddi şəkildə zəiflədə bilər.
"Nəticə etibarilə, Ağ Evin Ukraynaya hərbi və maliyyə yardımlarını məhdudlaşdıran yanaşmaları müharibənin gələcəyi ilə bağlı bədbin ssenarilərin reallaşması ehtimalını artırır. Çünki əsas hədəfi işğalı legitimləşdirmək olan Rusiya ilə danışıqlar vasitəsilə hər hansı razılığın əldə edilməsi hələ də geniş müzakirələrə səbəb olan əsas məsələ olaraq qalır. Deməli, danışıqları mümkün edəcək əsas addım yalnız hərbi cəbhədə güclü dəstəklənən Ukraynanın qələbəsi ola bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az