Kamran Əliyev Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə görüşüb

Baş prokuror Kamran Əliyev beynəlxalq tərəfdaşlarla hüquq sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliya Federativ Respublikasına rəsmi səfər səfər çərçivəsində Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə ikitərəfli görüşlər keçirib.

Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet ilə keçirilmiş görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə olunub.

Görüşdə, həmçinin, Baş prokuror AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində göstərilmiş səmərəli əməkdaşlığa görə qarşı tərəfə təşəkkür edib.

Portuqaliya Respublikasının Baş prokuroru Amadeu Quera ilə keçirilmiş görüşdə Baş prokuror Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını qeyd edib və bu sahədə Portuqaliyanın müsbət təcrübəsinin öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib.

Öz növbəsində Baş prokuror Amadeu Quera Ministério Público (İctimai Prokurorluq) və MENAC (Korrupsiyaya Qarşı Milli Mexanizm) barədə məlumat verərək, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin və cinayətlərin bütün təzahürlərinə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayaraq, qeyd olunan sahələr üzrə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinə maraq göstərib.

İspaniya Krallığının Baş prokuroru Alvaro Qarsia Ortiz ilə keçirilmiş görüşdə cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də konkret cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə edilib.

Səfər çərçivəsində Çin, Rusiya, Paraqvay və digər ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçirilib.

Qarşılıqlı anlayış və etimad əsasında keçirilən görüşlər zamanı tərəflər qurumlararası əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsini müzakirə ediblər.

Görüşlərdə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfirinin müşaviri Rafiq Rüstəmov da iştirak edib.

Nümayəndə heyətinin Braziliyaya səfəri başa çatıb.