Qadın sərnişinlər üçün xüsusi taksi xidməti təklifi reallaşa bilərmi? - AÇIQLAMA

“Bilirsiniz, ölkəmizdə taksi fəaliyyəti ilə bağlı qadın sürücülərin sayının artırılması barədə təkliflər səslənir, lakin bu, hazırkı şəraitdə real görünmür. Əlbəttə, qadınların taksi sürücüsü kimi fəaliyyət göstərməsi mümkündür, amma bu mövzuda cinsi ayrı-seçkiliyə yol vermək doğru olmaz. Çünki biz sivil bir dövlətdə yaşayırıq və hər kəsin bərabər hüquqları var. Təbii ki, qadın sürücülərin fəaliyyət göstərməsi müəyyən rahatlıq da yarada bilər. Məsələn, qadın sərnişinlər özlərini daha güvənli hiss edə bilərlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.

Xatırladaq ki, Azərbaycanda son illər taksi xidmətlərinə marağın artması bu sahədə yeni təşəbbüslərin meydana çıxmasına səbəb olub. Təhlükəsizlik və komfort baxımından qadın sərnişinlər üçün nəzərdə tutulan, yalnız qadın sürücülərin çalışacağı xüsusi taksi xidməti ideyası da bu kontekstdə diqqət mərkəzinə gəlib.

Ekspertin sözlərinə görə, xüsusilə dini inancları və ya təhlükəsizlik amillərini ön planda tutan insanlar üçün bu təşəbbüs müsbət addım kimi qiymətləndirilə bilər.

"Lakin yaxın gələcəkdə bu istiqamətdə ciddi bir tədbirin görüləcəyini düşünmürəm. Ola bilər ki, gələcəkdə müəyyən addımlar atılsın, amma indiki mərhələdə bu təşəbbüs real təsir bağışlamır. Çünki hər bir vətəndaşın avtomobil idarə etmək və istənilən peşədə çalışmaq hüququ var. Qadın və kişi sürücülərin eyni imkanlara malik olduğu bir cəmiyyətdə bu sahədə ayrıca fərqləndirməyə ehtiyac yoxdur".

Rəfiqə Namazəliyeva,

AzNews.az