Kölgə iqtisadiyyatının leqallaşdırılması sosial mənzil üçün əlavə maliyyə mənbəyi yaradıb - Mikayıl Cabbarov

Azərbaycanda qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sosial müdafiə sisteminin genişlənməsinə və mənzil problemlərinin həlli üçün əlavə maliyyə mənbəyinin formalaşmasına imkan verib.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hökumətlər bir tərəfdən qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı kölgə iqtisadiyyatını azaltmağa, digər tərəfdən isə bu problemin həlli üçün maliyyə resursları yaratmağa çalışırlar.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanda 2019-cu ildə başlayan və 2025-ci ilə qədər davam edən hədəfli islahat çərçivəsində qeyri-rəsmi məşğulluğun leqallaşdırılması həyata keçirilib.

Onun sözlərinə görə, əvvəllər nağd şəkildə əməkhaqqı alan və sosial müdafiə sistemindən kənarda qalan şəxslər sonradan sosial sığorta sisteminə cəlb olunub. Bu proses nəticəsində daxilolmalar artıb və həmin vəsaitlərin bir hissəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil təminatına yönəldilib.

Nazir bildirib ki, aparılan fiskal islahatlar nəticəsində məşğulluğun leqallaşdırılmasından əldə olunan büdcə gəlirləri real ifadədə üç dəfədən çox artıb.

Mikayıl Cabbarov vurğulayıb ki, bu yanaşma həm icmaların dəstəyini qazanmağa, həm də sosial ehtiyacların maliyyələşdirilməsi üçün dayanıqlı mənbə yaratmağa imkan verib.