- Müşahidə məntəqəsi
- 23 Oktyabr 20:59
- 1 860
“Peşə təhsili əmək bazarının tələblərinə daha çevik uyğunlaşır” - Məzahir Məmmədli

“Yəni, son vaxtlar peşə məktəblərinə diqqətin artmasının həm də əmək bazarı ilə birbaşa əlaqəsi var. Çünki bilirsiniz ki, ali təhsil müəssisəsini və ya kollec bitirərək müəyyən ixtisas alan, lakin əmək bazarında özünə yer tapa bilməyənlərin sayı çoxdur. Ancaq peşə məktəblərinin məzunlarının əksəriyyəti artıq elə təhsil aldıqları müəssisə vasitəsilə iş tapa bilirlər. Hazırda xüsusilə aqronomiya və kənd təsərrüfatı ilə bağlı ixtisaslara ciddi tələbat yaranıb. Hətta bəzi ixtisaslarda beynəlxalq sertifikat verildiyi üçün təhsil haqqı bəzən ali təhsil müəssisələrindən daha yüksək olur. Məsələn, birillik 5000 manat ödənişlə oxuyaraq beynəlxalq səviyyəli sertifikat almaq mümkündür. Bu, xüsusilə informasiya texnologiyaları (İT) sahəsində ixtisaslaşmaq istəyənlər üçün cəlbedici haldır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, son illər Azərbaycanda peşə təhsilinə maraq artıb. Məktəblər müasir avadanlıq və laboratoriyalarla təchiz olunub, bəzi ixtisaslarda subbakalavr dərəcəsi və beynəlxalq sertifikatlar verilir. Bu, gənclərin həm praktiki bacarıqlar qazanmasına, həm də əmək bazarında iş tapmaq imkanlarını artırmasına şərait yaradır.
Ekspert qeyd edib ki, bu amil son illərdə peşə təhsilinə marağın artmasında mühüm rol oynayıb.
"Artıq mediada da tez-tez belə hallara rast gəlinir ki, yaşı 50-ni və hətta 70-i keçmiş insanlar belə peşə təhsili almağa maraq göstərirlər. Bütün bunlar əmək bazarının tələblərindən irəli gəlir. Eyni zamanda, yüksək peşə təhsili alanlara subbakalavr dərəcəsinin verilməsi nəzərdə tutulub. Bu da gənclərə gələcəkdə ali təhsilə imtahansız qəbul olmaq imkanı yaradır. Ümumilikdə, ölkə üzrə yeni qurulan peşə məktəblərinin əksəriyyətində baza yenilənib — köhnə strukturlar ləğv olunub, müasir laboratoriyalar, tədris avadanlıqları və praktiki məşğələlər üçün lazımi şərait yaradılıb. Nəticə etibarilə, gənclər arasında belə bir inam formalaşıb ki, peşə məktəblərini bitirdikdən sonra əmək bazarında işlə təmin olunmaq daha asandır. Buna görə də peşə təhsilinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb".
Rəfiqə Namazəliyeva,
AzNews.az