Mədəniyyət və sivilizasiyadan uzaq yerlərdə psixologiya - Psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə

AzNews.az olaraq psixoterapevt Dilbər Bəhmənli ilə müasir insanın stres dolu şəhər həyatından fərqli olaraq, qəbilələrin və sivilizasiyadan uzaq icmaların psixoloji dünyası barədə müsahibə etdik. Bu müsahibədə o, təbiətlə harmoniyada yaşayan insanların kollektiv dəstək mexanizmlərini, miflərin və inancların ruh sağlamlığına təsirini, onların öyrənmə və ünsiyyət formalarının özəlliklərini açıqladı. Eyni zamanda müasir psixologiyanın qəbilələrdən öyrənə biləcəyi dəyərlərə diqqət çəkdi.

– Müasir psixologiya, adətən, şəhər həyatına, stressə və müasir insanın problemlərinə yönəlir. Amma qəbilələrdə, sivilizasiyadan uzaq yerlərdə yaşayan insanların psixologiyası necədir?

Əslində, psixologiya insan davranışını, hisslərini və düşüncələrini öyrənən elm olduğuna görə, bu, yalnız şəhər insanına aid deyil. Qəbilələrdə yaşayan insanların psixologiyası daha çox təbiətlə uyğunlaşma, bir-birinə bağlılıq və ənənələr üzərində qurulub. Onlarda “Mən”dən çox “Biz” anlayışı güclüdür. Yəni insan özünü yalnız fərd kimi deyil, qəbilənin bir hissəsi kimi görür.

Qəbilələrdə “Psixoterapiya” necə olur?
– Onların gündəlik həyatında psixoloji yanaşma necə formalaşır?

Biz müasir insanlar problemlərimizi psixoloqla danışırıq. Qəbilələrdə isə emosional dəstək daha çox icma yığıncaqlarında, kollektiv rituallarda, rəqslərdə və mahnılarda təmin olunur. Əslində, bu, bir növ qrup psixoterapiyasına bənzəyir. Stress və gərginlik isə təbiətə yaxınlıq, fiziki fəaliyyət və gündəlik həyat tərzi ilə azaldılır.

– Deməli, onların psixoloji sağlamlığı daha güclüdür?
Bəli və xeyr. Onlar depressiya və təşviş kimi pozuntuları bizdən daha az yaşayırlar. Çünki həyat tərzləri sadədir, texnologiyanın gətirdiyi informasiya yükü yoxdur. Amma digər tərəfdən qorxu, miflər və tabu onların həyatında mühüm yer tutur. “Ruhların qəzəbi” inancı o qədər güclü ola bilər ki, insan sırf psixoloji təsirdən xəstələnir. Yəni onların dünyasında inam və miflər müasir tibbin gördüyü işin bir hissəsini əvəz edir.

– Bəs öyrənmə və yaddaş mexanizmləri necə inkişaf edir?
Biz kitablarla öyrənirik, onlar isə hekayələrlə, nağıllarla və ritual təcrübələrlə. Bu səbəbdən yaddaşları çox güclü olur. Çünki öyrəndikləri hər şey emosional təcrübə ilə bağlıdır. Uşaqlar valideynlərini müşahidə edərək gündəlik həyat bacarıqlarını və qəbilənin qaydalarını öyrənirlər. Bu da sosial öyrənmənin ən təbii formasıdır.

– Nitq və ünsiyyət baxımından hansı fərqlər var?
Onların dili bəzən sadə görünür, amma simvollar, miflər və işarələrlə zəngindir. Bizim üçün bir cümləlik ifadə onlar üçün bütöv bir həyat təcrübəsini bildirə bilər. Üstəlik jestlər, mimikalar və bədən dili də əsas ünsiyyət vasitələrindən biridir. Yəni ünsiyyət yalnız sözlərlə deyil, həm də bütün bədənlə həyata keçirilir.

– Müasir psixologiya qəbilələrdən nə öyrənə bilər?
Onlardan öyrənəcəyimiz çox şey var. Birincisi, kollektiv dəstəyin gücü. İkincisi, sadə həyat tərzinin psixoloji rahatlıq yaratması. Üçüncüsü, təbiətlə harmoniyanın insana verdiyi daxili balans. Biz çox vaxt “Daha çox istehsal, daha çox məlumat” dalğasında yaşayırıq. Onlar isə “Daha çox birlik, daha çox harmoniya” ilə yaşayırlar. Bu da bizə insan ruhunun əsas ehtiyaclarını xatırladır: Qəbul olunmaq, aid olmaq və sadəcə yaşamaq.

– Belə çıxır ki, qəbilələr sivilizasiyadan uzaq olsa da, ruhən daha sağlam ola bilirlər?
Onların həyatında texnologiya, sosial media, müasir stress faktoru yoxdur. Amma, bu, onları mütləq “Xoşbəxt” edir demək deyil. Sadəcə, onların psixoloji dünyası daha sadə, daha kollektiv və daha çox təbiətlə bağlıdır. Bizim psixologiyamız fərdiyyətçilik üzərində qurulub, onlarınki isə kollektivçilik. Hər iki modelin öz üstünlükləri və zəif tərəfləri var.

Nuray,

AzNews.az