“İran rejimi qonşularını özünə düşmən etməklə ölkəni çətin dövrə aparır” – Ədalət Verdiyev

"Biz İran Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi açıqlamaların çox zaman sağlam məntiqə uyğun olmadığını müşahidə edirik. Bu da əsasən onunla bağlıdır ki, İranın bir çox dövlət strukturları, o cümlədən silahlı qüvvələrinin baş qərargahı SEPAH-ın çox ağır təzyiqi altında fəaliyyət göstərir. Silah müəyyən hədəfdən yayınma əmsalına malikdir. Müasir silahlarda bu, bəzən 5–10 metrə qədər azalır. Amma əvvəlki ballistik raketlərdə bu yayınmanın bəzən kilometrlərlə olduğunun şahidi olmuşuq. Nəzərə alsaq ki, İran silahları o qədər də yüksək dəqiqliyə malik deyil, o zaman hədəfdən 1 kilometrə qədər yayınmanın mümkün olduğunu deyə bilərik. Amma burada söhbət ondan gedir ki, Türkiyə ərazisində atılan raket iki ölkənin üzərindən keçərək Hakkari vilayətində vurulub və ora düşüb".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, Türkiyə ərazisində İrana məxsus ballistik raket vurulub. Raketin İran tərəfindən buraxıldığı təsdiqlənsə də, onun hədəfinin Türkiyə olmadığı bildirilib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı açıqlamada Türkiyə istiqamətinə raket buraxılmadığını bəyan edib. Məlumata görə, raket əvvəlcə başqa istiqamətə yönəldilsə də, sonradan trayektoriyasını dəyişərək Türkiyə ərazisinə daxil olub.

Ekspert qeyd edib ki, başqa sözlə desək, İran tərəfinin verdiyi açıqlamalar sağlam məntiqə uyğun deyil.

"Çünki biz İran tərəfinin daha əvvəl heç bir halda münaqişəyə müdaxilə etməyən, İrana qarşı heç bir addım atmayan Azərbaycan ərazilərinə dron zərbələri endirdiyinin şahidi olmuşuq. Birləşmiş Ərəb Əmirlikləri, Oman və digər körfəz ölkələri də bu gün İran raketləri ilə atəşə tutulur ki, bütün bunların da hədəfi münaqişənin miqyasını genişləndirməkdən ibarətdir. Başqa sözlə desək, bu gün İranda mövcud olan rejim bütün qonşuları özünə düşmən etməklə postmüharibə dövrü üçün İran xalqına çox əzablı və keşməkeşli günlər hazırlayır. Bu prosesin qarşısını almaq üçün İran xalqı mövcud hakimiyyətin dəyişdirilməsinə nail olmalıdır. Əks halda, bu hakimiyyət onsuz da devriləcək, İran xalqı isə bu hakimiyyətin səhvlərinə görə tətbiq olunan məhdudiyyətləri həzm etməli olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az