Ayətullah Amuliyə bircə kəlimə sözüm var: Nakişi idin, kişi ol!

Azərbaycan cəmiyyəti Amulini bir balaca xatırlayır, yəqin.

Ərdəbildə gurultulu çıxışlar edər, Azərbaycana qarşı sərt və təhqiramiz ifadələr işlədərdi.

Təzəcə bilmişəm, sən demə ayətullah imiş. Əgər o ayətullahdırsa, mən də Yuri Qaqarinəm.

Amma İslam tarixini də ondan qətiyyən az bilmirəm!

Baza ixtisasım fəlsəfə tarixidir, əlavə ali təhsilim hüquq. 18 yaşından jurnalistika ilə məşğulam. Nə gizlədim, 50-ə varan ömrümdə onun qədər özünü biclikdən gicliyə, giclikdən bicliyə vuran birini görməmişəm.

İnanın, ABŞ və İsrail ağası Xəmneyini, bizim Gəloxçular demiş, “o bırı tərəfə” göndərəndən gözüm onu axtarır.

Yoxa çıxıb!

Dünənə qədər minbərdən qəzəb püskürən tipin nə cınqırı çıxır, nə özü ortalıqda görünür!

Yox, canım, ayətullah SEPAH komandiri deyil ki, çadraya bürünüb arvad paltarında bunkerdən-bunkerə qaçsın.

Cəddi özünə qənim olsun, Amuli elə şey eləməz.

Bəs, hanı?

Məncə, Amuli bu aralar inzivaya çəkilib kişilik fəlsəfəsi üzərində düşünür.

Bəli, kişi olmaq minbərdə qışqırmaqla, asıb-kəsməklə ölçülmür. Kişilik bir az ayrı fəlsəfədir.

Siyasi sifarişlə ucuz təxribat törətmək deyil.

Amulinin çıxışları Azərbaycan cəmiyyətində heç zaman ciddi qəbul olunmayıb.

Tam səmimi deyirəm, özümü nə qədər məcbur edirəm, bu adama nifrət edə bilmirəm, nədə olsa Səfəvilərin mədfənində vəzifə başındadır. Bu ölçü vahidimə görə dərhal özümə təşəkkür elan edərək qayıdıram Amuliyə.

Dünən Azərbaycan haqqında hökm verirdin, yadındamı?

Özünü güclü zənn edirdin, xatırlayırsanmı?

Bir dırnağı sənin kimi Azərbaycan idelana xəyanət edənlərin yüz minindən daha dəyərli olan İlham Əliyevə səslənirdin, unutmamasın ki?

İndi də mən Sizə- ikinci şəxsin cəmində nəzakət xatirinə deyirəm, qədrini bil- səslənirəm, NAKİŞİ İDİN, KİŞİ OL!

Yanıldığını, küyə getdiyini, qəbahətini etiraf et.

Rəhmətlik Heydər Əliyev demiş, MÖVQEYİNİ BİLDİR!

Tök o şeytanın daşını ətəyindən, vaxtında, gec olmadan Güney Azərbaycandakı soydaşlarımızın yanında ol.

Bunu səndən rica da etmirik, tələb də etmirik, seçimi özünə buraxaraq yazırıq:

Arayik, Qukasyan, Vardanyan kimi Bakıda hakim qarşısına çıxmaq istəmirsənsə, xalqın tövbə qapısı açıqdır.

Nə deyir, Qurani-Kərim “Tövbə” surəsində?

Deyir ki: DOĞRULARLA BƏRABƏR OLUN!

Doğru olan Azərbaycandır, xalqdır, haqqdır!

Əbu Sufyan Uhud və Xəndək savaşlarında müşriklərin önündə idi, Məkkənin fəthindən sonra müsəlman oldu.

Bizim Məkkəmiz də, Mədinəmiz də, Kərbalamız da Təbrizdir, sən Əbu Sufyan olma, fəthi gözləmə!

Nakişi idin, kişi ol!

Taleh ŞAHSUVARLI