- Siyasi müzakirə
- 23 Oktyabr 20:47
- 2 100
“Bu gün Ermənistanda avantürist qüvvələr xalq arasında yenidən nifaq saxlamağa çalışır” - Azad Məsiyev

“Hazırda erməni cəmiyyətində ciddi təlatüm yaşanır. Bildiyiniz kimi, orada iki əsas siyasi xətt formalaşıb. Cəmiyyətin bir qismi Ermənistanın gələcək taleyini Rusiya yönümlü kursda görürsə, digər hissə Qərbin, xüsusən də Amerikanın himayəsi altında Qərbyönümlü siyasəti dəstəkləyir. Hər iki istiqamət, əslində, erməni xalqının deyil, xarici qüvvələrin maraqlarına xidmət edir. Tarix göstərir ki, erməni xalqı daim böyük dövlətlərin təsir dairəsində alətə çevrilib və bu siyasət nəticəsində bugünkü Ermənistan dövləti formalaşıb. Çar Rusiyası dövründən başlayaraq, SSRİ və Rusiyanın ilk prezidenti Boris Yeltsinin hakimiyyəti illərində ermənilər məhz Rusiyanın himayəsi altında mövcudluğunu qoruyub və dövlət quruluşunu bu siyasət üzərində formalaşdırıblar. Bu gün Ermənistan cəmiyyətində müşahidə olunan siyasi qarışıqlıq da ölkənin suverenliyinə deyil, xarici güclərin maraqlarına xidmət edən prosesdir. Köçəryan və Sərkisyan kimi fiqurlar da bu mühitin məhsuludur. Bəzi ekspertlər onları “Rusiyanın adamları” kimi təqdim etsələr də, reallıqda vəziyyət bir qədər fərqlidir. Bu gün Paşinyanı dəstəkləyən Qərb və Amerika dairələri, o cümlədən “Soros” kimi fondlar, əslində, Köçəryan və Sərkisyan dövründə Ermənistanda fəaliyyətə başlamışdılar”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Köçəryan və Sərkisyanın revanşist baxışları Ermənistanın keçmişdə apardığı yanlış siyasətin davamıdır. Onlar 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etmir, sülh və sabitlik əvəzinə qarşıdurmanı canlandırmağa çalışırlar. “İtirilən torpaqlar” və “qisas” kimi populist çağırışlarla radikal dairələri gücləndirir, Qarabağ ermənilərini və kilsə institutunu siyasi məqsədlərinə alət edirlər. Beləliklə, reallıqdan uzaq xətti davam etdirərək Ermənistanın gələcəyini riskə atırlar.
Siyasi şərhçinin sözlərinə görə, həmin illərdə Qərb təsirində olan təşkilatların fəaliyyəti nəticəsində qərbyönlü kadrların formalaşması prosesi aparılıb və məhz bu siyasətin davamı olaraq Paşinyanın hakimiyyətə gəlişi mümkün olub.
"Əgər Köçəryan və Sərkisyan tam şəkildə Rusiyanın kadrları olsaydı, Qərb fondlarının o illərdə Ermənistanda rahat fəaliyyət göstərməsi mümkün olmazdı. Bu şəxslər həmçinin erməni kilsəsinin himayəsi və beynəlxalq erməni diasporasının dəstəyi ilə formalaşmış siyasi fiqurlardır. Sadəcə olaraq, bu gün Ermənistanda yaranmış xaotik vəziyyətdən istifadə edərək yenidən gündəmə gəlmək, siyasi arenaya qayıtmaq istəyirlər. Əgər Köçəryan və Sərkisyan kimi şəxslər yenidən hakimiyyətə gələrsə, bu, Ermənistanla Azərbaycan arasında sülh prosesinin dayanmasına gətirib çıxaracaq. Onların revanşist mövqeyi bir daha Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirə bilər. Belə halda, Azərbaycan da öz tarixi torpaqları — Göyçə və Zəngəzur kimi bölgələrə dair mövqeyini yenidən vurğulamaq məcburiyyətində qala bilər. Bu gün Ermənistanda avantürist qüvvələr xalq arasında yenidən nifaq salmağa, vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Lakin bu, ən böyük zərəri elə erməni xalqının özünə vuracaq. Çünki bugünkü Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb. Buna baxmayaraq, Azərbaycan reallıqları nəzərə alaraq qonşuluq və dinc yanaşı yaşama prinsipinə sadiqdir. Azərbaycan tərəfi Ermənistanı da məhz bu prinsipə əməl etməyə, düşmənçilikdən əl çəkərək sülhə yönəlməyə çağırır. Ermənistan xalqı reallığı qəbul edib Azərbaycan torpaqlarına olan iddialardan imtina etməli, normal qonşuluq münasibətlərinə üstünlük verməlidir. Azərbaycan qalib dövlətdir və həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Ermənistandan qat-qat güclüdür. Buna baxmayaraq, Prezident İlham Əliyev sülh təşəbbüslərini davam etdirir, regionda sabitliyin və qarşılıqlı etimadın bərpası üçün ardıcıl addımlar atır. Məsələn, dövlət başçısının Qazaxıstan səfəri zamanı verdiyi bəyanatda Qazaxıstan taxılının Ermənistan ərazisinə Azərbaycan üzərindən tranzit daşınmasına icazə verilməsi — Ermənistan xalqına yönəlmiş xoşməramlı bir jest idi. Əgər Ermənistan rəhbərliyi bu xoş niyyəti düzgün qiymətləndirməsə və yenidən Köçəryan-Sərkisyan kimi avantürist qüvvələrə dəstək verərsə, bu, onların növbəti dəfə dalana dirənməsi ilə nəticələnəcək. Nəticə etibarilə, Ermənistan həm siyasi, həm iqtisadi, həm də suverenlik baxımından daha dərin böhrana düşə bilər. Bu baxımdan, Köçəryan və Sərkisyan kimi şəxslərin yenidən siyasi səhnəyə qayıtmaq cəhdləri nə Ermənistanın, nə də erməni xalqının maraqlarına xidmət edir. Bu, sadəcə şəxsi ambisiyaların və revanşist niyyətlərin nəticəsidir. Əgər bu siyasət yenidən güc qazanarsa, bundan ən çox zərər çəkən tərəf yenə Ermənistanın özü olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az