“Bakı–Tallin xətti regionda balanslı siyasətin ifadəsidir” - Elçin Mirzəbəyli

“Azərbaycanla Estoniya arasında diplomatik münasibətlərin yeni mərhələyə keçməsi təkcə iki ölkə arasındakı əməkdaşlığın genişlənməsi baxımından deyil, həm də regionda formalaşan geosiyasi dinamikalar kontekstində əhəmiyyət kəsb edir. Xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında keçirilən görüş, bu istiqamətdə atılmış növbəti mühüm addımdır. Tərəflərin siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsinə dair niyyətləri, xüsusilə rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və təhsil kimi strateji sahələrdə əməkdaşlıq təşəbbüsləri, Azərbaycanın Cənubi Qafqazda modernləşmə və dayanıqlı inkişaf xəttini gücləndirir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyalı həmkarı Marqus Tsahkna ilə görüşüb. Tərəflər siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin və parlamentlərarası təmasların artırılması məsələlərini müzakirə ediblər. Rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və təhsil sahələrində birgə layihələrin əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri barədə məlumat verilib.

Deputat qeyd edib ki, Estoniya Baltik regionunda kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində aparıcı ölkələrdən biridir.

"Bu təcrübənin Azərbaycana transferi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin həyata keçirilməsində mühüm rol oynaya bilər. Azərbaycanın həmin ərazilərdə qurduğu yeni idarəetmə modeli şəffaflıq, rəqəmsallaşma və ekoloji davamlılıq prinsiplərinə əsaslanır. Beləliklə, Estoniya ilə əməkdaşlıq Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yenilənmə konsepsiyasına uyğun gəlir və “Böyük Qayıdış” proqramının müasir texnoloji bazada gerçəkləşməsinə töhfə verir. Digər tərəfdən, Estoniyanın NATO üzvü olması, təhlükəsizlik sahəsində birbaşa hərbi əməkdaşlıqdan çox, daha çox təcrübə və institusional əməkdaşlıq istiqamətində yeni imkanlar açır. Azərbaycan NATO ilə tərəfdaşlıq münasibətlərinə malik olsa da, bu əlaqələri milli maraqlar və regional reallıqlar kontekstində idarə edir. Estoniya ilə bu çərçivədə aparılacaq dialoq, Azərbaycan üçün həm Qərbin təhlükəsizlik arxitekturasını yaxından öyrənmək, həm də öz müstəqil müdafiə konsepsiyasını möhkəmləndirmək baxımından dəyərlidir. Siyasi dialoqun intensivləşməsi həm də Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə keçməsini təşviq edə bilər. Estoniya, kiçik dövlət olmasına baxmayaraq, Avropa siyasətində fəal mövqeyə malikdir və Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıdır. Bu baxımdan, Bakı-Tallin xətti həm diplomatik, həm də strateji səviyyədə regionda balanslı və çoxvektorlu siyasətin praktik ifadəsi kimi çıxış edir. Nəticə etibarilə, Azərbaycan-Estoniya münasibətləri təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də Azərbaycanın yeni dövr geosiyasətindəki çevik və praqmatik mövqeyinin göstəricisidir. Bu əlaqələr Azərbaycanın beynəlxalq sistemdə etibarlı tərəfdaş, innovativ inkişaf modelinə sahib və regional sabitliyə töhfə verən aktor kimi nüfuzunu daha da möhkəmləndirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az