“Hakim ‘Gürcü Arzusu’ partiyası Qərbdən uzaqlaşır” -Elçin Xalidbəyli

“Son illərdə Avropa Birliyi və Gürcüstan arasında kəskin ziddiyyətlər müşahidə olunur. Xüsusilə də hakim “Gürcü Arzusu” partiyasının Avropa Birliyi ilə inteqrasiya kursundan uzaqlaşması Qərbdə ciddi narazılıqlara səbəb olub. Buna görə də son vaxtlar Gürcüstan hakimiyyətinə qarşı tənqidlər ən yüksək həddə çatıb. Eyni zamanda, Gürcüstan daxilində də hakim “Gürcü Arzusu” partiyasına qarşı etirazlar artmaqdadır. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Gürcüstan cəmiyyəti qərbə inteqrasiya siyasətinin tərəfdarı kimi çıxış edir. Halbuki hakim partiya bu istiqamətdən mümkün qədər uzaqlaşmağa çalışır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası bu gün Lüksemburqda keçiriləcək iclasda Gürcüstandakı vəziyyəti müzakirə edəcək. Qurumun rəsmi saytına görə, toplantıda oktyabrın 4-də keçirilən bələdiyyə seçkiləri və ölkədəki demokratik geriləmə barədə məlumat təqdim olunacaq. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə keçiriləcək iclasda həmçinin Yaxın Şərqdəki vəziyyət və Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı son hadisələr də müzakirə olunacaq.

Siyasi şərhçinin fikrincə, bu baxımdan demək olar ki, Gürcüstanın Qərblə, xüsusilə də Avropa strukturları ilə münasibətlərindəki gərginlik hələ bir müddət davam edəcək.

"Böyük ehtimalla, “Gürcü Arzusu” partiyası hakimiyyətdə qaldıqca, bu ziddiyyətlər daha da dərinləşəcək. Yaxın gələcəkdə Gürcüstanla Avropa Birliyi arasında normal münasibətlərin formalaşması ehtimalı az görünür. Avropa strukturları, yəqin ki, hakim partiyanın həyata keçirdiyi siyasəti nəzərə alaraq, Gürcüstanı demokratiyadan geri çəkilməkdə ittiham etməyə davam edəcək. Bu yanaşma bəzən qərəzli təsir bağışlasa da, müşahidələr göstərir ki, Gürcüstan hakimiyyəti müəyyən mənada insanların sərbəst mövqe ifadə etmək imkanlarını məhdudlaşdırmağa çalışır. Bu siyasətin Gürcüstan üçün müəyyən mənfi nəticələri ola bilər. Belə nəticələr arasında Qərblə ziddiyyətlərin dərinləşməsi fonunda həm maliyyə, həm də siyasi dəstəyin dayandırılması kimi təzyiq addımları da istisna olunmur".

Rəfiqə Namazəliyeva,

AzNews.az