Mirmehdi Ağaoğlu Mirmehdi Ağaoğlu

“Xələf” və “sələf” sözlərini necə yadda saxlamalı?

Mirmehdi Ağaoğlu

Dilimizdə elə sözlər var ki, ilk baxışdan asan görünsə də, düzgün yazılışını və ya mənasını anlamaqda çox vaxt çətinlik çəkirik. Belə sözlərdən biri də “xələf”-“sələf” sözləridir. Çox az adam tapılar, bu sözləri işlədərkən səhvə yol verməsin.

“Xələf-sələf” sözləri “Meymunu xatırlama” rəvayətində olduğu kimi, yanaşı gələndə mütləq çaşdırır, mənasını bilsən də, bir anlıq şübhəyə düşürsən ki, bəlkə mən səhv edirəm.

Gəlin, əvvəlcə ərəb mənşəli bu sözlərin mənasını öyrənək:

“Xələf” - sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam, övlad, varis deməkdir.

“Sələf” - hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış adama deyilir (Məlumatlar azerdict.com saytından götürülüb).

Bəs, bu sözləri necə yadda saxlamalı?

Facebookda qısa sorğu zamanı məlum oldu ki, bu sözləri yadda saxlamaq üçün müxtəlif metodlardan istifadə edirlər.

“Xələf” sözünü davamçı, sonra gələn mənasına gələn “xəlifə” sözünə görə yadda saxlayanlar var.

"Naxələf" (pis övlad, zidd gedən övlad) ifadəsiylə yadında saxlayanlar da çoxdur.

“Əziz-xələf” ifadəsinə görə “xələf-sələf”i yadda saxlayanlar çoxluq təşkil edir. “Əziz-xələf” “əziz övladım”, “əziz davamçım” deməkdir.

“Xələf-sələf”i yadda saxlamaq üçün məsəllər, bədii nümunələr də köməyimizə gələ bilər. Məsələn: "Sələf bağ salmışdı, xələf dağ çəkdi."

Yəqin orta məktəbdə sizə də Füzulinin “Leyli və Məcnun” poeamasından bəzi parçaları əzbərlədiblər. Leylinin atasının Məcnunun atasına cavabı yadınıdarmı?

Ey qovm içində bir xirədmənd!
Mən kimi əsiri-dami-fərzənd!
Müşgülcə xitabdır xitabın,
Bilməm, necə verəyim cavabın.
Qürbün, bilirəm, mənə şərəfdir,
Əmma xələfin əcəb xələfdir.
"Məcnun"-deyə tən edir xəlayiq
Məcnunə mənim qızım nə layiq?

Əgər peomadan bu parça yadınızdadırsa, o zaman “xələf”in mənasını bu şəkildə yadda saxlaya bilərsiniz.

Ancaq ən orijinal və spesfik yadda saxlama üsulu Xan Abdulla adlı Facebook istifadəçisinə məxsusdur. Onun sözlərinə görə, məktəb vaxtı Sevda adlı qız sevirmiş. Sevda ondan üç ay böyük olduğuna “S” hərfi böyük, “X” hərfi isə kiçik kimi onun yadında qalıb.

Siz də “xələf”lə “sələf”i dəyişik salanlardansınızsa, bu metodlardan birindən yararlana bilərsiniz.