Şüşə kimi şəffaf, heykəl kimi məğrur, qala kimi əzəmətli, heç vaxt dağılmayacaqmış kimi görünən münasibətlərin kökü həmişə boşluq qoxuyur. Şüşə kimi şəffaf, heykəl kimi məğrur, qala kimi əzəmətli, heç vaxt dağılmayacaqmış kimi görünən münasibətlərin kökü həmişə boşluq qoxuyur.

Ağac yarpaqlarla, insan insanla...

Şüşə kimi şəffaf, heykəl kimi məğrur, qala kimi əzəmətli, heç vaxt dağılmayacaqmış kimi görünən münasibətlərin kökü həmişə boşluq qoxuyur.

Bu qoxu elə sərt olur ki, özünü çürük dişin içində zənn edirsən. Baş fırlanır, göz qaralır, soyuq tər basır, ürəyin ritmi surətlənir, havan çatmır, boğulacağını fikirləşirsən. Bəzən elə düşünürsən ki, həmin şəxslərin arasında baş ütüblər, adam yandırıblar, dəhşətli iy o dərəcədə aləmi bürüyür! “Heç vaxt mübahisə etmirik, sözümüz çəp gəlmir” deyənləri “şirin nağıl”a qulaq asırmışcasına dinləyirik. Bu az deyilmiş kimi, əlimizə çəhrayı peşmək də tutuşdururlar ki, get üstündən bunu ye. Yeməsək əriyib tökülür, yesək onsuz da heç bir tutumu olmur. Bax, həmin münasibətlər də eynən belədir, nə havada qalır, nə ağızda, əriyir, yox olur gedir!

Ehtiras soyuyanda, hiss azalanda, duyğular öləziyəndə sözlər də tükənir. Çoxları bunu yaşayır, amma bədbəxtliyi görmək həmişə cəsarət istəyir! Bir dönəmdən sonra dartışma, münaqişə olmursa, deməli, ciddi problem var. Münasibətlər artıq deformasiyaya uğrayıb! Gözləntilər çoxdan aradan çıxıb. Məsuliyyət əli ilə gözlərini bağlayıb, özünü görməzliyə qoyub! Bəzən könül bulandıran, baş ağrıdan nə varsa çiy ət kimi çeynəyirik, ürəyimiz ağzımıza gəlsə də, nə irad bildirir, nə narazılıq edirik, gözümüzü sıxıb, yumruğumuzu düyünləyib, nəfəsimizi tutub uduruq!

Hirs, öfkə yığılıb qalaq-qalaq olur. Vaxtında dilə gətirilməyən sözlər bir müddət sonra əjdaha ağzından çıxan alov kimi od saçır, bircə dəfə açmaqla qarşıdakını yandırıb külə döndərir. Eşq bitir, hisslər buxarlanır, ancaq həmin “əzəmətli, məğrur, heç vaxt dağılmayacaqmış kimi görünən münasibətlər”dəki tərəflər arxasını çevirib getmir.

Çoxumuz beləyik, beynimizi zəli kimi gəmirən insanlardan qurtulmaq istəmirik. Bəzən gərəksiz olmağına rəğmən göstərdiyimiz bu dözüm dəvələri xatırladır. Dəvələr üç həftə yemədən, içmədən, ac, susuz səhrada dayanmadan gedəcək qədər dözümlüdürlər! Lakin bu canlıların səhrada çox sevdikləri bir tikan var ki, gördükləri yerdəcə o tikanı qoparıb, çeynəməyə başlayırlar. Tikan dəvənin ağzında yaralar açır, o yaralardan qan axmağa başlayır. Duzlu qanın dadı tikanınkı ilə qarışdıqca, bu, dəvənin daha çox xoşuna gəlir. Beləcə, yedikcə qanayır, qanadıqca yeyir, heç cür öz qanına doya bilmir və əgər müdaxilə edilməsə, hədsiz qan itirdiyi üçün ölür. Biz də eynilə beləyik! Mazoxist kimi davranırıq. Özümüzü kəsirik, yandırırıq, ruhumuzu gərginliyə məruz qoyuruq, sanki yaşadığımız bu əzablardan ləzzət alırıq. Öz qanımızın dadından sərxoş oluruq!

Bax, beləcə duyğularımızı basdırırıq. Qışqırmaq lazım olanda susuruq! Rədd etmək əvəzinə susuruq! Hönkürmək istəyəndə susuruq! Ulamaq lazım olanda yenə susub, qaranlığa çəkilirik. İçimizə atdığımız səsin gücündən yer-göy lərzəyə gəlir! Bircə öz qulağımız o səsə kar olur. Bir gün danışmaq məqamı yetişir, amma dilimiz söz tutmur, səsimiz çıxmır, ağ ciyərlərimiz daş kəsilir, çənəmiz maqnit kimi bir-birinə yapışır!

Uğursuzluğu, məğlubiyyəti, haqsızlığı da udub içimizdə saxlayırıq. Hər kəlmə daxilimizə döşənmiş minaya çevrilir. Bir gün səbəb olanların yox, günahsızların ayağının altında partladırıq. Vaxt keçir, deyə bilmədiklərimiz içərimizdə qartlaşır, paslanır. Təkcə mənəvi yox, fiziki fəsadlar da özünü göstərməyə başlayır. Fikirdən beynimiz, dərddən ürəyimiz, stresdən mədəmiz, tarıma çəkilən əsəblərdən psixologiyamız çökür. Əbəs yerə “Divarı nəm, insanı qəm yıxar” deyilməyib! Dərd çəkə-çəkə, içindən yıxılır insan.

Susmaq bəzən dinclik, sakitlik gətirə bilər. Amma mütəmadi hala çevrilirsəsözlər dəmir parçası kimi çaxılır içinə, beləliklə, tükənmişlik başlayır. Qarşındakı ilə danışa bilməmək, beyini qurdalayan nə varsa ürəyin bir küncünə sığışdırmaq yavaş-yavaş sonu hazırlayır.

Gözlənilməz günlərin birində beynimizdəki qaranlıqla aydınlıq bərabərləşir. Duyğular mövsüm dəyişir, gur işıqlı günəşli günləri geridə qoyub, çiskinli, yağmurlu dönəmə keçid edir. Payıza bənzəyir, elədirmi? Hisslərin yoxa çıxması payız yarpaqlarını xatırladır! Yarpaqlar budağından, hisslər beyindən tək-tək özünü atır, intihar edir. Heç nə bitmir, hər şey yenilənir: ağac yarpaqlarla, insan insanla...

Nə yarpaqlar, nə də hisslər eyni olur. Payız demişkən...heç kimi, heç nəyi bu qədər gözləməmişdim! Səbrim tükənmişdi, hərdən Yer ətrafında qaçıb özüm ona çatdırmaqla bağlı xəyallar da qururdum. Nəhayət ki, özünü yetirdi! Ayaq altında xışıldayan xəzan, hərdən-hərdən əsərək üzə sığal çəkən meh, ruha yağışla birlikdə yağan hüzur insanı başqalaşdırır. Şüşə kimi şəffaf, heykəl kimi məğrur, qala kimi əzəmətli, heç vaxt dağılmayacaqmış kimi görünən münasibətlər belə mövsümlərin birində yarpaq yarpaq tökülür. Öncə yerdə xeyli sürünür, sonra torpağın üstündə dayanır. Gələn-gedən tapdayır. Əvvəlcə torpağa, sonra yoxmuş kimi heçliyə qarışır! Yedikcə qanadığımız, qanadıqca yediyimiz tikanlardan bax beləcə qurtuluruq. Yenisi ilə qarşılaşana qədər payızdan həzz almağa köklənirik!

Türkan TURAN/525.az/